“Sosial müavinətlər haqqında” qanun müzakirəyə çıxarıldı

Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Sosial müavinətlər haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, komitə sədri Hadi Rəcəblinin rəhbərliyi ilə keçirilən iclasda layihə barədə Milli Məclis aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova məlumat verib.

Dəyişikliyə əsasən, qanunun 10-cu maddəsində sosial müavinətlərin təyin edilməsi və ödənilməsi ayrılaraq ayrı-ayrı maddələrdə verilir. Maddə 10- da sosial müavinətin təyin edilməsi ayrıca, yeni əlavə olunan 10.1-də sosial müavinətlərin ödənilməsi ayrıca verilir. Eyni zamanda yeni 10.1-ci maddədə ayrıca qeyd olunan sosial müavinətlərin ödənilməsində yeniliklər də var. Yeniliklərə əsasən müavinətlər tam olaraq ödəniləcək. Cəzaçəkmə müəssisələrində və həbsdə saxlanılma yerlərində məhkumlara müavinət, məhkəmənin fərqli qərarı yoxdursa, tam məbləğdə ödənilir. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir.

Yeni maddəyə edilən digər yenilik isə ondan ibarətdir ki, sosial xidmət müəssisəsində yaşayan, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, özünün əsas həyati tələbatını müstəqil təmin edə bilməyən, çətin həyat şəraitində olan şəxslərə təyin edilmiş müavinət onların qəyyumlarına və ya himayədarlarına ödənilir.

Layihə səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə olunub.

AzNews.az