XOCALI - şahidlər danışır: Foto

Bu gün bəşər tarixində insanlığa qarşı törədilən dəhşətli cinayət hadisəsi olan Xocalı soyqırımının 26-cı ildönümüdür.

Bu faciəni həyatlarında yaşayan şahidlər həmin qanlı-qadalı qış gecəsini belə xatırlayırlar:

  • “Qardaşımın alnından vurdular”

Fitat Məmmədova (Xocalı sakini):
- Həmin gecə Ağdamda xəstəxanadaydım. Yurdumuz Qara qaya deyilən yerdə idi. Faciə zamanı anam bir gecə girov qalıb. O qayıdıb gələndə dedi ki, uşaqların hamısını öldürüblər. Çıxanda ikisinin meyitini asfaltın üstündə görüb. Qardaşımın birini meşədə öldürüblər. Təpənin arxasında gizlənibmişlər. Qardaşım anama deyib ki, mən çıxıb onların başını qatacam, siz keçin. Çıxan kimi alnından atıblar. Anam həmin vaxt oturub yanında qalmışdı. Bu vaxt o biri qardaşım gəlib çıxıb. Anama deyib ki, dur gedək, indi gəlib bizi də vuracaqlar, sonra hansı yolla olur-olsun gəlib qardaşımın meyitini götürəcəm. Anam deyib ki, yox, oğlumu qoyub heç bir yerə gedə bilmərəm. Onun üstündəki silahı götürüb gizlədib ki, ermənilər gəlib onun hərbçi olduğunu görməsinlər. Elə orada da bunları mühasirəyə alıb əsir götürürlər...

Anam deyir ki, bizdən də qabaq nə qədər adam gətirmişdilər saxlanıldığımız yerə. Anamgili oraya gətirəndə görüblər ki, yoldaşım Rasim də buradadır. Yoldaşımgil başqa qrupla hərəkət edirmişlər. O qrupdan yalnız Valeh adında oğlan sağ çıxa bildi. O deyir ki, yoldaşımı orada ağır işgəncə ilə öldürüblər. Diri-diri, bağırda-bağırda ürəyini çıxarıblar. Vasif adlı qardaşımı da orda öldürüblər. Valeh azad olunandan bir sutka sonra anam gəldi. Dedik, ana nə gördün, uşaqlardan nə xəbər. Anam danışa bilmədi. Bir həftə anam paltarı qanlı gəzdi, əynindən çıxara bilmədik. Dedi ki, balamın qanı üstümə tökülüb, qucağımda keçinib, mən onu çıxara bilmərəm. Sonra dedi ki, oğlumun meyiti bilirəm haradadır, özüm gedəcəm onu gətirməyə. O, bunun üçün dəfələrlə Naftalandan Ağdama gedib-gəlir. Axırı bir gün Ağdamda görüb ki, bir qrup adam gedir meyit gətirməyə, deyiblər ki, Tamaşa xala, sən getmə, biz bilirik Vasifin nəşi haradadı, özümüz gətirəcəyik. Bir neçə gündən sonra zülmlə onun cəsədini tapıb gətirmişdilər. Meyitə baxırdın, elə bil ki, ölməyib, yatıb. Anam onun meyitini həmərsin kolunun altına qoyubmuş, dağın döşündə, şaxta, ayaz tutan yer imiş. Qardaşım onu Allaha əmanət etmişdi ki, burada qalsın, gəlib aparacam. Belə bir el sözü var: Əmanət edəndə meyit olduğu kimi qalır. Qardaşımın meyiti torpağa tapşırılandan sonra anam onun paltarını əynindən çıxardı...

  • 8 gün əsirlikdə olan qız - "Baxa bilmirdim, qışqırıb gözlərimi tuturdum ki, görməyim"

Dürdanə Ağayeva (Xocalı sakini):

Ölənə qədər yadımdan çıxmaz: Qucağında uşaq olan ananı vurdular, ananın qucağından çıxan uşaq qorxusundan çığıraraq qaçdı. Azğınlar arxadan uşağı da güllələdilər. Hətta alman faşistləri belə, müharibə zamanı uşaqlara və qadınlara dəyməyib. Xocalıda kişinin, qadının, uşağın amansızcasına öldürülməsinə ancaq vəhşilik adı vermək olar...

