“Böyük İpək Yolu”nun Qazaxıstanda regional nümayəndəliyi açılır

Qazaxıstanda "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının regional nümayəndəliyi açılacaq.

Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib.

Təşkilat üzv ölkələrlə səmərəli fəaliyyəti genişləndirmək üçün regional nümayəndəliklərini açmaq qərara alıb.

Regional səviyyədə fəaliyyət göstərəcəyi planlaşdırılan ilk nümayəndəlik Qazaxıstanın paytaxtı Astana şəhərində açılacaq. Nümayəndəliyin fəaliyyətə başlaması üçün artıq bütün işlər yekunlaşıb. Yaxın günlərdə rəsmi açılış mərasimi keçiriləcək. Nümayəndəliyə təşkilatın sədr müavini və Orta Asiya ölkələri üzrə koordinatoru Meyram Begentayev rəhbərlik edəcək.

Qazaxıstan Respublikasının Prezident Administrasiyası ilk regional nümayəndəliyin açılmasına dəstək verib.

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının ən fəal üzvlərindən biri olan Qazaxıstan noyabrın -29-31 keçirilmiş Üzvlər Şurasının ilk iclasına ev sahibliyi edib. Təşkilatın Orta Asiya nümayəndəliyinin açılması ilə regionda yeni fəaliyyət imkanlarının yaramasına, perspektivli layihələrin həyata keçirilməsinə, gənclər və mədəniyyət sahəsində əlaqələrin inkişafına öz töhfələrini verəcək.

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı 2012-ci ildə 25 ölkənin iştirakı ilə Bakıda təsis olunub. Beynəlxalq təşkilatın əsas hədəfi tarixi "ipək yolu"nun keçdiyi ölkələrdə yaşayan gənclər arasında əməkdaşlıqdır.

AzNews.az