Ustad haqda bitməyən yazı

Aylara deyil, illərə söykənən, peşə ilə bağlı söhbətlərimin "əsas mənbəsi" rolunda çıxış edən, dilimdən düşməyən bir Ad haqqında bu darmacalda yazı yazmaq reallığı ilə üzləşəcəyimdən, sözün açığı, əməlli-başlı həyəcan keçirirəm.

Bəlkə də illərdir bu yazıya doğru yol gəlirəm, amma heç vaxt hazır olduğumu düşünməmişəm; ürəyimdə və ürəyimə yazmışam o sözləri, düşüncəmdə vaxtaşırı olaraq "redaktə" də eləmişəm: amma vərəqə, daha doğrusu, bilgisayara köçürməmişəm. Az qala əlindən tutub, sənə yazmaq öyrədən bir Müəllim haqqında söz demək həddinə çatdığımı sanmıram, axı!

Ötən il Sabir Rüstəmxanlı ilə müsahibə-söhbətimizdə maraqlı bir söz dedi. Olduğu kimi yadımda deyil, amma mənası belə idi ki, yazı yazmaq üçün ən yaxşı şərait məcburiyyətdir: bəzən illərlə ürəyində gəzdirdiyin, amma yazmağa daha arxayın zaman gözlədiyin yazı ürəyinin bir küncündə atılıb qalır, yaza bilmirsən və o yükü ömür boyu daşıyırsan. Bu fikrə bir sözü də əlavə edək: ürəyindəki Sözü yazmaq üçün onun daha da yetişməsini gözləyə-gözləyə həyatını başa vuran azmı ziyalı gördük?

Ona görə bu da bir qismətdir, yəqin ki... Başlayaq, amma...

Bax elə indi, bu sözləri yazanda, hər yazımda olduğu kimi, növbəti dəfə Rauf Ağayevin - Rauf müəllimin - Ustadın - məsləhətlərindən biri yadıma düşdü.

Gör üstündən nə qədər keçib, İlahi! Mənsə elə bilirəm ki, dünən idi. Radiodan sonra qəzetçiliyə yenicə başladığım dövrün növbəti yazısını təqdim elədim. Oxudu, redaktə elədi, üstünü yazdı - əlbəttə ki, yazının girişi ilə bağlı xüsusi məsləhətlərini də dedi.

Səhərisi gün başqa bir yazıma baxdı, xeyli düşündü və:

- Qulaq as, - dedi, - sən dünənki sözümlə bağlı görünür əməllicə əziyyət çəkmisən. Belə elə, özünü əziyyətə salma, yazını başla, yaz, sona çatdır, sonra birinci abzası poz, ver yığılmağa (o vaxt yazını vərəqə yazırdıq, sonra "kompüter otağına" yığılmağa verirdik). Onda hər şey qaydasında olacaq.

İzah da elədi: ədəbiyyatçıların xəstəliyidi, yazıya mütləq giriş verməlidirlər, ancaq jurnalistika ayrı sahədir...

Beləcə, "jurnalistikanın hansı sahə olduğunu" gücüm çatdığı səviyyədə qavrayana qədər yazılarımın ilk abzasını pozandan sonra Rauf müəllimin redaktəsinə verirdim.

Niyə xatırladım bunu, bilirsinizmi? Görəsən, Ustad uzun illərdən sonra yalnız bu gün pozduğum o qaydaya görə məni danlamaz ki!

***

Tez-tez Rauf müəllimdən eşidirdim: "Nəsir müəllim deyirdi ki...", "Bir dəfə "Baku" qəzetində..."

Doğrusu, Ustadın niyə fikrini gücləndirmək üçün müəllimlərindən sitat gətirdiyini o zaman başa düşmürdüm. Amma indi onu o qədər yaxşı anlayıram ki! Çünki mənim də gənc həmkarlarımla söhbətimin əsas "bazasında" "Rauf müəllim belə vəziyyətdə deyirdi ki..." dayanır.

Hə, bu xətt fəaliyyətimin tərkib hissəsidir. "Rauf müəllim belə vəziyyətdə nə deyirdi, necə davranırdı" sualı ilə özümü nizamlamağa çalışıram. Çünki illərin təcrübəsi üst-üstə qalaqlandıqca, Rauf müəllimin nə qədər haqlı olduğunu növbəti dəfə görürəm - özü ilə aylarla, illərlə görüşməsəm də...

