Ölkədə məmur həyəcanı: “Vurulacağını” gözləyən vəzifə sahiblərinin “mülk əməliyyatı” - ÖZƏL

Prezident seçkilərinə bir aydan da az qalmış hakimiyyətdə təmsil olunan orta çinli məmurlar arasında həyəcan təbili çalınmağa başlanıb.

Bu barədə müvafiq qurumlardan AzNews.az-a daxil olan məlumatlarda bildirilir ki, artıq ötən ayın əvvəlindən başlayaraq, yüzlərlə məmur özlərinin, hətta yaxın və uzaq qohumlarının adına olan əmlaklarını etibar etdikləri başqa şəxslərin adına keçirirlər. Dövlət Əmlak Komitəsindəki mənbələrdən daxil olan bilgilərə görə, son ay yarım ərzində komitədə hədsiz hərəkətlilik müşahidə olunur. Mənbə bildirir ki, əl dəyişdirən əmlakların dəyərlərinə nəzər saldıqda, bütün bu mülklərin sıradan bir vətəndaşa aid olmadığını dərhal anlamaq olur. Məlumata görə, burada söhbət milyonluq daşınmaz əmlaklardan gedir. Qaynağımız bildirir ki, sənədləşmələrin intensiviliyini izlədikdə, bu prosesin kütləvi xarakter daşıdığı və müəyyən bir həyəcandan doğduğunu sezmək mümkündür.

Bu sənədləşmə işlərində birbaşa iştirakçılardan olan mənbəmiz deyir ki, mülklərini başqalarının adına keçirən şəxslərin siyahısına göz atdıqda onlarla tanış ada da rast gəlib. Bildirilir ki, əsasən bir sıra nazirlərin, icra başçıları və digər yüksək ranqlı vəzifə sahiblərinin müavinləri, həmçinin, bu və ya digər formada korrupsiya əməllərinə qarışmaq imkanı olan məmurların adına rast gəlinən bu cür siyahılarda əl dəyişdirən mülklərin dəyəri ümumilikdə yüz milyonlarla manata bərabərdir. Bu da onu deməyə əsas verir ki, korrupsiya və rüşvətə bulaşmış yüzlərlə məmur prezident seçkilərindən sonra kadr islahatlarına qurban gedəcəklərini anlayır və bu günə qədər yığdıqlarını əllərində saxlamağın yollarını axtarırlar.

Xatırladaq ki, prezident İlham Əliyev də son çıxışlarında məmurlarla bağlı sərt ifadələr işlətmiş, qudurğan, harınlamış dövlət işçilərinin varlığından və bu cür adamların cəzalandırılacağından bəhs etmişdi.

Məmurlara bu barədə xəbərdarlığı Yeni Azərbaycan Partiyasının icra aparatının rəhbəri, partiyanın prezidentliyə namizədi İlham Əliyevin Mərkəzi Seçki Komissiyasındakı səlahiyyətli nümayəndəsi Əli Əhmədov da etmişdi. YAP rəsmisi partiyasının seçki kampaniyası ilə bağlı çıxışında bildirmişdi ki, seçkilərdən sonra kadr islahatları gözləniləndir.

Ə.Əhmədov həmçinin, mətbuata verdiyi sonuncu müsahibəsində də bu məqama diqqət çəkib. O bildirib ki, İlham Əliyev özü də YAP-ın sədri olaraq harınlamış məmurlarla mübarizə məsələsini diqqət mərkəzinə çəkməklə partiyanı bu hallara qarşı mübarizəyə səsləyib.

Sitat: "Güman edirəm ki, bu çağırışlar nəticəsiz qalmayacaq, bunların şahidi olacağıq. Eyni zamanda cəmiyyətimiz inkişaf etdikcə, xüsusilə də ayrı-ayrı sahələrdə münasibətləri tənzimləyən mexanizmlər təkmilləşdikcə bu harınlama ehtimalları azalacaq. Mən buna inanıram. Bəlkə də gələcəkdə, irəliləyən illərdə harın məmurların sayı indikindən əhəmiyyətli dərəcədə azalacaq. Daha doğrusu, məmurun ona verilən səlahiyyətlərə görə harınlamaq şansı əlindən alınacaq. Prezident və onun partiyası bunu etməyə nail olacaq. Azərbaycan artıq yeni inkişaf mərhələsinə gəlib. Dəyişiklik və yeniliklər istər-istəməz olacaq".

Hakimiyyət rəhbərinin və digər məsul şəxslərin son açıqlamalarına diqqət yetirdikdə seçkilərdən sonra ciddi kadr islahatlarına gediləcəyi mesajını rahatlıqla almaq mümkündür. Biz jurnalistlərdən daha çox hakimiyyətdə gedən proseslərdən xəbərdar olan məmurlar isə bunu bilməmiş deyillər. Məhz bu səbəbdən də onlar qanunsuz vasitələrlə yığdıqlarını qoruyub saxlamağın həyəcanı içərisindədirlər.

Elnur
AzNews.az