Sabiq deputata hökm oxundu - 13 il həbs + Yenilənib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq deputat Dünyamin Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, hökmə əsasən, D.Xəlilovun əmlakı kredit təşkilatı olmayan "AqroKredit" ASC-yə, Beynəlxalq Banka və Vergilər Nazirliyinə mülki ziyanın ödəniliməsinə yönəldilib.

Mənsur Zeynalov 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

M.Zeynalov, F.Əmiraslanov və S.Seyfullayev 5 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs edilib. Ş.Musayevlə, R.Əsgərov, R.Əliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və onlara şərti cəza verilib.

***

12:30

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə D. Xəlilov son sözlə çıxış edib.

O deyib ki, ittihamlar əsassızdır: "2007-2008-ci ildə Beynəlxalq Bankın rəhbərliyi qərar vermişdi ki, xaricə investisiyalara yatırılsın. Götürdüyümüz pullara Albaniyada zavod, Türkiyədə istirahət mərkəzi tikilməli idi. Pullar bu layihələrə ayrılıb. Ayrılan maliyyə vəsaiti heç bir halda mənimsənilməyib. Bu pulları nə mən, nə də digər təqsirləndirilən şəxslər görüb. Çünki vəsait birbaşa transfer olunub. Diqqətinizə çatdırım ki, hələ 7 il öncə ayrılan pulların hara xərclənməsini araşdırmaq üçün ekspert qrupu yaradılıb, cinayət işi başlanıb. Onlar Albaniyada, Türkiyədə və Dubayda oldular, layihələrimizlə maraqlandılar. Yalnız bundan sonra cinayət işinə xitam verdilər. İndi necə olur ki, yenidən eyni ittihamla illər sonra cinayət işi açılır? Mənimsəmə necə ola bilər ki, biz görmədiyimiz pulu mənimsəyirik? Mən vergidən də yayınmamışam".

D. Xəlilov barəsində bəraət hökmünün çıxarılmasını istəyib və özünü təqsirli bilmədiyini deyib.

Bundan sonra hakimlər müşavirəyə yollanıb.

Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. "Globus Plaza"nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər.

AzNews.az