“Mən Azərbaycanın bu tədbirə dəvət olunmasını başqa cür şərh edərdim” “Mən Azərbaycanın bu tədbirə dəvət olunmasını başqa cür şərh edərdim”

İran Tehran konfransında iştirakla bağlı ölkəmizə təzyiq edir?

“Mən Azərbaycanın bu tədbirə dəvət olunmasını başqa cür şərh edərdim”



Mayın 29-da Tehranda Beynəlxalq Suriya toplantısı keçiriləcək. Həmin tədbirə Azərbaycan da dəvət olunub. İddialara görə, Tehran həmin konfransda Azərbaycanın yüksək səviyyədə təmsil olunmasını istəyir.

"Atlas" Araşdırmalar Mərkəzi apardığı araşdırmalar sonucu belə qənaətə gəlib ki, belə bir konfransa yüksək səviyyəli nümayəndə heyəti ilə qatılmaq Əsəd rejimini dəstəkləmək anlamına gələcək. Rəsmi Bakı bugünə qədər Suriyadakı olaylara rəsmi mövqe bildirməyib. Odur ki, böyük ehtimalla Tehrana da yüksək səviyyəli nümayəndə heyəti göndərilməyəcək. Bu isə Tehranda qəzəblə qarşılanaraq, Bakıya qarşı "əsəb savaşı"nı davam etdirməsini şərtləndirəcək.

Azərbaycanın bu tədbirə qatılıb qatılmayacağı hələ qətiləşməyib. Bu barədə AzNews.az-a açıqlamasnda Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev bildirib. Elman Abdullayev yuxarıda qeyd edilən iddiaları əsassız adlandırıb:

"Bunlar spekulyasiyadan başqa bir şey deyil. Mən Azərbaycanın bu tədbirə dəvət olunmasını başqa cür şərh edərdim. Məlumdur ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür. Bütün məsələlərdə, o cümlədən Yaxın Şərqdə gedən proseslərlə bağlı keçirilən tədbirlərə dəvət alır. Suriya məsələsi ilə bağlı müzakirələrə də məhz BMT TŞ-nın üzvü kimi dəvət olunub. Ümumiyyətlə, Azərbaycan mühüm qərarların qəbul olunmasında yer alır. Bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması deməkdir".

Maralıdır, aprelin 30-dan İranda saxlanan azərbaycanlı alimlə bağlı qalmaqal İranın Azərbaycana "əsəb savaşı elanı", yaxud "Suriyanın dostu" olmadığı təqdirdə ölkəni nə gözlədiyinə dair xəbərdarlıq ola bilərmi?

Elman Abdullayev məsələyə belə münasibət bildirib: "Mən politoloq deyiləm. Ancaq birmənalı şəkildə deyə bilərəm ki, Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov Azərbaycan vətəndaşlarıdır. İran tərəfi onların azadlığa buraxıldığı və ölkəmizə qaytarılacağına dair bəyanat versə də, ən son məlumatımıza görə, vətəndaşlarımız hələ də Təbrizdəki konsulluğa təhvil verilməyib. Burada söhbət Azərbaycan vətəndaşlarından, onların taleyindən, gələcəyindən gedir və elə bu səbəbdən də onlarla bağlı hər şey Azərbaycan dövləti üçün önəmlidir".

Ruhiyyə
AzNews.az