Bugünün özündə belə hərdən yazılarıma Ustadın gözü ilə baxıram və görürəm ki, heç də onun dediyi, istədiyi jurnalistika ilə məşğul deyilik. Elə Ustadın sözünün birini dünən həmkarlarıma xatırlatdım:

Eyni qəzetdə iki yazını göstərdi: biri "qırmızı terrorla" bağla arxiv materialları əsasında toplanan, əziyyətlə başa gələn, o dövrün mətbuatından istifadə edilməklə söz-söz, cümlə-cümlə hörülmüş böyük araşdırma (Ustadın öz yazısı idi), biri isə düz onun yanında, köşə həcmi səviyyəsində, "qırmızı terrorun" dəhşəti haqqında pafos və patetika ilə dolu gurultulu, çılğın, bircə fakt göstərilməyən yazı. Hər ikisini oxutdurdu:

- Görürsənmi? Jurnalistika beləcə məhv olur, fakt əsasında özünün nəticə çıxarmaq imkanları oxucunun əlindən belə alınır. Necə deyərlər, mətbuat olur "təşviqatçı və təbliğatçı". Amma medianın əsas yükü həqiqəti, faktı göstərməkdir, xəbər verməkdir axı!

***

Rauf müəllimdə qarşısındakını dinləmək qabiliyyəti heyrətamizdir: mənasız yerə onun qızıl vaxtını əlindən alarsan, sözünü kəsməz, diqqətlə dinləyər. Amma öz sözünü yığcam, konkret və çox aydın deyər - o qədər ki, bu gerçəyin qarşısında susub-durarsan.

Heç vaxt əsəbiləşdiyini büruzə verməzdi, hətta tənbəlliyimizi, materialı vaxtında çatdırmadığımızı görəndə də danlamazdı, sakitcə, gülə-gülə deyərdi:

- Sabah bir ağ səhifə buraxarıq, üstündən də yazarıq ki, hörmətli oxucu, bağışlayın, Anarın kefi olmadığına görə filan mövzuda yazını yazmayıb, bu ağ səhifəyə baxın, özünüz təsəvvür eləyin...

Dəfələrlə misal çəkdiyim bir sözü də var - aydın danışmaq və yazmaqla bağlı; yeri gəlib, onu da deyim.

Bir gün daxili nömrəylə otağına çağırdı.

- Burda yazmısan ki... (indi yadımda qalmayan cümləni oxudu). Nə demək istəmisən?

Dərhal özümə əl qatdım:

- Demək istəmişəm ki... yəni...

Qəhqəhə çəkdi:

- Sən belə elə: sabah tezdən dur yuxudan, eyni vaxtda bütün köşklərin qabağında ol və gözlə. Kim bizim qəzeti köşkdən aldısa, qolundan yapış, üzr istə, qəzeti al əlindən, aç həmin səhifəni, bu cümləni tap, ona oxu və izah elə ki, bu cümlə ilə nə demək istəmisən. Nəzərə al ki, 11 min tirajla çıxırıq, çatdıra bilərsən?..

(Gülüşmə qopmazmı?)

- Ay sağ ol, onda get, mənə necə izah etdinsə, eləcə də yaz: "yəni"dən sonranı yaz, bu cümləni isə poz!

***

Qəzetdən yazdım, yadıma düşdü ki, harda, necə və hansı şəraitdə çalışdığımızı deməmişəm. Köşklərin qabağında durub, izah verməmək üçün, "yəni"ni indi yazsam yaxşıdır.

On səkkiz il əvvəl böyük jurnalist Məmməd Nazimoğlu adına getmişdim "Xalq qəzeti"nə. İlk yazım da elə "Çayçı Məhəmməd"in ruhuna yaxın idi - Zooparkdan felyeton yazmışdım.

