"Palmali ailəsi ilə birlikdə hər zaman prezidentin yanındayam" "Palmali ailəsi ilə birlikdə hər zaman prezidentin yanındayam"

“Mən səsimi İlham Əliyevə verəcəm“- Mübariz Mənsimov

"Palmali ailəsi ilə birlikdə hər zaman prezidentin yanındayam"





Tanınmış iş adamı, PALMALİ Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov yap.org.az saytına müsahibə verib.

- Mübariz müəllim, Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı mövcud vəziyyəti necə qiymətləndirmək olar?


- Son 10 ildə Azərbaycanda müşahidə edilən sosial-iqtisadi tərəqqi mahiyyət və miqyasına görə Azərbaycan tarixində görülməmiş bir hadisədir. Bu hadisə Vətəndən uzaqda dahi aydın şəkildə görünür. 20 ilə yaxındır ki, Vətəndən uzaqdayam və son on il ərzində əldə edilən nailiyyətləri bir fenomenal olay kimi görürəm.

Hər bir ölkənin iqtisadi qüdrət göstəricisi hesab edilən Ümumi Daxili Məhsul Azərbaycanda bu dövr ərzində 3 dəfədən çox artmışdır. Neft və qaz sahələri ilə yanaşı, iqtisadiyyatın şaxəli inkişaf etdirilməsində mühüm nailiyyətlər qazanılmışdır, yeni iş yerləri yaradılmış və əhalinin həyat səviyyəsinin yüksəldilməsində vacib uğurlar əldə edilmişdir. Məni ən çox sevindirən Azərbaycanda yoxsulluq səviyyəsinin 9 dəfə azalmasıdır.

Belə bir inkişafın özülündə duran ən mühüm amillərdən biri sahibkarlığın iqtisadiyyatın əsas aparıcı qüvvəsinə, yəni "lokomotivinə" çevrilməsidir. Bu gün özəl sahibkarlıq qurumları artıq həm daxili bazarın tələbatının ödənilməsində, həm də ölkənin ixrac potensialının artırılmasında həlledici rola malikdir. Burada bazaryönümlü islahatların gecikmədən və səmərəli şəkildə aparılması önəmli rol oynayıb.

Sahibkarlığın dəstəklənməsi və investisiya mühitinin yaxşılaşdırılması sahəsində Azərbaycanda əldə olunan uğurlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ilbə-il müsbət qiymətləndirilməsi də prezident İlham Əliyevin gördüyü işlərin və yürütdüyü siyasətin nə qədər doğru olduğunu göstərir.

- Sizcə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı necə həyata keçirilir?

- Dünya ölkələrinin təcrübəsi göstərir ki, sürətli iqtisadi artım və sənayeləşmə mövcud olan ölkələrdə paytaxtlar və iri meqapolislər daha sürətlə injkişaf edir, ucqar kənd yerləri və ətraf bölgələr isə geridə qalır. Bəzən belə inkişaf modeli ona gətirib çıxarır ki, ucqar bölgələrdə işsizlik artır, yoxsulluq dərəcəsi yüksəlir.

Azərbaycanda isə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindən biri də ölkənin regionlarının tarazlı inkişaf etdirilməsidir. Dövlət səviyyəsində qəbul olunmuş məqsədli proqramlar vasitəsilə Azərbaycanın bölgələrində həm sosial, həm də istehsal infrastrukturunun inkişafı imkan verir ki, bölgələrdə sosial məsələlər də daha səmərəli şəkildə həll olunsun.

Bu söylədiklərimi tez-tez ölkəmizin Cənub bölgəsinə getdiyim və bilavasitə apardığım müşahidələrə, araşdırmalara görə söyləyirəm. Hazırda reqionların sosial-iqtisadi inkişafı üzrə ikinci Dövlət Proqramı həyata keçirilir və bu il yekunlaşmaq üzrədir. Proqramın icrası Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin daimi nəzarətindəndir və əminəm ki, adıçəkilən Dövlət Proqramında nəzərdə tutulmuş vəzifələr tam və artıqlaması ilə yerinə yetiriləcəkdir. Bildiyim qədər Azərbaycan Respublikasının Prezidenti regionların sosial-iqtisadi inkişafı üzrə yeni 5-illik Dövlət Proqram üzərində çalışır. Bu olduqca sevindiricidir, çox qürürluyam.

