“Bir gün bir kitab oxudum və bütün həyatım dəyişdi” - bu cümlə ilə başlayır Orxan Pamuk “Yeni həyat” adlı romanını. Hansı yöndə fərqi yoxdur, amma çoxları bircə dəfə də olsa belə kitab oxuyur! “Bir gün bir kitab oxudum və bütün həyatım dəyişdi” - bu cümlə ilə başlayır Orxan Pamuk “Yeni həyat” adlı romanını. Hansı yöndə fərqi yoxdur, amma çoxları bircə dəfə də olsa belə kitab oxuyur!

Kitab kimi adamlar - Türkan Turan yazır

“Bir gün bir kitab oxudum və bütün həyatım dəyişdi” - bu cümlə ilə başlayır Orxan Pamuk “Yeni həyat” adlı romanını. Hansı yöndə fərqi yoxdur, amma çoxları bircə dəfə də olsa belə kitab oxuyur!

Bir müddət əvvəl mənim də əlimə Pamukun o əsrarəngiz cümləsindəki kimi “kitab” keçmişdi. Başlanğıc olduqca maraqlı, hətta həyəcanlı idi. Yarıya qədər irəlilədim. Səhifə üstünə səhifə gəldikcə cümlələrin nə qədər bəsit, keçidlərin nə qədər savadsız, hadisələrin necə primitiv olduğunu görməyə başladım! Hiss edirdim ki, bu kitab dünya ilə arama sədd çəkir. Gözümdə hər şeyi olduğundan min dəfə solğun göstərirdi. Bir tərəfdən bitirmək inadı rahatlıq vermirdi, digər tərəfdən içimdəki hikkə sakit buraxmırdı. “Axı, niyə sona çatdıra bilməyim?” sualı onu əlimdən yerə qoymağa imkan vermirdi! Xeyli vaxt keçdi, çətinliklə də olsa, birtəhər oxuyub bitirə bildim. Amma özümü Üçüncü Dünya müharibəsindən az əvvəl çıxmış yeganə sağ, yorğun, yaralı, ac, taqətdən düşmüş, heydən kəsilmiş döyüşçü kimi hiss edirdim. Bu günlərdə həmin kitab yenə rastıma çıxdı. Astaca götürüb, ehmalca vərəqləməyə başladım. Bir neçə səhifəsini oxudum, baxdım ki, səbrim çatmır, kənara atdım. Vaxtı ilə bir kitabxana kimi dolu görünən, bütün söz ehtiyatımı təmin edən, evdə, çöldə, işdə əlimdən düşməyən, oxuyaraq yuxuya getdiyim bu kitab indi gözümə kağız yığını kimi görünürdü. Bəzən “kitab”ların üz qabığına baxanda içinin dopdolu olduğunu zənn edirsən. Sözlərdən dürr, kəlmələrdən bal süzüldüyünü fikirləşirsən. Düşünürsən ki, bircə onu oxuyub bütün dünyanın axarını dəyişə bilərsən. Ancaq vərəqlədikcə bambaşqa mənzərə ilə qarşılaşırsan. Aydın fikirlərin qaranlığa qarışır. Deyilənlərin, yazılanların, o ana qədər eşitdiyin öyülmələrin sabun köpüyü olduğunu acı da olsa, dərk edirsən. Bu kitabların içi ilə haqqındakı fikirlər arasında həmişə yüz səksən dərəcə fərq olur. Ümumiyyətlə, məncə, eyni kitabı təkrar-təkrar oxumaq əhəmiyyətsizdir, onsuz da nəticə eyni olur! Bir həqiqət var; zamanla kitablar da dəyişmir, insanlar kimi!

“Onu dəyişəcəm” kimi boydan böyük işlərin məsuliyyətini götürmək lazım deyil. Əvəzinə atom zərrəciklərinin bilinməyən digər xüsusiyyətlərini kəşf etmək daha effektiv olar. İnsanı yalnız sevgi dəyişə bilər. Lakin əksər hallarda sevgi də bu vəziyyətin qarşısında aciz qalır.

Bəzən, “vəzifəyə təyin edildikdən sonra dəyişdi”, “kresloya oturduqdan sonra dəyişdi”, “ailə qurduqdan sonra dəyişdi”, “əldə etdikdən sonra dəyişdi” deyilir. Əslində, belə olmur! Sadəcə istəklərini həyata keçirmək üçün cildə girir, oynayır, yalan danışır, riyakarlıq edir, üzünə maska, ürəyinə boya çəkir, həqiqətin önünü kəsir, buna görə də, gerçək kimliyini görmək olmur. Bu, bir növ mağazanın “Bestseller” bölümündəki üzqabığına baxanda adamı heyran edən, lakin içərisi söz yığınından ibarət olan kitaba bənzəyir. Həmin insanlar da, ideyalarını reallaşdırdıqdan sonra özünə qayıdır. Bu məqamda “dəyişib” deyilir. Dəyişmir, elə “O” idi!

