Bayram Hüseynzadə nazirlikdən nəşriyyata “sürgün” edildi

Məlum olduğu kimi, Təhsil Nazirliyi Cəsarət Valehovun İnformasiya şöbəsinin müdir müavini və həmin şöbənin Qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri təyin edilməsi xəbərini rəsmən təsdiqləyib. Nazirliyin yaydığı məlumata görə, Təhsil Nazirliyinin ləğv olunmuş İctimaiyyətlə əlaqə şöbəsinin sabiq müdiri, "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Bayram Hüseynzadə isə həmin qəzetə rəhbərliyini davam etdirəcək.

Təhsil Nazirliyindəki vəzifəsini itirərək hələlik yalnız "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru kimi fəaliyyətini davam etdirən mətbuat xidmətinin keçmiş rəhbəri Bayram Hüseynzadə nazirlikdəki otağından da məhrum edilib.

AzNews.az-a daxil olan məlumata görə, ictimaiyyətlə əlaqələr şöbəsi ləğv edildikdən sonra da bir neçə gün nazirlikdəki kabinetindən istifadə edən B.Hüseynzadə sentyabrın 18-də "Azərbaycan" nəşriyyatına göndərilib.

Qeyd edək ki, "Azərbaycan müəllimi" qəzetinin redaksiyası "Azərbaycan" nəşriyyatında yerləşsə də, B.Hüseynzadə əvvəllər qəzetə nəzarəti nazirlikdən həyata keçirib. İndi isə onun nazirlikdəki kabineti "Azərbaycan" nəşriyyatındakı otaqla əvəzlənib.

Azər
AzNews.az