Mahmud Abbasa Azərbaycan İslam irsini əks etdirən ensiklopediya təqdim edildi

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dövlət başçılarının Fövqəladə Zirvə toplantısında iştirak üçün İstanbulda səfərdə olan Fələstin prezidenti Mahmud Abbas, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (IƏT Gənclər Forumu) sədri səfir Elşad İskəndərovun rəhbərlik etdiyi heyətlə görüşüb.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, görüş zamanı Fələstin dövlət başçısı Mahmud Abbas, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılmış İƏT Gənclər Forumunun müsəlman ölkələri gəncliyinin inkişafı və həmrəyliyinə yönəlmiş fəaliyyətlərini təqdir etdiyini qeyd edib.

O, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin dünən İstanbulda keçirilmiş İƏT fövqəladə Zirvə toplantısında Qüds məsələsi ilə bağlı nümayiş etdirdiyi ədalətli və cəsarətli mövqeyini də yüksək qitmətləndirdiyini bildirib.

Daha sonra Mahmud Abbas, İƏT Gənclər Forumunun Qüds şəhərini 2018-ci il üçün “İslam Dünyası Gəncik Paytaxtı” elan etməsi haqda qərarına və eyni adlı proqramın icrası üçün gələn ilə nəzərdə tutulmuş tədbirlər proqramına görə öz təşəkkürünü bildirib.

Görüş zamanı E.İskəndərov Fələstin dövlətinin başçısına Azərbaycan Prezidentinin İslam həmrəyliyi istiqamətindəki təşəbbüslərinə verilən yüksək qiymət və dəstəyə görə təşəkkürünü bildirib, gələn il “Qüds - İslam Dünyası Gənclik Paytaxtı” proqramı çərçivəsində həyata keçirilməsi planlaşdırılan tədbir və fəaliyyətlər haqda geniş məlumat verib.

Görüşün sonunda E.İskəndərov Azərbaycanın zəngin İslam irsini, bu irsə verilən dövlət qayğısını, həmçinin Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki İslam irsinə qarşı apardığı vandal siyasəti əks etdirən və İƏT Gənclər Forumu tərəfindən hazırlanmış “Azərbaycan – İslam Mədəniyyəti İncisi” adlı ensiklopedik kitabın xüsusi nüsxəsini Fələstin prezidentinə hədiyyə edib.