İsmət Abasov Samuxda qəbul keçirdi - FOTO

Kənd təsərrüfatı naziri İsmət Abasov Samuxda fermerləri qəbul edib.


Qəbuldan əvvəl İsmət Abasov rayonun Əhmədbəyli kəndində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatına baş çəkib və burada yaradılan şəraitlə tanış olub. Müəssisənin yüksək keyfiyyətlə istehsal etdiyi ağartı məhsulları Gəncə və ətraf rayonlarda satışa çıxarılır. Müəssisədə 30 nəfərə yaxın vətəndaşın daimi işlə təmin edildiyi bildirilib.

Daha sonra nazir rayonda xəstə heyvanları olan təsərrüfatlara baş çəkib, qaramalın müalicə prosesi ilə yaxından tanış olub. O qeyd edib ki, ölkə rəhbərinin göstərişi ilə respublikada baytarlıq sahəsinin imkanlarının artırılması ilə bağlı vəsait ayrılıb. İ.Abasov rayonlarda sahə baytarlıq məntəqələrinin bazalarının və dərman preparatları ilə təchizatının daha da gücləndiriləcəyini bildirib.

Rayon mərkəzində keçirilən qəbulda Samux, Daşkəsən, Göygöl, Yevlax və Goranboydan 60-a yaxın fermer iştirak edib. Qəbulda istehsal edilən toxumun satılması, məhsulların tədarükü ilə bağlı çətinliklər, kənd təsərrüfatında işlədilən texnika çatışmazlığı, mineral gübrələrin qiymətinin yüksək olması, kreditlərə tələbat, elmi tədqiqat müəssisəsinin xidməti evlərində məskunlaşanların oradan çıxarılması ilə əlaqədar müraciətlər olub.

Nazir bildirib ki, bütün şikayətlər dinlənilib və əksəriyyəti yerindəcə həll edilib. İsmət Abasov nazirliyə aid olmayan şikayətlərin müvafiq orqanlara yönəldiləcəyini də bildirib.

AzNews.az