İkinci dəfə Məmməd müəllimin otağında oturub, növbəti yazım barədə danışanda qapı açıldı və ortaboy, gülərüz, nazik saqqalını xüsusi zövqlə xətləmiş ortayaş bir adam - indi düşünürəm ki, o vaxt "ortayaş" təsəvvür etdiyim bu şəxs cavan oğlanmış, heç 35 yaşı olmamışdı - içəri girdi. Kənarda oturmuşdum, içəri girən məni görmək üçün mütləq sağ çiyini üstündə dönməliydi. Adam dönmədi, gözünün kənarı ilə məni aldığını hiss elədim və sözünü Məmməd müəllimə dedi:
- Sənə demişdim ki, Anar Niftəliyev gələndə xəbər edərsən. O gənc gəlməyib hələ?

- Budey, oturub burda, - Məmməd müəllim gülümsədi, - həm də div kimi!

Əslində, Rauf müəllim bir göz atmaqla yeganə yazısını oxuduğu gəncin - mənim - kimliyimi bilmişdi. Hiss elədim ki, Məmməd müəllimdən qəsdən belə soruşdu və sonradan, Ustadla dostlaşanda özü də bunu təsdiqlədi.

- Sən bu "divi" də cücəyə döndərəcəksən, - deyib dərhal mənə yaxınlaşdı. Təbii ki, artıq ayaq üstəydim. Qoluma girdi. - Getdik, - dedi, - Mahalla (İsmayıloğlunu nəzərdə tuturdu) Məmməd səni məhv edəcəklər, bunlar nə bilir jurnalist yetişdirmək nə deməkdir? Bir də bu otağa gəlmə...

Məmməd müəllim qarnı atıla-atıla uğunub getdi (Allah rəhmət eləsin).

Demokratik mətbuatın əfsanələrindən olan "Aydınlıq" komandası "Xalq qəzeti"nə yenicə gəlmişdi, mən Rauf Ağayevin kurasiyasına beləcə düşdüm. Sonra "Xalq qəzeti"nin ən uğurlu layihələrindən olan "Bazar əlavəsi" işıq üzü gördü və Ustadın baş redaktorluğu ilə çıxan bu qəzetə "Rauf Ağayevin uşaqları" yığışdı.

***

Qəzet bazarını hiss etmək, mövzunu duymaq, paylaşmaq, izah etmək bacarığına təəccüblənməmək mümkün deyildi. Rauf müəllimlə bu sahədə müəyyən mənada Şahbaz Xuduoğlunu müqayisə edə bilərəm - əlbəttə ki, işlədiyim, gördüyüm, müşahidə etdiyim redaktorları nəzərdə tuturam.

Bir dəfə iclas keçirir, mövzunu izah edirdi. Sözünün şirin yerində Aynur Camalqızı, "Rauf müəllim, bir dəqiqə dayanın, xahiş edirəm", - deyib çantasını eşələdi.

Rauf müəllim təəccüblə niyəsini soruşdu.

- Diktafonu qoşum da... Siz elə danışırsız ki, daha onu yazmağa qəti ehtiyac yoxdur, elə dediklərinizi diktafona yazım, sonra köçürüm, olsun mükəmməl yazı...

Təbii ki, bu kiçik kollektivin qonşu otaqdakı "böyük qəzetin uşaqlarını" (formatına görə "Xalq qəzeti"nə belə deyirdik, "Bazar əlavəsi" A3-lə çıxırdı) diksindirən növbəti gülüşü qopmalıydı. Amma... hamımız həm də yaxşı bilirdik ki, Aynur Camalqızı doğrunu deyir: Rauf müəllim mövzunu məhz o səviyyədə izah edirdi - problemə necə yanaşmaq, hansı priyomlardan istifadə etmək lazımdır və s. Həm də nəzəri fikirlərini, "məsələn, belə..." - deyə az qala yazırmış kimi mükəmməl cümlələrlə əsaslandırırdı...

***

Qəribə bir doğmalıq yaratmışdı - "böyük qəzetin uşaqları" hərdən qısqanırdılar da: "Rauf redaksiya qurmayıb ki! - bir ailə yaradıb, hər birinizi də elə müdafiə edir, elə bil, balasısız!"

Xəbərimiz olmurdu, bu haqda bircə dəfə də danışmırdı, ancaq hansı yazımızı "Planlaşma"da necə müdafiə etdiyini eşidirdik - ordan-burdan, yəni: Məmməd Nazimoğlundan, Mahir Nəbilidən...

