- Köhnə - Cəmiyyət
- 5 Sentyabr 2018 11:35
- 7 063
Aşura mərasiminə dair ilboyu maarifləndirmə işləri həyata keçirilir
Məlum olduğu kimi, müsəlmanların hicri təqviminə əsasən, sentyabrın 10-da Məhərrəm ayı başlayır. Məhərrəm ayının 10-cu günü - sentyabrın 20-də isə Aşura mərasimi qeyd ediləcək. Hazırda bəzi ölkələrdə Aşura ilə bağlı müşahidə olunan radikal, insan psixologiyasına və səhhətinə mənfi təsir göstərən tədbirlərdən Azərbaycanda uzun müddətdir ki, imtina olunub. Ölkəmizdə çoxdandır ki, Aşura mərasimləri zamanı ənənəvi qançıxarma mərasimi qanvermə aksiyaları ilə əvəz olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov açıqlamasında Aşura mərasiminin Azərbaycanda İslamın ümumi prinsipləri ilə və mütərəqqi şəkildə keçirildiyini qeyd edib: “Bildiyiniz kimi, Məhərrəm ayında ölkəmizin bölgələrində İslam tarixinin ən faciəvi hadisəsi, eyni zamanda, şəhidliyin zirvəsinin rəmzi olan “Aşura günü” ilə bağlı əza mərasimləri keçirilir. Bakı şəhərində, o cümlədən regionlarda, Aşura ilə əlaqədar əzadarlıq mərasimləri yüksək səviyyədə, milli mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə, vicdan azadlığının təmin olunması, dövlət qurumlarının əhalinin istəklərinin, o cümlədən asayişin tam təmin edilməsinin nəzərə alması ilə həyata keçirilir. Bu mərasimlərdə, həmçinin şəhidlərimiz də yad edilir, ölkənin hər yerində qanvermə aksiyalarına minlərlə insan qatılır”.
Gündüz İsmayılov DQİDK-nın bu istiqamətdə maarrifləndirmə işlərini ilboyu həyata keçirdiyini, hazırda da bunu davam etdirdiyini vurğulayıb: “Aşura mərasimləri ilə bağlı maarifləndirmə işlərinin həyata keçirilməsi üçün Qafqaz Müsəlmanları İdarəsi başda olmaqla, biz rayon və şəhər icra hakimiyyətləri, QHT-lər və mətbuat ilə yaxından əməkdaşlıq edirik. Əsas təbliğat apardığımız yerlər - dini icmalar, kütləvi ziyarətgahlar, məscidlər, eyni zamanda orta, orta ixtisas və ali təhsil müəssisələridir. Habelə biz bu maarifləndirmə tədbirlərində gənclər təşkilatlarının, ziyalıların, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin dəstəyindən də geniş şəkildə istifadə edirik. Hesab edirik ki, əvvəlki illərdən fərqli olaraq zaman keçdikcə vətəndaşlarımız Məhərrəm ayı, Aşura mərasimi ilə bağlı daha obyektiv məlumat almaq imkanları əldə edirlər. Getdikcə xurafat halları azalmaqdadır. Bunu hər dəfə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi monitorinqlərin nəticələri də təqdiqləyir. Ölkədə fəaliyyət göstərən dini icmaların mütləq əksəriyyəti əvvəlki illərdən fərqli olaraq, əvvəlcədən aparılmış maarifləndirmə işləri nəticəsində başyarma, qançıxarma və zəncirvurma kimi xoşagəlməz hallardan imtina ediblər. İldən-ilə istər zəncir vuranların, istər baş yaranların sayı azalmaqdadır, çox nadir hallarda bu cür neqativ hallara rast gəlirik. Bu gün üçün əsas hədəfimiz Aşura mərasimlərində hər hansı siyasi çıxışların olmaması, bu mərasimlərin siyasi alət kimi istifadə edilməməsi və dinimizin sırf mənəvi-ruhi nöqteyi-nəzərdən təbliğ edilməsidir.
Hər il olduğu kimi, bu il də Aşura mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı başda olmaqla komitə əməkdaşları dini icmaların nümayəndələri ilə birgə qanvermə aksiyasında yaxından iştirak edəcəklər”. (iki sahil)
AzNews.az