Sorğu: Əhalinin 82 faizi İlham Əliyevi dəstəkləyir

Azərbaycan əhalisinin mütləq əksəriyyəti prezident İlham Əliyevi dəstəkləyir.

APA-nın məlumatına görə, bu ilin avqustunda "Rəy" Monitorinq Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 84,7% hazırkı dövlət başçısı İlham Əliyevə səs verməyi düşünür.

Respondentlərin 82%-i İlham Əliyevin onların maraqlarına cavab verdiyini, 6%-i cavab vermədiyini, 5%-i "əsasən cavab vermədiyini" deyiblər. Digər respondentlər bu sualı cavablandırmaqda çətinlik çəkiblər.

Sorğuya görə, əgər "prezident seçkiləri qarşıdan gələn bazar günü" keçirilsəydi, rəyi soruşulanların 62%- səsverməyə gedəcəyi cavabını verib. Respondentlərin 20%-i səsvermədə "yəqin ki, iştirak edəcəyini", 13%-i isə səsverməyə getməyəcəyini bildirib, rəyi soruşulanların 5%-i cavab verməkdə çətinlik çəkib.

"Milli Şuranın prezidentliyə ehtiyat namizədini irəli sürməsindən xəbərdarsınızmı" sualı ilə müraciət edilənlərin 90,4%-i bu barədə ilk dəfə eşitdiklərini, 9,6%-i isə məlumatlı olduqlarını bildiriblər. Məlumatlı olanların 60%-i isə Bakıdakı respondentlər olub.

Namizəd barədə məlumatlı olanların 58,3%-i onun adını çəkə bilsə də, 41,7%-i onu tanımadıqlarını bildiriblər.

Sorğuda müxalifətin potensial namizədlərindən Cəmil Həsənliyə 0,4%, Rüstəm İbrahimbəyova 0,2%, İsa Qəmbər, Əli Kərimli, Rəsul Quliyev və Eldar Namazov isə 0,1%-dən 0,3%-dək səs toplayıblar.

Sorğuda "yəni müxalifət" adlandırılanlar isə namizəd siyahısına düşməmiş prezidentliyə iddialılar da daxil olmaqla respondentlərin 1,5%-nin səsini alıblar.

Qeyd edək ki, hesabat 2013-cü il avqustun 26-30-da keçirilmiş "omnibus" tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb. Sorğu təsadüfi seçmə üsulu ilə Azərbaycanın 10 sosial-iqtisadi zonası üzrə 36 yaşayış məntəqəsini əhatə edib.

Üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18-dən yuxarı olan 1535 nəfər iştirak edib. Nisbi xəta 3 faizdir.

AzNews.az