Faciə baş verənə qədər sakinlərin demək olar ki, hamısı şəhərdə idi. Çünki hamı elə bilirdi ki, düşmən tezliklə susdurulacaq və geri oturdulacaq. Fevralın 25-də qızğın döyüşlər gedirdi. Ona görə heç kim yatmamışdı. Topun, tankın səsindən qulaq tutulurdu. Gecəyə doğru atəş səsləri daha da kəskinləşdi. Vəziyyət ağırlaşanda camaat bir müddət evlərin zirzəmilərində gizləndi. Gələn səslərdən anlayırdıq ki, tanklarla, toplarla evlərimizi dağıdırlar. Az keçməmiş xəbər gətirdilər ki, artıq düşmən Xocalı aeroportuna girib. Aeroport da xocalılıların yeganə çıxış yolu idi. Bu xəbərdən sonra zirzəmidə qalmağın mənasız olduğunu anladıq. Ona görə də şəhərdən uzaqlaşmağa məcbur olduq. Təxminən gecə saat 1-2 olardı. Sakinlər şəhəri tərk edirdi.

Gəlib çıxdıq Qarqar çayının sahilinə. Bumbuz çayı zülümlə keçdik. Bir neçə nəfər donub qaldı orda. Çayı keçəndən sonra 366-cı diviziyanın törətdiyi dəhşətli cinayəti gördüm: bunu sözlə ifadə etmək mümkün deyil. Rəhmətlik Çingiz Mustafayev bir neçə kadr çəkib, amma o qədər hadisələr olub ki, bunlar heç yerdə qeydə alınmayıb, çəkilməyib, yalnız biz görmüşük. Mənim ölənə qədər yadımdan çıxmaz. Xocalıda kişinin, qadının, uşağın amansızcasına öldürülməsinə ancaq ən rəzil vəhşilik adı vermək olar...

Hava işıqlaşanda Qara qaya adlanan yerə çatmışdıq. Ermənilər bizə tərəf atəş açmağa başladılar. Hərə vahimə içərisində bir tərəfə qaçırdı. Biz də sürünə-sürünə ərazidən uzaqlaşmaq istədik. Ayağımda bir istilik hiss etdim, baxanda gördüm ki, məni də güllə ilə vurublar, yaralanmışam. Bir qədər süründükdən sonra huşumu itirdim. Ayılanda camaatdan çox geri qalmışdım. Tez-tez hərəkət etməyə başladım. Bir az irəlidə hamilə bir qadını güllə ilə qarnından vurdular. Qışqırıqlar başladı. Sən demə, ermənilər bizi görürmüşlər. Bir qədər sonra qardaşımı da yaraladılar. Sonra başımızın üstünü kəsdilər. Bizi əsir alıb Əsgərana gətirdilər...

Əsgəranda qaldığım 8 gün ərzində saçımın sayı qədər döyülmüşəm. Rabitəçi olduğuma görə məni durmadan döyürdülər, əllərimi aça bilmirdim, o qədər vurmuşdular ki! Həmin vaxt saçımdan tutub sürüdükləri yadımdadır, sonra necə döyüblərsə, bir də ayılmışam ki, dizə qədər palçıq olan tualetdəyəm. Qapıda duran mühafizəçi dedi ki, iki gündür ki, buradasan, elə biliblər ölmüsən, ona görə atıblar bura. Allaha qurban olum, Allah yenidən nəfəs verib mənə, elə bilirəm ki, ikinci həyatımı yaşayıram. Onlar qadın-uşaq bilmirdilər. Özü də yerli ermənilər gəlmə ermənilərdən qorxurdular. Ona görə daha çox canfəşanlıq edirdilər ki, özlərini gəlmələrin gözünə soxsunlar.

Qardaşımla birgə əsir düşmüşdüm. Tutulduğumuz gecə orada 40-50 qadın vardı. Ermənilər qadınları on-on, beş-beş Azərbaycan tərəfdəki əsirləri ilə dəyişməyə aparırdılar. Amma mən qardaşımın yarasını, ona verilən əzabı görəndən sonra qapının arxasına qısılıb qaldım. Bir də gördüm ki, artıq qadınlardan heç kim yoxdur, tək qalmışam. Deyirdim ki, qalaramsa da, ölərəmsə də, qardaşımla birlikdə olum...

Mən orada Afrikadan gələn qulağı sırğalı zəncilər gördüm. Onlar muzdlu döyüşçülər idi. Qaldığım podval dizə qədər palçıq idi, yuxarıda da bir pəncərəsi vardı, onun da şüşəsi yox, yağan qar, əsən külək birbaşa içəri vururdu. 8 gün ayaqyalın, ac, susuz belə bir yerdə qalmışam, ayağımda da güllə yarası.

