“Fətvada göstərilir ki, zəncirlə bədənə xəsarət yetirmək və qan çıxarmaq İslama ziddir” - Qəmər Cavadlı

“Aşura günü qanvermə aksiyaları təşkil olunacaq. Qanvermə aksiyalarının əsasən məscidlərdə və Səhiyyə Nazirliyinin razılığı ilə əvvəlcədən müəyyən olunmuş xəstəxanalarda və poliklinikalarda baş tutacağı gözlənilir”.

Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı deyib. QMİ rəsmisinin sözlərinə görə, sentyabrın 20-ə təsadüf edəcək kütləvi qanvermə aksiyaları idarənin Qazilər Şurasının fətvası üzrə gerçəkləşdiriləcək.

Qəmər Cavadlı bildirib ki, Aşura günü bir sıra dindarların zəncir vurmaq əvəzinə qanvermə aksiyalarında iştirakı müddəalarla adıçəkilən fətvada göstərilib:

“Fətvada bu yöndə maarifləndirici məlumatlar müəkəmməl şəkildə izah olunub. Bu fətvaya əsasən bütün din xadimləri səfərbər olunmalı, məscidlərdə həmin fətva dindarlar üçün oxunmalıdır. Eyni zamanda fətvadan irəli gələn məsələlərə, nüanslara əməl olunmalıdır. İlk növbədə buna din xadimləri riayət etməlidir. Fətvada göstərilir ki, soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir. Həm də imamın, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur. Bunların hamısı fətvada göstərilib”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının bəyanına görə, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək. (hafta.az)

AzNews.az