- Sizin Prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı sərəncamlarına münasibət necədir?

- Bayaq dediyim kimi, sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Əlamətdardır ki, işgüzar mühitin qabaqcıl beynəlxalq standartlar əsasında təkmilləşdirilməsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindəndir. Buradan, xaricdən baxanda, məsələn, Azərbaycanda sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının "bir pəncərə" prinsipi ilə həyata keçirilməsi, yaxud sahibkarlara güzəştli şərtlərlə kredit verilməsi ancaq alqışlanmalıdır. Bu bizim beynəlxalq iqtisadi çevrələrdəki reytinqimizi də xeyli yüksəldir, ölkənin investisiya cəlbediciliyini daha da yüksəldir.

İşlə əlaqədar çox səyahət edirəm, ayın 15-20 günü İstanbuldan kənardayam, hər gün müxtəlif miqyasda iş adamları, sahibkarlarla qarşılaşır, fikir mübadiləsi aparıram. Bu gün onların hamısı ölkəmizə, onun sabahına inanır, inamla yatırımlar həyata keçirirlər. Bu da nəticə etibarı ilə iqtisadiyyatın inkişafında və onun strukturunun şaxələnməsində öz əksini tapır. Bütün bunlar əsas məqsədə xidmət edir - yeni iş yerlərinin yaradılması və əhalinin sosial rifahının yaxşılaşdırılması.

- Sizcə, Türkiyə ilə Azərbaycan arasında iqtisadi münasibətlər sahəsində və bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün nə etmək lazımdır?

- Türkiyə-Azərbaycan iqtisadi münasibətləri son illər sevindirici dinamika nümayiş etdirməkdədir. Əgər Azərbaycanın müstəqilliyinin ilk illərində, yəni 1990-2000-ci illərdə bu münasibətlər əsasən ticarət əlaqələri ilə məhdudlaşırdısa, bu gün həm ikitərəfli ticarət daha da genişlənir, həm də iqtisadi əməkdaşlıq yeni mərhələyə - sıx iqtisadi inteqrasiya mərhələsinə qədəm qoymaqdadır. Türkiyə kapitalının Azərbaycan iqtisadiyyatında fəal iştirakı, eyni zamanda, Türkiyyədə də Azərbaycan mənşəli kapital qoyuluşlarının geniş vüsət alması məhz bundan xəbər verir.

Mənə elə gəlir ki, biz artıq elə bir mərhələyə yaxınlaşırıq ki, dünya iqtisadi arxitekturasında Türkiyə və Azərbaycan vahid mövqedə yer almaları gündəmdə durur. Dövlət səviyyəsində həyat keçirilən iqtisadi əməkdaşlıq, o cümlədən artıq öz bəhrəsini vermiş və bu gün də verən Baklı-Tiflis-Ceyhan kəməri, tikilıməkdə olan və yaxın gələcəkdə istifadəyə veriləcək Bakı-Tiflis-Qars dəmir yolu, həmçinin qarşıdakı yaxın illərdə həyata keçiriləcək TANAP layihəsinin kimi irimiqyaslı enerji və logistik layihələrin reallaşdırılması bu məsələnin gerçəkliyə çevriməsinə etibarlı zəmin yaradır.

Bununla yanaşı, bu gün çox vacib bir məsələ, fikrimcə, iki ölkə arasında iqtisadi, digər əlaqələr üçün əngəl ola biləcək, bu əlaqələri hər hansı şəkilıdə əngəlləyə biləcək maneələrin araşdırılması və onların tezliklə aradan qaldırılması olmalıdır. İkitərəfli ticarət, əmək miqrasiyası, qarşılıqlı investisiya mühitinin optimallaşdlrılması, həmçinin iqtisadi qanunvericiliyin eyniləşdirilməsi aktual istiqamətlər kimi qeyd edilə bilər.