Bir gün dedim ki, qardaşımı görmək istəyirəm, sağdırmı? Dedilər, gözlə qardaşını gətiririk. Nə qədər ki, cavan, seçmə əsirlərimiz var, gətirdilər. Hamısının kurtkasını, köynəyini soyundurdular və təsəvvür edə bilməyəcəyiniz tərzdə bunları döyməyə başladılar. Qardaşım da onların arasında idi. Həmin vaxt məni döymədilər. Amma döyülməkdən betər oldum, elə bil onlara dəyən hər dubinka mənə dəyirdi. Tapançayla güllə atıb ayaqlarını, qollarını yaraladılar. Elə edirdilər ki, ölməsinlər. Bir saatdan çox onları döydülər. Baxa bilmirdim, qışqırıb gözlərimi tuturdum ki, görməyim. Biri dubinkayla boynumdan vururdu ki, ağlama, bax. Döşəmənin üstü qıpqırmızı qan idi, baxılası deyildi... Nəhayət, 8 gündən sonra bizi dəyişdilər.

  • “Kömək gələcək deyərək bizi yubadırdılar”

Cavid Əliyev (Xocalı sakini):

- Xəlil Rza Ulutürk 1988-ci ilin avqust ayında Xocalıya gəlmişdi. O, camaatın qarşısında çıxış edərək dedi ki, hökumət tərəfindən sizə heç bir dəstək yoxdur. Özünüz düşmən qarşısına çıxın, qoymayın elinizi dağıtsınlar. Orada camaata şəkillər göstərdi ki, siz çıxandan sonra evlərinizi bu şəkildə dağıdıb yandıracaqlar. Azərbaycanlıları köçürmək üçün bu şərəfsizliyə əl atacaqlar.

Deyildiyi kimi də oldu. Elə 1988-ci ilin sentyabrın 18-də bazar günü ermənilər Xocalıya hücuma keçdilər. Həmin vaxt əhali öz ov tüfəngləri ilə onların qarşısına çıxdı. Mərkəzi Komitədən yığışıb Xocalıya gəldilər. Camaatı yığıb Gülablıya, sanatoriyalara apardılar ki, üç gündən sonra ermənilər yenə hücum edəcək. Əhali gördü ki, Xocalını qorumaq əvəzinə, başlarının altına yastıq qoyurlar. Ona görə Xocalıya, öz ev-eşiklərinə qayıtdılar. Bizim qara günlərimiz də elə həmin vaxtdan başladı. 1988-ci ildən 1992-ci ilə qədər Xocalı özünümüdafiə batalyonu yaradıldı. Postlar quruldu, əhali növbə ilə gecələr postlarda keşik çəkməyə başladı. Xocalı hər tərəfdən erməni ilə əhatə olunmuşdu. Çıxış yolumuz yox idi. Şuşaya, yaxud Ağdama getmək üçün ermənilərin yaşadıqları yerlərdən keçməli idik. Bu zaman onlar da maşınların şüşələrini qırırdılar. Camaat özünümüdafiə üçün mal-heyvanını satıb ov tüfəngi alırdı. Bu hadisədən sonra sovet ordusunun kursantları gəlib Xocalını mühasirəyə aldılar. Onlar bütün evləri axtararaq silahları yığdılar. Camaat təkrar çalışırdı ki, ov tüfəngi əldə etsin. 1992-ci ilə kimi bax, bu cür səksəkədə, alazan raketlərinin sədaları altında yaşamışıq. Elə olurdu ki, üç tərəfdən Xocalını atəşə tuturdular. Xocalıya ən yaxın kənd olan Noraguhdan minamyotlarla atırdılar. Hər gecə avtomat və pulemyotlarla atışma olurdu.
Xocalı faciəsindən 3 ay əvvəl Əsgəranla Ağdam arasındakı yüksək gərginlikli əsas elektrik xəttini topla partlatdılar. Xocalıda elektrik enerjisi kəsildi. İdarədə gecə-gündüz generator işlədirdik. Xocalıda səhiyyə, rabitə idarələri özünümüdafiə batalyonu ilə icra hakimiyyəti strukturu, polislər işləyirdi. 1992-ci il fevral ayının 25-də axşam saat 7-də məlumat daxil oldu ki, guya Mərkəzi Komitə ilə danışıqlar aparılıb, yollar açıqdır, bizə yardımlar gəlir. Amma bu da düz çıxmadı. Silahlarımız da tükənmişdi. Bir “qrantamyot”umuz vardı. Fevralın 25-i axşam saat 6-7 radələrində gördük ki, ermənilər Xocalının ətrafını, tanklar, BMP-lərlə mühasirəyə aldılar. İcra başçısı Elman Məmmədov, Əlif Hacıyev gəlib rabitə vasitəsilə vəziyyət barədə Bakıya məlumat ötürdülər. Dəfələrlə kömək lazım olduğunu bildirirdik. Əvəzində kömək gələcəyi xəbəri ilə bizi yubadırdılar. Həmin vaxt qardaşım Ağdam tərəfdə idi. Onunla əlaqə saxladım. Dedi ki, özünüz başınızın çarəsinə baxın, burada hakimiyyət yoxdur, başlı-başınalıqdır. Kimin əlində silah var, hökumət odur.
Beləliklə, həmin axşam saat 9-10 radələrində ermənilər eyni vaxtda Xocalını gülləbaran etməyə başladılar. Sanki gecənin düşməsini gözləyirmişlər. Həmin gun hava da tutqun idi. Onlar pulemyot, tank və BMP-lərlə gülləni yaşayış yerinə yağış kimi yağdırdılar.

