Eks-nazirin qohumu ilə bağlı işdə ittiham olunan intihar etmək istədi - Sərbəst buraxıldı

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyevin 800 min manatlıq qızılını mənimsəməkdə təqsirləndirilən Rövşən Əhmədov intihara cəhd edib.

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, R.Əhmədovə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin hökmü ilə bəraət verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Baş Prokurorluq və zərərəçəkən Ç.Baxşıyev hökmdən apellyasiya şikayəti veriblər və R.Əhmədovun barəsində azadlıqdan məhrumetmə cəzası seçilərək həbs edilməsini istəyiblər. Hazırda iş Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun icraatındadır. Sonuncu iclas dekabrın 19-da keçirilib və bu günə təxirə salınıb. Lakin dünən R.Əhmədov yenidən həbs ediləcəyini deyərək xeyli miqdarda dərman içərək özünü zəhərləyib. O, Toksikologiya Mərkəzində müalicə olunur. Hazırda vəziyyəti ağır olaraq qalır. İntihar etmədən öncə məktub yazaraq “təzədən şərlənərək həbsxanaya getməkdənsə, ölsəm yaxşıdır” deyə qeyd edib.

Qeyd edək ki, Çingiz Baxşiyev Nəqliyyat nazirinin sabiq müşaviri olub. Bundan əvvəl isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib. O, şikayət ərizəsində qeyd edib ki, bütün ömrü boyu işləyib yığdığı bir banka qızılı saxlaması üçün qohumu Rövşən Əhmədova verib. Sonra isə R.Əhmədov həmin qızılları mənimsəyib. Məhkəmədə ifadə verən R.Əhmədov isə qızılları Ç.Baxşıyevin qızına verdiyini deyib.