Eldar Mahmudov: “Dövlətə xəyanətdə, terror aktına hazırlıqda təqsirli bilinən 7 nəfərdən ibarət qrup ifşa edilib” Eldar Mahmudov: “Dövlətə xəyanətdə, terror aktına hazırlıqda təqsirli bilinən 7 nəfərdən ibarət qrup ifşa edilib”

MTN terrorçu qrupu ifşa etdi

Eldar Mahmudov: “Dövlətə xəyanətdə, terror aktına hazırlıqda təqsirli bilinən 7 nəfərdən ibarət qrup ifşa edilib”



"Həyata keçirilən məqsədyönlü əks-kəşfiyyat və anti-terror tədbirləri nəticəsində dövlət təhlükəsizliyi zərərinə olaraq dövlətə xəyanətdə, terror aktına hazırlıqda, külli miqdarda qanunsuz odlu silah, döyüş sursatının əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən 7 nəfərdən ibarət qrup ifşa edilib".

APA-nın xəbərinə görə, bunu milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 94-cü ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışında deyib. Nazirliyin İctimai Əlaqələr Mərkəzinin məlumatında qeyd olunub ki, nazir çıxışında bildirib ki, ötən müddət ərzində həyata keçirilən digər əks-kəşfiyyat əməliyyatları nəticəsində, Azərbaycan Respublikasının suverenliyi və dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq etməklə dövlətə xəyanətdə, terrorçuluğa hazırlıqda, qanunsuz odlu silah əldə edilməsi və başqa ağır cinayətlərin törədilməsində təqsirli bilinən, xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş 22 nəfərdən ibarət daha bir qrup zərərsizləşdirilib.

Nazir ötən il Azərbaycanda ilk dəfə təşkil olunan "Avrovizion-2012" beynəlxalq mahnı müsabiqəsi ərəfəsində bəzi dairələrin və beynəlxalq terrorçu birləşmələrin təxribat-pozuculuq və terror niyyətlərinin qarşısının alındığını bildirib, paytaxtda və ölkənin müxtəlif bölgələrində həyata keçirilən xüsusi əməliyyatlar nəticəsində 58 nəfər radikal meylli təqsirli şəxsin istintaqa cəlb olunduğunu qeyd edib. Təhlükəsizlik tədbirlərinin səmərəli həyata keçirilməsində ölkəmizin aidiyyati hüquq-mühafizə orqanlarının məqsədyönlü və əlaqəli şəkildə fəaliyyət göstərmələri vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının konstitusiya quruluşu əleyhinə, xarici dövlətin maddi və ideoloji dəstəyi ilə din pərdəsi altında kütləvi iğtişaşlar təşkil etməyə, eləcə də təriqətlərarası düşmənçilik salmaqda cəhdə görə 12 nəfər məsuliyyətə cəlb olunub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri və sair kimi mütəşəkkil cinayətkarlıq halları ilə mübarizə sahəsində də işlər uğurla davam etdirilib. Transmilli mütəşəkkil cinayətkar dəstələrdən və ayrı-ayrı şəxslərdən ümumilikdə 457 kiloqrama yaxın narkotik vasitə götürülüb. Cinayətkar dəstələrin birində narkotiklərlə yanaşı, müxtəlif çaplı odlu silah, döyüş sursatı və hərbi ləvazimat aşkarlanıb. Bu və digər faktlarla bağlı 38 cinayət işi başlanıb, ümumilikdə 116 nəfər yerli və xarici vətəndaş istintaqa cəlb olunub.

Qaçaqmalçılığa qarşı mübarizə tədbirləri çərçivəsində yerli və xarici vətəndaşlar tərəfindən gömrük nəzarətindən kənar Rusiya Federasiyası ərazisindən ölkəyə külli miqdarda tütün məmulatları, spirtli içkilər və balıq kürüsü, qaz silahları, pnevmatik tapançalar, elektroşokerlər və sair qanunsuz ləvazimat gətirilməsi faktları aşkar edilib.

Bununla yanaşı, respublikanın mədəni və tarixi sərvəti sayılan, təxminən eramızdan əvvəl başlayaraq müxtəlif vaxtlarda Azərbaycan ərazisində mövcud olmuş qədim dövlətlərə aid gümüş və mis pulların qaçaq yolla ölkədən çıxarılmasının qarşısı alınıb.

2012-ci il ərzində nəzarətdənkənar beynəlxalq rabitə xidmətinin təşkili, kompüter sisteminə qanunsuz daxil olma, preparatların, qiymətli daş-qaşın xarici dövlətlərdən qaçaq yolla gətirilməsi halları müəyyən edilib. Bu faktlar, habelə dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşların vəsaitlərinin mənimsənilməsi faktları üzrə 11 cinayət işi başlanılıb, 27 nəfər yerli və xarici vətəndaş istintaqa cəlb olunub.

AzNews.az