“Aureliya Qriqoriuyaya siyasi sığınacaq verilsin“ - Təklif

Azad Qarabağ Uğrunda Alyans moldovalı ombudsman Aureliya Qriqoriuya münasibətdə Moldovanın rəhbərliyi tərəfindən təşkil olunan təzyiq və təhdid kampaniyasına qarşı bəyanat qəbul edib.

QAT-dan AzNews.az-a verilən məlumata görə, sənəd Alyansa daxil olan 14 təşkilat, o cümlədən Qarabağ Azadlıq Təşkilatı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı, Qarabağ Əlilləri və Veteranları cəmiyyəti, Milli Mədəniyyətin Təbliği ictimai birliyi, Əsgər Analarına Dəstək ictimai birliyi, Mina Qurbanlarına Dəstək ictimai birliyi, Vətən Müharibəsi Əlillər cəmiyyəti, Azərbaycan Birlik Təşkilatı, "Məşəl" cəmiyyəti və digər təşkilatların rəhbərləri tərəfindən imzalanıb.

Sənəddə göstərilir: "Moldovada ombudsman Aureliya Qriqoriuya qarşı təşkil edilən təzyiq və təhdiq kampaniyasını qətiyyətlə pisləyirik. Biz heç bir ölkənin daxili işlərinə qarışmaq istəmir, lakin onu da qeyd etməyi özümüzə borc bilirik ki, işğalçı dövlətə qarşı cəsarətli və prinsipial mövqe tutan, soyqırım faktı ilə bağlı həqiqəti deməkdən çəkinməyən hər hansı bir şəxsə dair məsələ bu və ya digər ölkənin daxili işi ola bilməz. Aureliya Qriqoriu həqiqəti deyib, prinsipiallıq və obyektivlik nümayiş etdirib. Ona qarşı hər hansı təzyiq yolverilməzdir. Hesab edirik ki, Moldova rəhbərliyi ona qarşı təzyiq və təhdiq kampaniyası təşkil etməklə erməni lobbisinin sifarişini yerinə yetirir.

Biz Moldova rəhbərliyinin nəzərinə çatdırırıq ki, Aureliya Qriqoriu Ermənistan parlamentində Ermənistanın işğalçı olduğunu və Xocalı soyqırımının ermənilər tərəfindən törədildiyini deyərkən konkret faktlara, beynəlxalq təşkilatların qərar və qətnamələrinə əsaslanıb, həmçinin bu mövqeyində tək deyildir. Bu mənada fakt, qərar və qətnamələrin bəzilərini diqqətə çatdırmağı özümüzə borc bilirik.

BMT Təhlükəsizlik Şurasının 822(30 aprel 1993-cü il), 853(29 iyul 1993-cü il), 884(14 oktyabr 1993-cü il), 884(12 noyabr 1993-cü il) saylı qətnamələri, Avropa Şurasının 25 yanvar 2005 ci il tarixli qətnaməsi, BMT Baş Assambleyasının 14 mart 2008-ci il tarixli qətnaməsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyini göstərib. ABŞ-ın Massaçusets, Texas, Corciya, Nyu-Meksika, Arkanzas, Tennesi, Pensilvaniya, Qərbi Virciniya, Konnektikut ştatlarının qanunverici orqanları Xocalı soyqrımını ermənilərin törətməsi, yüzlərlə dinc əhalinin qətlə yetirilməsi ilə bağlı qətnamələr qəbul edib. ABŞ-ın 46 senator və konqresmeni dəfələrlə Ermənistanın işğalçı hərəkətlərini, Xocalı soyqırımını pisləyən bəyanatlarla çıxış ediblər. Avropa ölkələrinin bir çoxunun parlamentlərində Dağlıq Qarabağ məsələsi müzakirə olunub, erməni işğalını pisləyən qərarlar qəbul olunub. Almaniya parlamentinin deputatları Katerina Reyç, Aksel Fişer, Mixael Qlos, Olav Gutting, Marko Vandervitsin, Florian Han, Tomas Baries, Piter Tauber, Aleksandr Funk, Fransa parlamentinin üzvü Natali Qule, Rumıniya parlamentinin üzvü Luçian Militaru, Avropa parlamentinin Rumıniyadan olan deputatı İoan Encin və digərləri Ermənistanın işğalçı dövlət olması, Xocalı soyqırımını törətməsi ilə bağlı açıqlamalar vermiş, işğalçı dövlətin Azərbaycan ərazilərindən çıxması zəruriliyini vurğulamışlar.

Bütün bu faktların fonunda Moldova rəhbərliyinin Aureliya Qriqoriuya qarşı tutduğu mövqe heç bir ölçüyə sığmır və bu ölkənin demokratik prinsiplərdən çox uzaq olması təsəvvürünü yaradır. Biz Moldova parlamenti rəhbərliyinin hərəkətini bir daha pisləyir və hesab edirik:

1.Moldova rəhbərliyi erməni lobbisinin təsiri altından çıxmağa özündə güc tapmalı və ombudsman Aureliya Qriqoriuya qarşı rüsvayçı təzyiq və təhdid kampaniyasına son qoymalıdır.

2.Moldovadakı Azərbaycan diasporu cəsarətli və prinsipial ombudsmana qarşı erməni fitnəkarlığının zərərsizləşdirilməsi üçün təcili və təsirli addımlar atmalıdır.

3.Azərbaycan hökuməti Dağlıq Qarabağ məsələsində obyektiv mövqe tutmağa özündə cəsarət tapmış, haqq işimizi müdafiə etmiş bir xanıma divan tutulmasına imkan verməməli, onun müdafiəsi üçün bütün vasitələrdən istifadə etməli, beynəlxalq təşkilatların diqqətini dərhal bu məsələyə cəlb etməlidir.

4.Azərbaycan hökuməti Aureliya Qriqoriunun ölkəmizə dəvət olunması, ona siyasi sığınacaq, hətta vətəndaşlıq hüququnun verilməsini mümkün variantlardan biri kimi nəzərdən keçirməlidir.

5.Azərbaycan hökuməti Moldova ilə münasibətlərinə, əməkdaşlıq əlaqələrinə yenidən baxmaq haqda da düşünməlidir".

AzNews.az