Mətbuat Şurasının genişləndirilmiş iclası keçirildi - Gəncə hadisələri müzakirə olundu (Fotolar)

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.

MŞ-dan AzNews.az-a verilən məlumata görə, Mingəçevirdə baş vermiş enerji qəzasının və Gəncə terrorunun mediada işıqlandırılması vəziyyətinə həsr olunmuş toplantıda Şuranın İdarə Heyətinin üzvləri, ölkənin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin, o cümlədən internet informasiya resurslarının rəhbərləri iştirak ediblər.

İclası giriş sözü ilə MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq bildirib ki, enerji böhranı və Gəncədə icra başçısı Elmar Vəliyevə qarşı terrorla başlamış iğtişaşlar ölkənin gündəmində olan başlıca mövzulardandır: "Azərbaycan Mətbuat Şurasının müşahidələri göstərir ki, media ümumən hər iki hadisəyə obyektiv prizmadan yanaşdı və ictimai rəyi düzgün istiqamətə yönləndirməklə peşəkarlıq nümayiş etdirdi. Lakin məsələyə fərqli aspektdən yanaşmış internet informasiya resursları və sosial şəbəkə profilləri oldu. Onlar özlərinə sərfəli fikir və düşüncələri bir növ, fakt kimi təqdim edərək cəmiyyətdə çaşqınlıq yaratmaq yolu tutdular. Eyni zamanda biz aşkar təfriqəçilik meyllərinin, insanları hakimiyyətə qarşı qaldırmaq cəhdlərinin, din pərdəsi altında iğtişaşlar yaradaraq Azərbaycanın nüfuzunu ləkələmək istəklərinin şahidi olduq. Proses Mingəçevirdəki qəza ilə başladı. Təbii ki, ölkəni bürüyən enerji böhranı insanlarda narahatlıq doğurdu. Hər kəs buna görə cavabdehlik daşıyan şəxslər barədə ölçü götürülməsini tələb etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev məsələyə kifayət qədər sərt mövqeyini açıqladı. Biz onu da gördük ki, kimlərsə enerji böhranı ilə bağlı guya hakimiyyətin fəaliyyətsizliyi görüntüsünü formalaşdırmaqla geniş etirazlar yaratmağa cəhd göstərir. Eyni xoşagəlməz tendensiya özünü Gəncə hadisələrinə münasibətdə bir qədər də qabarıq tərzdə göstərdi. İcra başçısı Elmar Vəliyevə sui-qəsddən sonra bəzi sosial şəbəkə profilləri və internet saytlar terroru az qala haqq işi kimi təqdim edərək iki polis zabitinin qətlə yetirilməsi ilə nəticələnmiş iğtişaşların bir növ anonsunu verdilər. Sumqayıtda da Gəncə terrorunun törədiləcəyinə dair çağırışları gördük. Bütün bunlara Azərbaycan ictimaiyyəti olduqca sərt reaksiya verdi. Hesab edirəm ki, bu reaksiyanın formalaşmasında media ictimaiyyətinin rolu böyükdür. Azərbaycan mediası olaraq qarşımızda hansı vəzifələr dayanır? Nəyə daha çox diqqət yetirməliyik? İstərdim ki, bu günkü toplantımızda bu məqamları birlikdə müzakirəyə çıxaraq".

Ə.Amaşov vurğulayıb ki, Azərbaycanda qərarlaşmış asayişi, sabitlik mühitini pozmaq istəyən anti-milli qüvvələrə qarşı ictimai səfərbərliyin təmin edilməsi son dərəcə vacibdir.

MŞ sədri onu da bildirib ki, ölkəmizin adı ilə bağlı olan və dünyanın energetika xəritəsini dəyişən nəhəng layihələr, Milli Ordumuzun 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi parad xaricdəki bəzi anti-Azərbaycançı qüvvələri hərəkətə keçirib: "Onların Prezident seçkisi ilə bağlı da planları var idi. Ancaq seçkinin vaxtının dəyişdirilməsi bu planları iflasa uğratdı. 11 aprel Prezident seçkisində cənab İlham Əliyevin qələbəsi isə oktyabr ayına hazırlanmış "ssenarinin" işə salınması üçün hiddət motivi gətirdi".

Gəncə terroruna bu baxımdan da qiymət verən Ə.Amaşov heç bir xarici qüvvənin məkrli siyasətinin Azərbaycanda həyata keçməyəcəyinə əminliyini vurğulayıb: “Azərbaycan gücləndikcə ona qarşı təhdidlər, o cümlədən informasiya müstəvisindəki təxribatlar atrır. Təəssüf ki, bu prosesdə xaricdə yaşayan azərbaycanlılar da alətə çevrilirlər. Zaman-zaman biz bu kimi halların şahidi olmuşuq. Hər hansı hadisənin timsalında ölkə rəhbərliyi, ayrı-ayrı məmurlar təhqir olunur, ünvanlarına aşağılayıcı ifadələr səslənir. Məqsəd ölkədə xaos, etimadsızlıq, inamsızlıq mühiti yaratmaqla mövcud konstitusyon quruluşu devirməkdir. Hesab edirəm ki, media ictimaiyyəti olaraq biz bu kimi təhlükəli təmayüllərə münasibətdə ayıq olmalı, qətiyyətli mövqe nümayiş etdirməliyik”.

Həmçinin idarə heyətinin digər üzvləri də mövzu ilə əlaqədar öz rəylərini bildiriblər.

image description image description image description image description