İpoteka krediti ilə bağlı yeni model təklif edilir - Video

Ölkədə ipoteka kreditlərinin verilməsi ilə bağlı irəli sürülən yeni təkliflərdən biri də Almaniyada geniş tətbiq edilən yaşayış-tikinti banklarının yaradılmasıdır. Yeni yaradılacaq bu bankın təsisçisi və səhmdarı dövlət olacaq. Ancaq qurumun maliyyə resurslarının formalaşmasında vətəndaşların əmanətlərinin də xüsusi rolu olacaq. Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyevin sözlərinə görə yaşayış-tikinti bankının yaradılmasında əsas məqsəd əhali üçün ipoteka şərtlərini yüngülləşdirməkdir.

"Tutaq ki, bir evin dəyəri 50 min manatdır, bu vətəndaş da bir 10 min manatlıq əmanət qoyur. O əmanətlərin hesabına o resurslar formalaşacaq və evlər tikiləcək. Vətəndaş həmin 10 min manat əmanəti hesabına mənzil almaq hüququ qazanacaq, Yəni əmanətlərini orada yerləşdirməklə mənzil hüququnu əldə edəcəklər",- deyə Alim Quliyev bildirib

Əhalinin ipoteka kreditlərini götürməkdə çətinlik çəkdiyi əsas məqamlardan biri məhz ilkin ödənişlə bağlıdır. İpoteka krediti götürmək istəyənlər almaq istədikləri mənzilin dəyərinin 20 %-ni əvvəlcədən ödəməlidirlər. Əksər insanların isə buna imkanı çatmır. Ekspertlər də hesab edirlər ki, hazırda ev sahib olmaq istəyən vətəndaşların tikinti əmanət banklarına böyük ehtiyacı var, bunu nəzərdə tutan layihənin qəbulu tezləşdirilməlidir. Çünki əmanət tikinti banklarının fəaliyyətə başlaması üçün müəyyən vaxt tələb olunur.

"İnsanlar artıq banka müəyyən bir dövrdə əmanət yatırmaqla özünün ilkin ödəniş problemini həll edir. Həmçinin ucuz faizlə kredit götürmək imkanı əldə edir. Bu gün ölkədə kreditlərin faizləri yüksəkdir. Həmin faizlərlə heç vaxt ev almaq mümkün olmaz",- deyə iqtisadçı Samir Əliyev bildirir.

Mərkəzi Bank ipoteka kreditləri ilə bağlı 2013-2017-ci illəri əhatə edən strategiyanı artıq hökümətə təqdim edib, hazırda onun müzakirələri aparılır. Bu strategiyada sosial ipotekanın əhatə dairəsinin genişlənməsi, ipoteka məbləğlərinin və faizlərinin daha səmərəli istiqamətdə dəyişdirilməsi öz əksini tapıb. Strategiya müvafiq qurumlar tərəfindən bəyənildikdən sonra xüsusi dövlət proqramının qəbul edilməsi gözənilir.

Hazırda ipoteka kreditlərinin verilməsi şərtlərinə gəlincə, gənc ailələr, müharibə əlilləri, hərbçilər və digər imtiyazlı şəxslərə verilən sosial ipoteka maksimum 50 min manat olmaqla 4 %-lə 30 illiyə, adi ipoteka isə maksimum məbləği 50 min manat olmaqla 8%-lə 25 illiyə verilir. Amma kommersiya banklarının öz xətti ilə verdikləri ipotekanın faizi daha yüksəkdir.(ANS PRESS)