Ramil Usubov polislərə tapşırıq verdi

Sentyabrın 30-da Daxili İşlər Nazirliyində (DİN) "Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icrası"nın və "Cinayətkarlıqla mübarizədə bayır xidmətinin rolunun artırılması sahəsində görülən işlərin vəziyyəti"nə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, nazirlik sistemində əməliyyat-xidməti fəaliyyətin təşkilində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Gündəlikdəki birinci məsələ ilə əlaqədar nazir müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-mayoru Fazil Quliyev çıxış edib. O deyib ki, Azərbaycan Respublikasının Qanunlarının, ölkə Prezidentinin fərman və sərəncamlarının, aidiyyəti dövlət proqramlarının icra vəziyyətinin müzakirə edildiyi Kollegiya iclasından ötən dövr ərzində xeyli iş görülmüş, o cümlədən cinayətlərin qarşısının alınması, açılması, istintaqı, cinayətkarların axtarışı, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair sahələr üzrə 32 informasiya sistemi yaradılaraq istifadəyə verilib.

"Açıq Hökumətin təşviqinə dair" Milli Fəaliyyət Planına uyğun olaraq, informasiya azadlığı üzrə məsul şəxs müəyyən edilib, habelə Nazirliyin və onun struktur qurumlarının internet saytlarında xidməti fəaliyyətdə şəffaflığın artırılması, vətəndaşların hüquqi maarifləndirilməsi üzrə görülmüş işlər, aidiyyəti qanunvericilik aktları, göstəriləcək elektron xidmətlər barədə məlumatlar yerləşdirilmişdir ki, onlar da vaxtaşırı yenilənir. Planın icrası çərçivəsində 2012-ci ildə və cari ilin 6 ayında Nazirliyin və struktur qurumların rəhbərliyi tərəfindən 8.400, ərazi polis orqanlarının rəisləri tərəfindən 97.018 vətəndaş qəbul edilib.

Ümumilikdə, 105 mindən çox ərizə və şikayət nəzarətə götürülərək ətraflı və operativ araşdırılmış, təşəbbüskarlara dolğun yazılı cavablar verilmiş, hüquqları izah olunub. Korrupsiyaya şərait yaradan halların aradan qaldırılması ilə bağlı ölkə başçısının tapşırıqları da gündəlik nəzarətdə olmuş, bu istiqamətdə bir sıra işlər görülüb, qarşıda duran vəzifələri müəyyən edən müvafiq əmr və göstərişlər hazırlanıb icraya yönəldilib.

Gündəlikdəki ikinci məsələ barədə məruzə ilə çıxış edən Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov deyib ki, bayır xidməti əməkdaşlarının ictimai asayişin etibarlı qorunmasında, beynəlxalq və respublika əhəmiyyətli tədbirlər zamanı təhlükəsizliyin təmin edilməsində böyük rolu olub.

İctimai yerlərdə hüquqpozmaların profilaktikası sahəsində həyata keçirilən tədbirlər çərçivəsində təkcə cari ilin 6 ayında post-patrul xidmətinin əməkdaşları tərəfindən 17 mindən çox şəxs, o cümlədən xırda xuliqanlığa görə 2130 nəfər polis orqanlarına gətirilərək inzibati məsuliyyətə cəlb olunub. Həyata keçirilən bu və digər tədbirlər cinayətkarlıqla mübarizə işinə öz müsbət təsirini göstərmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə ictimai yerlərdə qeydə alınmış cinayətlərin sayı 7,2 faiz azalıb.

Hər iki məruzə ətrafında çıxış edənlər görülən işlərdən, buraxılmış nöqsan və çatışmazlıqlardan danışmış, onların qısa zamanda aradan qaldırılması üçün təsirli tədbirlərin həyata keçiriləcəyini bildirmişlər.
İclasa yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov gündəlikdəki məsələlər üzrə bütövlükdə fəaliyyətin qənaətbəxş olduğunu, eyni zamanda, müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd edərək qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib.

O, xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icrası Nazirlik sistemində fəaliyyətin modernləşməsi, müasir tələblər səviyyəsinə yüksəlməsi ilə səciyyəvi olmuş, ictimai asayişin təmini və sosial funksiyaların maksimal səmərəli modelini yaratmağa imkan verib.

Nazirliyin hər bir struktur qurumunun və ərazi orqanı rəisinin möhtərəm dövlət başçısının fərman, sərəncam və tapşırıqlarının icrasına şəxsən cavabdehlik və bu işin təşkilinə görə məsuliyyət daşıdığını xatırladan cənab Ramil Usubov strateji əhəmiyyətli məsələləri əhatə edən bu işin ən yüksək səviyyədə icrasına təminat verən nəzarət sisteminin yaradılmasının əhəmiyyətini xüsusi qeyd edib.

Nazir əhali ilə bilavasitə təmasda olan, polis haqqında ictimai rəyin formalaşdırılmasında mühüm rola malik bayır xidməti əməkdaşlarının asayişin təmin edilməsində, cinayətlərin qarşısının alınmasında və açılmasında, axtarışda olan şəxslərin tutulmasında böyük əməyi olduğunu bir daha xatırladaraq ərazi polis orqanlarının rəislərindən vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasını, araşdırmaların gedişinin ciddi nəzarətdə saxlanılmasını, onlarla hər zaman nəzakətli rəftar edilməsini, uçot-intizam qaydalarına ciddi riayət olunmasını, korrupsiya hüquqpozmalarına qarşı kəsərli tədbirlər görülməsini tələb edib.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət cinayətkarlığa qarşı qətiyyətli mübarizə, ictimai asayişin təmini sahəsində qanunla müəyyən edilmiş vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, ölkə iqtisadiyyatının dinamik inkişafının əsas şərtlərindən olan sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək.

AzNews.az