Tapqaraqoyunluya su çəkildi- Foto

İndiyədək əhali içməli su kimi Ermənistan ordusunun nəzarətində olan ərazilərdən axıb gələn İncə çayından ayrılmış arxın suyundan istifadə edirdi

Cəbhə xəttində olan kəndlərə də su çəkilir. "Azərsu" Səhmdar Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq, cəbhə xəttindən bir neçə yüz metr məsafədə yerləşən Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə içməli su çəkilib.

Bu barədə AzNews.az-a "Azərsu"nun mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, bu layihə də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilib.

Yeni infrastrukturun istismara verilməsi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev layihənin başa çatdırılmasını yüksək qiymətləndirib: "Cəbhə xəttində yerləşən Tapqaraqoyunlu kəndinin sakinləri uzun illərdir içməli sudan əziyyət çəkirdi. "Azərsu" ASC-nin həyata keçirdiyi layihə üzrə işlər qısa müddətdə başa çatıb, kənd əhalisinin içməli su problemi həllini tapıb".

"Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-nin direktoru Etibar Məmmədov bölgələrdə, xüsusilə ucqar kəndlərdə içməli su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərdən danışıb: "Cəbhə xəttində yerləşən bu kəndin sakinləri uzun illərdir içməli sudan əziyyət çəkirdi. Bundan sonra kənd sakinləri keyfiyyətli içməli sudan fasiləsiz olaraq istifadə edə biləcəklər".

Tədbirdə çıxış edən sakinlər kəndə içməli suyun verilməsini böyük sevinclə qarşılayıb.

Goranboy rayonunun Tapqaraqoyunluda su mənbəyi kimi kəndin yaxınlığından keçən Ballıqaya-Goranboy magistral su xətti seçilib. Buradan Tapqaraqoyunlu kəndinə 14 km uzunluğunda magistral su xətti çəkilib. Kənd əhalisini fasiləsiz və özüaxımlı rejimdə içməli su ilə təmin etmək məqsədi ilə hər birinin tutumu 300 kubmetr olan 2 ədəd su anbarı inşa edilib, müxtəlif diametrli borularla 35,6 km uzunluğunda paylayıcı şəbəkə yaradılıb və 800 ünvana birləşmə verilib. Bununla da Tapqaraqoyunlu kəndinin 2400 sakini 24 saat fasiləsiz içməli su ilə təmin olunub. Qeyd edək ki, indiyə qədər yerli əhali içməli su kimi Ermənistan ordusunun nəzarətində olan ərazilərdən axıb gələn İncə çayından ayrılmış arxın suyundan və bir ədəd artezian quyusundan daşınma yolu ilə istifadə edirdi.

AzNews.az