Rusiyadan qovulmaq təhlükəsiylə üz-üzə qalan soydaşlarımızın problemləri AzNews.az-da Rusiyadan qovulmaq təhlükəsiylə üz-üzə qalan soydaşlarımızın problemləri AzNews.az-da

Moskva azərbaycanlıların göz yaşına inanacaqmı? - REPORTAJ

Rusiyadan qovulmaq təhlükəsiylə üz-üzə qalan soydaşlarımızın problemləri AzNews.az-da


"Nə Rusiya həmənkidir, nə də Moskva. Daha əvvəlki kimi iş yoxdur. Gündəlik xərcimizi güclə çıxarırıq". Bunu hazırda Moskvada yaşayan keçmiş azərbaycanlı jurnalist İdrak Camalbəyli AzNews.az-a deyir. Əslində İdrak haqlıdır.

Artıq Putinin sərt miqrant siyasəti Moskvada miqrantlar arasında əməlli-başlı çaşqınlıq yaradıb. Prezidentin miqrasiya sahəsində qanunları gücləndirmək üçün Dövlət Dumasına göndərdiyi qanun layihəsi "gəlmələrin" işini çətinə salacaq. Putinin təklif etdiyi yeni qanun layihəsinə görə Rusiyada qeyri-qanuni yaşamaq yüksək cərimə və azadlıqdan məhrumetmə cəzası ilə daha da ağırlaşdırılacaq.

Yeni qanuna görə, ölkənin əmək və miqrasiya qanunvericiliyini pozanların 10 il müddətinə ölkəyə girişi qadağan olunmalıdır.

Putinin təkliflərinə görə, miqrantlar rus dilini bilməklə yanaşı, rus ədəbiyyatı və tarixini də minimum səviyyədə bilməli, bunu imtahan qaydasında sübuta yetirməlidirlər. Dövlət Duması miqrantların yaşadığı yerdə saxta qeydiyyatın qarşısını almaq üçün böyük ölçüdə cərimə tətbiq edilməsini tələb edən prezident layihəsini birinci oxunuşda qəbul edib.

Xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxsləri saxta qeydiyyata görə 100 min rubldan 500 min rubla qədər cərimə, (təxminən 3-16 min dollar) ya da 3 ilə qədər həbs cəzası gözləyir.

Bundan başqa qanun layihəsində yaşayış yerində pasportsuz yaşayanlar üçün də sanksiya tətbiq edilməsi əksini tapıb. Bütün bunlar isə son anda Moskvada və Rusiyanın digər iri şəhərlərində yaşayan azərbaycanlıların başında çatlaycaq.

Çünki Moskva bazarlarının, hansı ki onların sayı yüzlərlədir, əksəriyyəti miqrant azərbaycanlılarla doludur. Moskvadakı "Yeni sabah-Azərbaycan" cəmiyyətinin sədri Maqsud Səlifov AzNews.az-a açıqlamasında deyir ki, Moskvada yaşayan azərbaycanlıların dəqiq sayını müəyyən etmək çox çətindir. Amma təxmini hesablamalara görə, Rusiya paytaxtında azı 700 min miqrant çalışır.

"Rusiya Əmək və Sosial İnkişaf Nazirliyinin məlumatına görə, gələn il xarici işçilər üçün 1,75 milyon kvota verilməsi nəzərdə tutulur. Bu günlərdə Rusiya Əmək və Sosial İnkişaf Nazirliyi ölkəyə xarici işçilərin dəvət olunması ilə bağlı ərizə qəbulunu yekunlaşdırıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya kompaniyaları 1 225 907 xarici işçi cəlb olunması üçün əzrizə veriblər, bir il əvvəl isə faktiki 1 267 978 nəfər tələb olunurdu. İndi özünüz fikir verin. Bu miqrant sayına azərbaycanlılardan başqa, ermənilər, gürcülər, moldovanlar, orta Asiya respublikalarından gəlmiş on minlərlə miqrant da iddia edir. Ona görə də, çox çətin olacaq" deyə Səlifov bildirir.

Moskvanın istehlak bazarı və xidməti üzrə departamenti tərəfindən hazırlanan plana əsasən isə 2015-ci ilə kimi bazarların sayı iki dəfə azaldılacaq və şəhərdə cəmi 26 bazar qalacaq.