İşçiləri idarədə qoyub meşəyə tərəf qaçdım ki, görüm vəziyyət necədir. Hər tərəfdən atırdılar, yollar tam tutulmuşdu. Yeganə çıxış yolu çayın içindən keçməklə körpünün altı idi. Poçta qayıdanda ətrafa saysız “snaryad” düşdüyünü gördüm. İşçilər getmişdi, generator isə işləyirdi. “Ratsiya”ların ikisini də götürüb Ağdamı da, Şuşanı da çağırdım, cavab vermədilər.
Generatoru söndürüb çıxdım. İşçim Elxan Hüseynov yanımda idi. Onu göndərdim ki, get anamgili, uşaqları, hamını yığ gətir Xocalıdan çıxardaq. Rabitəni yiyəsiz qoyub getmək mümkün deyildi. Əgər həmin vaxt rabitə sonadək işləməsəydi, bəlkə də bizi həbs edəcəkdilər ki, məlumat verməmisiniz. Elxan ailələrimizi gətirdi, arxadan çoxlu insan gəlib bizə qarışdı. Bu vaxt bir-birimizi itirdik. Yoldaşım, uşaqlarım, anamgil, bacımgil hərəsi bir tərəfə düşdü. Ağız deyəni qulaq eşitmirdi, hay-haray bir-birinə qarışmışdı. Atam, bacım, anam - hamısı orada idi. Üç övladım vardı, xoşbəxtlikdən biri xəstə olduğundan onları əvvəlcədən Ağdama aparmışdıq... Nə qədər çağırdım, hay verən olmadı. Yenidən evə qayıtdım, gördüm heç kim yoxdur.
Yolda iki nəfərlə rastlaşdım. Sonra çayı keçdik. Bir müddət keçəndə çox insanın ayaqları buna görə kəsildi. Yenə heç kimi tapmadıq. Arxamızca atırdılar, əl çəkmirdilər. Çıxdıq yalın üstünə, orada Elman Məmmədov, Əlif Hacıyev və polis işçilərini gördük. Burada mindən yuxarı adam vardı. Hansı tərəfə irəlilədiksə, gedib kolluğa dirəndik. Axırı belə qərara gəlik ki, gedək Şuşa istiqamətində çəkilən qaz kəməri boyunca irəliləyək. Yoxuşa çıxanda kimin ayağı sürüşdüsə yumalanıb dərənin dibinə düşürdü. Bu vəziyyətlə hərəkət edirdik. Səhər saat 7-nin yarısında Əsgəran-Naxçıvanik-Ağdam yolunda meşənin döşünə çatdıq. Artıq Əsgəranın içi ilə gedən adamları görürdük, onlar da bizi görürdülər. burada ermənilərin pusquda durduğunu ağlımıza da gətirmirdik. Naxçıvaniklə Əsgəran arasında bir ferma vardı, ermənilər burada pulemyot, avtomatı hazır tutub bizi gözləyirdilər. Beləliklə, həm fermadan, həm də Naxçıvanikin dikindən bizə atəş açdılar. Orada çox adamı qırdılar. Hay-həşirlə çökəkliyə endik. Təxminən, 300 nəfər idik. BTR üstümüzə gəldi, camaatı yenidən atəşə tutdular. Mən orada təpədən yumalandım. Gördüm, ürəyim bulanır, gicəllənib qaldım kolun altında. Ayılanda baxdım ki, güllələr yağış kimi səpələnir, qalxa bilmədim. Bir azdan ara sakitləşdi. Nazim adında oğlanla bir yerdə idim. Gördük ki, meyitlərin arasında gəzib, diri qalanları axtarırlar, bir tərpəniş hiss edən kimi təkrar güllələyirlər. Bir müddət keçəndən sonra çıxıb yuxarıda başqa bir kolluqda gizləndik. Sakitlik yarananda Şelliyə tərəf gəldik. Bax, bu şəkildə canımızı qurtara bildik...

Elgün Mənsimov
AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description