Anar: “Gözləyirlər ki, mən müxalifətə keçəcəm...”

Nə maşınım, nə bağım, nə bankda pulum var


"Bunu tək mən yox, geniş katiblik elədi. Yəni katiblərdən başqa da iştirakçılar var idi. Bir yerdə müzakirə elədik və qərara gəldik ki, bu barədə bəyanat verək. Özü də bizdən əvvəl bəstəkarlar da, rəssamlar da belə bəyanat verib. Onlarla niyə maraqlanmırlar? Onlar siyasətə qarışa bilərlər, biz qarışa bilmərik?"

Bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəkləri ilə bağlı rəhbərlik etdiyi qurumun bəyanatına münasibət bildirərkən deyib. "Müsavat" qəzetinə müsahibəsində Anar Azərbaycanda ondan çox tənqid edilən başqa şəxsin olmadığını bildirərək buna reaksiya verməməsinin səbəbini belə açıqlayıb: "...Eləsi var, hər nömrədə mənə bir badalaq gəlir, nəsə yazır. Mən artıq öyrəşmişəm. Səsim çıxmır, niyə çıxmır? Səsim çıxır, niyə çıxır? Bu nə qədər olar axı?"
Teledebatları cəmi bir dəfə izlədiyini bildirən Anar bunun ona çox pis təsir etdiyini vurğulayıb: "Namizədlər bir-birinə düşmən kimi yox, siyasi rəqib kimi baxmalıdır. Cəmi bir dəfə baxdım. Çünki Bakıda deyiləm, indi də Ankaradayam. Serbiyada idim, ordan gələndən sonra bir dəfə baxdım. Mənə pis təsir elədi. Çünki buna xaricilər də, səfirlər də, jurnalistlər də baxırlar. Bunlar da bir-birini söyür, ağır təhqir edirlər".

AYB sədri öz fikrini heç vaxt dəyişmədiyini və əvvəl iqtidarda olub daha sonra müxalifətə keçənlərdən olmadığını bildirib: "Mənim nə fikrim varsa, həmişə də o fikirdə qalıram. Mən o adamlardan deyiləm ki, bu gün iqtidardadır, sabah nəsə bir şey olan kimi keçir müxalifətə. Mənim fikrim həmişə bir olub. Deputat olanda da iqtidarı dəstəkləyirdim, deputatlıqdan uzaqlaşdıranda da yenə iqtidarı dəstəklədim. O adamlar ki, gözləyirlər, mən müxalifətə keçəcəm, mən o adamlardan deyiləm. Mənim öz mövqeyim var və bu mövqeyin üstündə də dayanacam... Mənə bu hakimiyyətdən heç nə lazım deyil. Bəzi adamlar deyirlər ki, mən nə isə umuram. İlk dəfə Heydər Əliyevin yanında mən çıxış elədim ki, fəxri adları ləğv eləmək lazımdır, bu, heç kimə lazım deyil. Bunlar elə bilirlər ki, mən nəsə ad almaq istəyirəm, ona görə edirəm. Boş şeylərdir. Mənim şəxsi heç bir təmənnam yoxdur. Nə maşınım, nə bağım, nə bankda pulum var. Ancaq öz vicdanımın səsi ilə hərəkət etmişəm. Bundan sonra da elə edəcəm".

Elnur
AzNews.az