Moskvada çalışan jurnalist Tünzalə Vəliqızı deyir ki, baş verənlər burada çalışan əksər azərbaycanlıları təşvişə salıb: "Bazar haqqında mətbuatda bir çıxış olanda, bir qərar veriləndə, burdakı azərbaycanlılar çox əndişələnirlər, narahat olurlar. Çünki onların bazardan çıxmağı real iş yerlərini itirməkləri deməkdir. Azərbaycanlıların əksəriyyəti bu gün bazarda çalışır. 2013-cü ilin sonuna qədər Moskvanın standartlarına cavab verməyən, xüsusən açıq bazarların hamısının bağlanacağını deyirlər. Məsələn, ilin sonuna kimi Reutov, Mıtişin, Pokrovski meyvə-tərəvəz bazası bağlanacaq. Bazar bağlansa, düşünürəm ki, bu, azərbaycanlılar üçün sosial fəlakətə gətirər çıxarar".

Sahib İslamovun isə işlədiyi Karenfor bazarı hələ ötən ilin yay aylarından bəri fəaliyyətini dayandırıb. Lakin o, bu günə kimi burada çalışanlara başqa yerlərin təklif olunmadığını deyir:

"Heç bir alternativ göstərmirlər, heç bir seçim yoxdur. Ümumiyyətlə, başqa bir söhbət etmək də mümkün deyil, müzakirə belə etmək istəmirlər. Çünki ölkənin sahibi onlardır, biz hamımız gəlməyik burda, xarici vətəndaşıq".

Sahib Kərimov deyir ki, hər zamankı kimi, Azərbaycan rəsmiləri həmyerlilərinin qayğılarına biganə münasibət göstərir: "Rusiyada yalandan bu qədər diaspor təşkilatları, səfirliyi var. Amma rəsmi və ya qeyri-rəsmi olaraq Azərbaycan tərəfindən hər hansısa bir kömək göstərilmir. Bu, tək bizimlə olan hal deyil. Qeyri-rəsmi məlumatlara görə, burda Azərbaycanın 1 milyondan çox vətəndaşı fəaliyyət göstərir. Azərbaycan tərəfi hansı birinin hüququ ilə bağlı addım atıb ki?"

Moskvada işləyən Teymur Hüseynov isə bildirir ki, bununla belə, Azərbaycana qayıtmaq haqda düşünənlər azdır: "Əlində pulu olan, kapitalı olan adam Azərbaycana qayıtmır. Elə hamı istəyir ki, buralarda bir iş görsün. Azərbaycanda durumun yaxşı olmadığı hamıya məlumdur. Orada bürokratiya, məmur özbaşınalığı var, buna görə də, heç kim ora geri qayıtmaq istəmir. Baxmayaraq ki, burada hava, iqlim şəraiti soyuqdur, ancaq işıq, qaz, isti su var. Bunlar da vacib şərtdir. Məsələn, mən bu gün Sabirabada getmək istəmirəm, çünki bizim kənddə, ümumiyyətlə, rayonda qaz yoxdur".

Lakin Moskva bazarlarının bağlanması davam etdikcə, işini itirən azərbaycanlıların bir qisminin öz ölkəsinə dönməsi qaçılmaz ola bilər. Artıq iki aydır işsiz qalan İbrahim Əliyev də Azərbaycana qayıtmağa tərəddüd edir və ümidlə yeni iş imkanının yaranacağını gözləyir:

"Əksər bazarlarda işləyənlərin, iş sahiblərinin hamısı azərbaycanlılardır. İş tapmasalar, camaatın çoxunun ölkəyə qayıtmaq fikri var. Onlardan biri də mənəm. Azərbaycanda iş olsa, nə iş təklif eləsələr, gedib işləməyə hazıram. Əsas odur ki, gedib orada ac qalmayım, balamıza çörək qazanmağa bir işimiz olsun".

Bir qədər əvvəl isə Telman İsmayılova məxsus "Şelkovsk bazarı" kimi tanınan ticarət mərkəzinin də söküntüsünə başlanıldı. Bu isə o deməkdir ki, təxminən 2000-2500 azərbaycanlı ya vətənə qayıdacaq, ya da özünə yeni iş yerləri axtarmalı olacaq. Amma əksəriyyəti ikinci varianta üz tutacaq. Çünki onlar buradan, yəni vətəndən elə işsizliyə görə şimala üz tutublar.

Sonda daha bir maraqlı fakt: Artıq neçə ildir ki, Moskvada bütün kazinolar ləğv edilib. Addımbaşı hər yerdə gözə girən oyun avtomatlarına rast gələ bilməzsən. Amma həmyerlilərimiz "azart"larını öldürmək üçün kütləvi şəkildə futbolla maraqlanmağa başlayıblar. Təəccüblənməyin, indi Moskvanın əksər bukmeyker kontorlarının müştəriləri elə azərbaycanlılardır.

Azər Kərimli, Moskva
AzNews.az