- Azərbaycan – Türkiyə iqtisadi əlaqələrinin indiki vəziyyəti gələcəkdə bu ölkələrin iqtisadi güc mərkəzlərinə çevrilməsinə stimul verə bilərmi?

- Düşünülmüş və ardıcıl həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu mümkün ola bilər. Azərbaycan Cənubi Qafqazda, Türkiyə Yaxın Şərqdə iqtisadi güc mərkəzinə çevrilə bilər. Artıq bu istiqamətdə gərəkli addımlar atılmış və müsbət nəticələr var. Bu işlər qarşıdakı illərdə daha mütəşəkkil qaydada aparılmalı, zəruri islahatlar həyata keçirilməli, biznes mühiti yaxşılaşdırılmalı, təhsilin və səhiyyənininkişafına xüsusi diqqət yetirilməlidir. Eyni zamanda, vacib infrastruktur layihələrinin gerçəkləşdirilməsi davam etdirilməlidir. Bununla bərabər, yaxın qonşu ölkələrlə də qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq əlaqələri daha da gücləndirilməli, beynəlxalq hüquq münasibətlərinə riayət olunmalıdır.

Qitələrə yayılmış Palmali Vətənim, onun parlaq gələcəyi üçün hər zaman maddi və mənəvi dəstəyini əsirgəməyəcəkdir.

- Palmali Şirkətlər Qrupunun Azərbaycanda daha hansı layihələri gözlənilir?

- Bildiyiniz kimi Lənkərənda bizim modern süd və süd məhsulları zavodumuz var. Qeyri-təvazökarlıq kimi olmasın, apardığımız bazar araşdırmaları bizim Pal Süd brendinin xalq tərəfindən sevildiyini göstərir. Buraya böyük miqdarda kapital qoymuşuq, bu zavod cənub bölgəsinin ən önəmli quruluşlarından biridir. Təbii ki, mən və mənim komandam bu brendin daha da inkişaf etdirilməsi üzərində düşünür, böyük planlar üzərində çalışır. Düşünürəm ki, Palmali-nin Azərbaycanda kənd təsərrüfatı və qida sektoruna yatırımları durmadan davam edəcəkdir.

Dəniz daşımaçılığı, yəni gəmiçilik bizim əsas işimizdir. Lakin, Sizin də bildiyiniz kimi bu gün 30 minə yaxın çalışanımızla biz gəmiçilik xaricində həm də turizm, otel biznesi, inşaat, aviasiya,tərsanəçilik, liman işlətməsi, media və b. sahələrdə də fəaliyyət göstəririk. Bu fəaliyyətlər dünyanın 20-dən çox ölkəsindəki ofis və təmsilçiliklərimiz vasitəsilə aparılır. Yaxın zamanda Vətənimdə başqa sahələrə də irimiqyaslı yatırımlar qoymağı planlayır və bununla da Dövlət Başçımızın yürütdüyü uğurlu iqtisadi siyasətə öz dəstəyimizi göstərməyi düşünürəm.

Azərbaycanımızı önümüzdəki illərdə daha da böyük zirvələrə daşımaq üçün Böyük Millətimiz birlik və bərabərlik içində gecə-gündüz demədən çalışmalı, Qarabağımızın xoş sabahı uğrunda hər şeyimizi fəda etməliyik. Mən də çoxmillətli və çoxminli Palmali ailəsi ilə birlikdə hər zaman xalqımın, onun Prezidentinin yanındayam.

Qarşıdakı Prezident seçkilərində mən səsimi Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab İlham Əliyevə verəcəyəm. Müdrik və uzaqgörən xalqımızın da namizədinin möhtərəm İlham Heydər oğlu Əliyev olduğuna inanıram.

AzNews.az