Martın 13-də Xaçmazda ilaxır çərşənbələrin üçüncüsü - Yel çərşənbəsi qədim adət-ənənələrə uyğun qeyd olunub. Martın 13-də Xaçmazda ilaxır çərşənbələrin üçüncüsü - Yel çərşənbəsi qədim adət-ənənələrə uyğun qeyd olunub.

Xaçmazda Yel çərşənbəsi sevinci

Martın 13-də Xaçmazda ilaxır çərşənbələrin üçüncüsü - Yel çərşənbəsi qədim adət-ənənələrə uyğun qeyd olunub.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, rayonun Niyazabad kəndində keçirilən bayram tədbirində elimizin qədim adət-ənənələri və mərasimləri nümayiş etdirilib - sac üstündə yuxa bişirilib, buğda təmizlənib, qovurğa qovurulub. Mərasim boyu xüsusi bəzədilmiş faytonla kəndi gəzən milli geyimli gənclər bayramın başlanması barədə xəbər yayıblar. Kosa və Keçəl bayram tədbirinin iştirakçıları ilə yumurta döyüşdürərək, zarafatlaşıb. Xalq oyunlarının təbliğ olunduğu səhnəciklərdə yeniyetmələr güləşib, qol gücü sınayıb, “Ənzəli” oynayıblar. Uşaqlar bayram tonqalı üstündən atlanaraq əyləniblər.

Tədbirdə Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Xalidə Əliyeva, Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Aqil Əlisultanov çıxış edərək Novruz bayramında milli ruhumuzun, qədimliyimizin çalarlarının yaşadığını vurğulayıblar. Bildirilib ki, xalq arasında “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsində qadınlar axır çərşənbə üçün hazırlıq görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar tikirlər. Bundan başqa, Yel çərşənbəsi günü tonqal qalanır, evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.

Qeyd edək ki, Azərbaycanda martın 20-də axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.