Kefinin saz vaxtlarında - bu isə çox tez-tez olurdu; həmişə onu nikbin, enerjili gördük, bir dəfə də qayğılarını (baxmayaraq ki, başından aşırdı) dilinə almırdı - "Bakı/Baku" qəzetindəki olaylar, şöbə müdiri, ağsaqqal Şakir Abdullayev, tələbə yoldaşları Araz Qurbanov və təbii ki, İlqar Həsənovla peşə macəralarından danışardı: uğunub gedərdik.

Hansını deyim, nəyi danışım? Bitib-tükənəndirmi?

O məzəli, gözəl əhvalatlar bir-bir yaddaşımıza köçüb - insallah, Ustadın nə vaxtsa onları "yazılı formada" sizlərə də təqdim edəcəyinə inanıram.

***

Çox diqqətli adamdı - gözündən heç nə yayınmaz. Səninlə şirin-şirin söhbət edə-edə gedər - ətrafa baxmadan, üzünü çevirmədən, ancaq ətrafı necə müşahidə etdiyini sonradan danışanda ağzın açıla qalar: hansı adam hardan keçdi, necə dayandı, hansı vitrində nəyi qoymuşdular və o, o birisi ilə müqayisədə niyə daha keyfiyyətsiz və baha idi...

Hərdən yanına girirdim:

- Mövzum yoxdur, Rauf müəllim, bilmirəm nədən yazım...

- Nəsir müəllim deyirdi ki, o jurnalist ki, pəncərənin qabağında dura-dura, şəhərə baxa-baxa mövzu qıtlığı çəkir, apar tulla...

Hə, indinin özündə də pəncərənin qabağına keçib şəhərə baxanda Ustadın bu sözləri qulağımda cingildəyir və hər yeri "mövzu" görürəm...

***

Həmişə düşünmüşəm: əgər nəsə uğurum varsa, hansısa yazım bəyənilirsə, o, Rauf Ağayevindir! Hansı yazım qınanılırsa, bəyənilmirsə; hansı yazıya görə təqibə, təhdidə məruz qalıramsa, bu, mənim günahımdır. Bunu tam səmimiyyətimlə deyirəm: çünki müşahidə eləmişəm, dəfələrlə görmüşəm; çünki hamısını izah edib, axı - həm də günlərlə, aylarla...

Çox istedadlı publisistlərimiz, böyük jurnalistlərimiz olub, var, olacaq, amma öz sahəsində həm də Müəllim olmaq, sözün həqiqi mənasında ardıcıl yetişdirmək hər adamın qabiliyyəti deyil. Rauf Ağayev - fitrətən Müəllimdir, Ustaddır!

İndi də çətinlik çəkdiyim məsələlərdə, "bax, bunu Rauf müəllim mənə öyrətməyib" deyirəm. Bəlkə də sonradan təcrübəm artdı, ancaq nəyi ki, Ustad öyrətmişdi, təcrübə də onların üstünə gəldi. Nəyi ki öyrətməmişdi... Məsələn, hələ də "xəbər" bacarmıram: çünki Ustad bizə "xəbər verməyi" öyrətməyib, - sözün bütün mənalarında; - xəbəri də yazı kimi işləyirəm.

Bəlkə də zaman yetmədi, yollarımız bir az tez ayrıldı. Baxmayaraq ki, "artıq burda qalmayın, məhv olarsız, - su da bir yerdə çox qalanda, iylənir; böyük mediaya çıxın" - məsləhətini də ondan almışıq.

***

Rauf müəllim haqqında yazını başlaya bilərəm, amma bitən deyil, bir ömür yazsam da, qurtarmaz, tamamlanmaz. Bəzən gördüyün bir günü, hətta bir anı yazmağa illər yetmir. Əgər bu gördüyüm və xarakterimə, yaddaşıma hopan anlar 3 ili aşırsa, onda necə?

Yaşım artdıqca Rauf müəllimi daha çox qiymətləndirirəm və doğrusu, qürur duyuram: hər kəsə Rauf kimi Müəllim, Ustad nəsib olmur. O, həm də arxadır: ən çətin anımda əl atdığım Dost, məsləhətinə ehtiyac duyduğum Böyük Ziyalı!

Ustad, ad günün mübarək, əlimdən tutub yazı öyrətdiyin Əlindən öpürəm!

AzNews.az