Diaspor təşkilatları İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər

Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları oktyabrın 9-da keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiklərini bəyan ediblər.

APA-nın xəbərinə görə, İsraildə fəaliyyət göstərən "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyası bu ölkədə yaşayan Azərbaycan icması adından müraciət yayıb. Müraciətdə deyilir: "Hazırda İsraillə Azərbaycan arasında əlaqələr intensiv şəkildə inkişaf edir və çiçəklənir. İsrail hər bir ölkə ilə, xüsusilə də müsəlman ölkəsi, ələlxüsus da bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycanla yaxşı münasibətləri yüksək dəyərləndirir. Bu, sözsüz ki, İsraildəki Azərbaycan icması üçün çox xoş və qürurvericidir. İkitərəfli əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan diasporu, xüsusilə "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının səyləri böyükdür. Lakin bu münasibətlərin inkişafında, İsrail-Azərbaycan əlaqələrinə marağın artmasında əsas faktorun Azərbaycan dövlətinin yürütdüyü siyasətdir. Prezident İlham Əliyev beynəlxalq aləmlə strateji tərəfdaşlıq əlaqələrini o qədər savadlı və məharətlə qurub ki, Azərbaycan Qərbin olduğu kimi, Şərqin də maraq dairəsindədir. Bütün bunlar Azərbaycanın hazırkı prezidenti İlham Əliyevin xalqına və dövlətinə firavanlıq bəxş etmək üçün yenidən bu məsuliyyətli posta seçilməyə layiq olduğunun təkzibolunmaz sübutudur".

Fransada yaşayan azərbaycanlılar dünya azərbaycanlılarına ünvanlanan bəyanatla çıxış edib. Paris Azərbaycan Evinin yaydığı bəyanatda Azərbaycanın son 10 ildə keçdiyi inkişaf yolu, əldə etdiyi uğurlar sadalanır, ölkəmizin diaspora sahəsində qazandığı nailiyyətlər göstərilir: "Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında qarşısında qoyduğu istənilən vəzifənin öhdəsindən uğurla gəlir. Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir".
Fransada yaşayan azərbaycanlılar 2013-cü il oktyabrın 9-da - Azərbaycan xalqının müqəddəratının həll ediləcəyi gündə soydaşlarını yenidən yanılmadan doğru seçim etməyə çağırır, hər zaman onları diqqət və qayğı ilə əhatə edən Prezident İlham Əliyevin yanında olduqlarını bildiriblər.

Rusiyanın Ulyanovsk şəhərində yaşayan azərbaycanlılar İlham Əliyevə prezident seçkilərində dəstək nümayiş etdirib. Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional şöbəsi bununla əlaqədar müraciət yayıb. Müraciətdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfələrə görə dövlət başçısına minnətdarlıq bildirilir: "Məhz İlham Əliyevin prezidentliyi dövründə Rusiya-Azərbaycan əməkdaşlığı özünün yüksək zirvəsinə çatıb və biz ölkə rəhbərliyinin Rusiyada yaşayan soydaşlarına səmimi qayğını hiss edirik. Biz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bundan sonra da çiçəklənəcəyinə inanırıq".

Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan Cəmiyyəti" prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəyinə dair bəyanat verib. "Azərbaycan Cəmiyyəti"nin sədri Samir İmanovun Birləşmiş Ərəb Əmirliklərində, ümumilikdə fars körfəzi ölkələrində yaṣayan azərbaycanlılar adından yaydığı bəyanatda bir neçə gündən sonra Azərbaycanda keçiriləcək prezident seçkilərində prezident İlham Əliyevi dəstəkləyəcəyini bəyan edib və dünya azərbaycanlılarını da bu addımı atmağa çağırıb.

Gürcüstanda fəaliyyət göstərən "Milli Azlıqlar üzrə Monitorinq Qrupu"nun rəhbəri Elbrus Məmmədov dünyaya səpələnmiş soydaşlarımızı İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb.

Eyni zamanda Gürcüstandakı "Azərbaycan Evi"nin də rəhbəri olan Elbrus Məmmədov Gürcüstan azərbaycanlılarının adından yaydığı bəyanatda İlham Əliyevin xarici siyasi kursunu dəstəkləyir, iki ölkə arasında münasibətlərin inkişaf etməsini məhz bu fəaliyyətin nəticəsi kimi qiymətləndirib: "Gürcüstan azərbaycanlıları əminliklə vurğulayır ki, İlham Əliyevin rəhbərliyi Azərbaycan öz inkişaf yoluna davam edəcək, regionun və dünyanın güclü dövlətinə çevriləcək".

Gürcüstan Azərbaycanlıları Milli Konqresi də bu ölkədə yaşayan azərbaycanlıların oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiklərini bəyan ediblər: "Biz əminik ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq".

Finlandiyada yaşayan azərbaycanlılar dünya azərbaycanlılarını oktyabrın 9-da keçiriləcək prezident seçkilərində İlham Əliyevə dəstək verməyə çağırıb.
Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətinin Finlandiya azərbaycanlıları adından qəbul etdiyi bəyanatda deyilir ki, qloballaşan dünyada ölkəmizdə aparılan uğurlu xarici siyasət nəticəsində Finlandiya ilə Azərbaycan arasında siyasi əlaqələr yüksək səviyyəyə çatıb. Bu da öz növbəsində ölkələrimiz arasında iqtisadi, enerji, təhlükəsizlik sahəsində əlaqələrin, regional əməkdaşlığın möhkəmlənməsi baxımdan əhəmiyyətlidir: "Qarşıdan gələn prezident seçkilərində bütün azərbaycanlıları Azərbaycan xalqının ümummilli liderinin layiqli davamçısı– İlham Əliyevə səs verməyə çağırırıq".

AzNews.az