Kitab kimi adamlardan idi, Jan Jak Russo. Üz örtüyündə filosof, bəstəkar, yazıçı, ensklopediyanı yaradanlardan biri kimi dəbdəbəli görüntü daşıyırdı! Cenevrədə dünyaya gəlmişdi. Doğulduqdan bir neçə gün sonra anasını itirmişdi. Bu faciə həyatına və şəxsiyyətinə damğa vuran köklü hadisə idi. Gənc yaşlarından evdən qaçaraq yaşadığı şəhəri tərk etmişdi. Elə o ərəfələrdə, özündən 13 yaş böyük, ana deyə xitab etdiyi qadına aşiq olmuşdu. Həmin qadının arxasınca xeyli qaçmışdı. Bundan yorulan Russo dayanır, durulur və özünü kitablara həsr edir.

Universitetlərdə dərs deyən, mühazirələr söyləyən, kifayət qədər tanınan filosof bir gün oteldə iş masasında kitab yazarkən, otağı yığışdırmaq üçün gənc bir qadının içəri girdiyini görür. Dərin fəlsəfə ilə məşğul olan Russo qələmi saxlayır, ovsunlu baxışlarla gözünü qadına zilləyir. Elə o baxışla münasibətin təməli atılır. Tereza Levasseur adlı həmin qadın dərzilik, təmizliklə məşğul idi. Fəlsəfə tarixinin ölümsüzü Russo nə qədər savadlı, dərin, maraqlı idisə, Tereza da o qədər cahil, səssiz, bəsit idi. Oxumaqla arasında qət edilməsi mümkün olmayan məsafələr vardı. Russo kitab yazırdı, qadın isə sadəcə tozunu almaq üçün onlara toxunurdu. Nə üçün bir yerdə olduqlarını anlamaq mümkün deyildi. Qadınla nə qanunu şəkildə evlənirdi, nə də arxasını çevirib gedirdi. Münasibətləri havada idi. Özü də 1 il, 2 il yox, düz 33 il boyunca bu, belə davam etdi.

Aradan illər keçdi, ard-arda beş uşaqları dünyaya gəldikdən sonra da vəziyyət dəyişmədi. Russo fəlsəfə tarixinin ən qalmaqallı adı idi. Yaxşı ər, yaxşı sevgili olmağı bacarmadığı kimi, yaxşı ata da ola bilmədi. Uşaqlarının beşini də küçəyə, xəstəxanaya atdı. Sonra oturub valideynlərin uşağı necə yetişdirməli olmağından kitab yazdı. “Emile” əsəri o cür ərsəyə gəlmişdi. Avropada və dünyada hər kəs Russonun nəsihətlərini dinləyərkən, danışarkən, filosofun öz uşaqları səfalət içində, taleyin ümidinə tərk edilərək yaşayırdılar. Dedikləri ilə etdikləri arasında dərin uçurumlar olan bir insan idi, Russo. Xalq içində ayrı, şəxsi həyatında başqa idi.

Bəlkə, hamımızın içində bu cür parçalanma var. Amma məsələ burasındadır ki, Russo yazanda da, danışanda da heç bir təzad yoxmuş kimi davranırdı. Bütün problemləri həll etmiş, hər şey qaydasındaymış kimi hərəkət edirdi. Bir çox dahi kimi eoqist idi. Öz duyğularına qarşı həssas, diqqətli, başqalarına qarşı qəddar, qatı davranırdı. Onu nə cəmiyyət, nə qınaq, nə beş övladının dünyaya gəlişi, nə də beynindəki dünyaya yetəcək qədər olan fikirləri dəyişə bildi! Tereza eyni “kitab”ı düz 33 il səhifələdi, amma fərqli heç nə olmadı. Sonluq eyni idi! Üz qabığına aldandığını dərk edəndə isə gec idi, hər şeyini itirmişdi!

“Onu dəyişəcəm” kimi boydan böyük işlərin məsuliyyətini götürmək lazım deyil. Əvəzinə atom zərrəciklərinin bilinməyən digər xüsusiyyətlərini kəşf etmək daha effektiv olar. İnsanı yalnız sevgi dəyişə bilər. Lakin əksər hallarda sevgi də bu vəziyyətin qarşısında aciz qalır. Oxunmamış kitabları oxumaq, dərin insanlarda üzmək gərəkdir. Əks halda nəticə əvvəlkindən fərqli olmayacaq!

Türkan Turan/525.az/