Azərbaycan siyasətçilərinin “Facebook sərgüzəştləri”

AzNews.az siyasilərin facebook profillərini araşdırdı, maraqlı faktlar ortaya çıxdı



Son vaxtlar "Facebook" mövzusu ölkəmizdə kifayət qədər populyardır. Müxalifət liderləri sosial şəbəkənin gücündən istifadə edərək buradan çağırışlar edir, hakim düşərgə isə bundan narahat olduğunu açıq şəkildə bəyan edərək Facebook-un ölkəmizdə nəzarət altına alınmasının zəruriliyini dilə gətirirlər.

Maraqlıdır, görəsən hansı siyasi liderlər Facebook-da daha aktivdir? Onlar dost seçimində kimlərə üstünlük verirlər? AzNews.az mövzunun geniş oxucu kütləsi üçün maraqlı olacağını nəzərə alaraq bu istiqamətdə araşdırma aparıb. Araşdırmamızın nəticəsi olan bəzi maraqlı məqamları diqqətinizə çatdırırıq. Beləliklə...

YAP-ın YAP-dan başqa dostu yoxdu...

Öncə hakim Yeni Azərbaycan Partiyası təmsilçilərinin Facebook profillərinin araşdırdıq. Məlum oldu ki, YAP-çı millət vəkili Bahar Muradovanın "Facebook"da cəmi-cümlətanı 22 dostu var. Onların da hamısı da ancaq YAP-çılardır.

Ölkəmizdəki ən böyük partiyada ikinci şəxs olan Əli Əhmədovun sosial şəbəkədə özünə aid bir səhifə yoxdur.
Facebook-da YAP icra katibinin birinci müavini, millət vəkili Siyavuş Novruzovun adıyla bağlı olan profildə isə iqtidaryönlü siyasətçinin şəklindən savayı ona aid hər hansı izə rast gəlinmir. Yəqin bunun nəticəsidir ki, istifadəşçilərdən – daha doğrusu "bəyənənlərdən" biri ona belə bir ismarış göndərib: "Siz bu adamın özüsüz"?

İqtidar cəbhəsində sosial münasibətlərini gündən-günə genişləndirməkdən çəkinməyən sayılı siyasətçilər də var. Məsələn, YAP icra katibinin digər müavini, millət vəkili Mübariz Qurbanlının sosial şəbəkədə 4993 dostu var. Facebook-dakı dostlarının əksəriyyətinin mətbuat nümayəndələri olması M.Qurbanlının media ilə sıx əməkdaşlığından xəbər verirsə, müğənnidən tutmuş rejissora qədər, ehtiyatda olan zabitdən başlamış mühacir müsavatçıya, hətta "vurulmuş" YAP-çıya qədər hər kəsin dostluğunu qəbul etməsi millət vəkilinin insan amilinə daha çox önəm verdiyinə, "dostlarını" siyasi dünyagörüşünə görə ayırmadığına işarədir. Qeyd edək ki, Mübariz Qurbanlı bizim də göndərdiyimiz dostluq təklifinə müsbət cavab verdi.

Müxalifətin isə dost limiti dolub

Müsavat Partiyasının başqanı İsa Qəmbərlə dostluğumuza isə "Facebook"un istifadəçiləri üçün müəyyənləşdirdiyi "kvota" mane oldu. Müsavat başqanına göndərdiyimiz sorğuya cavab olaraq bir ismarış aldıq. Orada İsa Qəmbərin dost seçmək limitinin artıq dolduğunu xəbər verərək onu ancaq uzaqdan-uzağa izləyə biləcəyimiz qeyd olunub.

İsa Qəmbərin dostu olmağa fürsət tapmış 5553 istifadəçi arasında nə qədər axtarsaq da, nə müxalifəndən, nə də iqtidardan hər hansı liderliyə iddia edən "dost"a rast gəlmədik. Xüsusən, ən yaxın vaxtlarda dost olacaqlarına and içdikləri "El" Hərəkatına üzv olan liderlərdən də heç biri burada yoxdur. İsa Qəmbərin dost seçimində Bakı Dövlət Universitetinə bağlılıq özünü aydın şəkildə göstərir.

Başqanın dostları arasında əcnəbilər də var. Markus Löninq, Rodion Raskolnikov, Riçard Kozlariç, Preston Lindler, Dorian Qrey, Kristina Le Jeune, Ales Lahviniec, Jake Jones, Levs Kronus, Akıra Matsunaqa, hətta Fidel Kastro... Siyahını uzatmaq da olar. Dostlarını izlədiyimiz siyasət adamlarının içində ən çox əcnəbi dost məhz İsa Qəmbərin siyahısındadır.

İsa Qəmbərin adına açılan və onu dəstəkləyən xeyli səhifə var. Həmin səhifələrin istifadəçiləri, başqa sözlə "bəyənənləri" də başqa bu tipli səhifələrlə müqayisədə çoxdur.

Belə səhifələrə AXCP sədri Əli Kərimli tərərfdarları da müraciət edib. Onların araşdırması da göstərdi ki, sosial şəbəkədə Əli Kərimli yox, tərəfdarları daha fəaldır. Lakin onu da qeyd edək ki, Facebook-da Əli Kərimlini dəstəkləmək amacı ilə yaradılan səhifələrlə yanaşı onu sevməyənlərin də qurmağa çalışdığı səhifələrə rast gəlmək mümkündür.

Ə.Kərimli tərərfdarlarının üstünlük verdiyi "internet taktikalarından" biri də profilində Əli Kərimlinin şəklini yayımlayaraq istər iqtidar, istərsə də müxalifət partiyalarında təmsil olunan siyasətçilərin dostları arasına sızmasıdır.
Əli Kərimlinin özünə gəlincə... Onun cəmi 14 dostu var. 15-cini də istəmir. Bunu ona uzatdığımız "dost" əlimizi havada buraxması da təsdiq edir.

"Facebook" onlara nə üçün lazımdır?

Göründüyü kimi, sosial şəbəkələrdən istifadəyə üstünlük verən siyasət adamlarının "dost" siyahılarındakılar sadə insanlardır. Bəlkə də tanınmış siyasət adamları hər gün gördüyü, danışdığı, mobil nömrəsini bildiyi adamlarla sosial şəbəkədə də "dostlaşmağa" lüzum görmürlər. Lakin görünən odur ki, "Facebook" onlar üçün bir təbliğat vasitəsi, kütləvi çağırışlar etmək üçün əhəmiyyətli tribunadır.

Ruhiyyə
Aznews.az