“Dağlıq Qarabağa yardım ayırmayın“

Azərbaycan diasporunun nümayəndələri ilk dəfə olaraq ABŞ Konqresinin Nümayəndələr palatasının təxsisatlar üzrə komitəsinin xarici əməliyyatlar alt komitəsinin dinləmələrində çıxış ediblər.

APA-nın məlumatına görə, dinləmələr zamanı 2014-cü ildə müxtəlif ölkələrə maliyyə yardımı ayrılmasına dair hər biri 4 dəqiqə olmaqla 14 çıxış edilib. O cümlədən, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (U.S. Azeris Network) həmtəsisçisi və direktorlar şurasının üzvə Adil Bağırov və Erməni Milli Komitəsinin (ANCA) nümayəndəsi Raffi Qaraqaşyana da çıxış etmək üçün imkan yaradılıb.

A.Bağırovun sözlərinə görə, onun çıxışı ABŞ-da azərbaycanlıların təşkilatının Konqres qarşısında ilk çıxışı olub. Son 6 il ərzində USAN Konqresə yalnız yazılı müraciətlər edib.

Öz çıxışı zamanı, A. Bağırov alt komitə üzvlərinə xatırladıb ki, keçən dövr ərzində Ermənistana göstərilən maliyyə yardımı Azərbaycana göstərilən maliyyə yardımının həcmindən çox olub.

"Azərbaycanın ərazi və əhali cəhətdən Ermənistandan böyük olmasına və bu ölkədə qaçqın və məcburi köçkünlərin sayının bir neçə dəfə çox olmasına baxmayaraq belə disbalans mövcuddur", deyə A.Bağırov bildirib.

O həmçinin Alt komitə üzvlərinin nəzərinə çatdırıb ki, ABŞ Dağlıq Qarabağdakı separatçı rejimə Bakı ilə razılaşdırmadan birbaşa yardım ayıran dünyanın yeganə dövlətidir və nə Abxaziya, nə Cənubi Osetiya, nə Dnestryanı, nə Çeçenistan, nə Şimali Kipr ABŞ-dan bu gür dəstək almırlar.

Bağırov ABŞ qanunvericiliyindəki digər dövlətlərin ərazi bütövlüyünü pozmuş keçmiş sovet respublikalarına yardım göstərilməsinə qoyulmuş hüquqi əngəllərdən danışıb. "Niyə hər il bu qayda pozulur və sayılmır?", deyə USAN təsisçisi Alt komitənin üzvlərindən soruşub.

Yuxarıda deyilənləri əsas gətirərək USAN nümayəndəsi Alt komitə üzvlərindən Azərbaycana ən azı Obama administrasiyasının səsləndirdiyi məbləğdən, həmçinin 2011-ci ildə ayrılmış 26 milyon daolardan az məbləğ ayırmamaq barədə müraciət edib. O həmçinin 10 milyon dollar humanitar yardım və 900 min dollar hərbi yardım ayırmağı xahiş edib. USAN nümayəndəsi həmçinin gələn il Dağlıq Qarabağa yardım ayırmamağı, Ermənistana isə ABŞ prezidentinin müraciət etdiyindən çox məbləğ ayırmamağı xahiş edib.

Ötən il Administrasiya Azərbaycan üçün 16,3 milyon dollar, Ermənistan üçün isə 36,6 milyon dollar ayrılması xahişi ilə müraciət etmişdi.

Öz növbəsində, Erməni Milli Komitəsinin nümayəndəsi Alt Komitəyə ötən il Dağlıq Qarabağ separatçılarına ayrılmış 5 milyon dollar həcmində yardıma görə təşəkkür edib və Ermənistana ən azı 50 milyon dollar ayırmağı xahiş edib. O, həmçinin Dağlıq Qarabağ separatçılarının sülh danışıqları prosesində iştirak məsələsində dəstək, 907-ci düzəlişin təsirinin gücləndirilməsini və Azərbaycana hərbi yardıma son qoyulmasını istəyib.

AzNews.az