Sulutəpənin dolu dərəsi

Bir yol var ki, ölkədə
Onu gedirsən hədər
Həmişə tıxac olur
Səhər saat yeddidən
Saat onbirə qədər…

Bizdə bir mədəniyyət nümunəsi də həyəti geniş, yolu dar salmaqdır. Sözün düzü birinci cümlədəki mədəniyyət sözünü dırnağa alıb almamaqda xeyli israr etdim və sonda bezib sizin öhdənizə buraxdım.

Özününz bilərsiz istəyirsiz dırnağda oxuyun, istəyirsiz dırnaqsız. Amma bunu oxuyanda bir hektar həyətinizi və "dırnağarası" boyda yolunuzu gözünüzün qabağına gətirin...

Yenə də mövzuya Amerikadan fırlanıb gəlirəm. Əslində elə işə də "Amerikadan" fırlanıb gəlmək istəyirəm artıq....

Hər gün işə Sulutəpənin dolu dərəsindən keçib gəlməli oluram. "Dördyol" deyilən dərədə hər səhər rahat-rahat bir saat yatamaq olar. İşə tələsən sürücülər, yük daşıyanlar və rayonlardan paytaxta axışanlar bu dörd yolda dayanıb "ölməyə hazırlaşan" yol kənarı binaların yeyələrinə dərin hüzünlə başsağlığı və üzağlığı verirlər.

O binalara ona görə ölməyə hazırlaşan deyirəm ki, günü gündən artan avtomobillər və şəhər əhalisi bir saatdan artıq o tıxacda qalsa, günlərin bir günü hirslənib şikayətlənəcəklər ki, "Ay dövlət baba" bizə yol ver. O da sizin damınızı uçurdacaq başınıza. Bu sizə başsağlığı olacaq. Amma əvəzində də sizə "yaxşı yerdən" ev verib üzünüzü ağ edəcək.

Bu dediklərim nə vaxt olacaq dəqiq bilmirəm, amma hər halda yaxın illərdə olmayacaq və biz binavalar da o yollarda hələ çox yuxulamalı olacayıq.

Evini asfaltın kənarında tikib həyətini gizlədənlər nə olardı ki, vaxtında
həyətlərini yol kənarında, evlərini isə 5-10 metr kənarda tikərdilər. O zaman dövlət nə vaxtsa onların damını başına yıxmazdı, nə də onlar öz isti yuvalarından çıxıb başqa bir yuvanı isindirməyə getməzdilər.

İndi paytaxtın əksər yollarının dar olduğu və bu dar yolların kənarında da möhtəşəm binaların tikildiyi sirr deyil. Vaxtında bunlara bir nazarət edən yox idimi?! Və ya bu torpaq satanlar 10 metr az satsaydılar dünya dağılmazdı ki...

Adamda vicdan deyilən bir şey də var axı. Sən camaata evini tikməyə icazə ver yola qədər gəlib soxulmasına şərait yarat, sonra da de ki, yox sənin evin sökülməlidi. Bunu heç kim istəmir də... Amma Sulutəpənin dörd yoluna çarə etmək olar kimi görünür.

Hər gün bir yerdə bir körpünün açılmasına şahid oluruq və buna sevinirik. Bəzən öz keçdiyi yoldan başqa yol tanımayan məmurlar ancaq öz getdikləri yerlərə körpü lazım olduğunu düşünür və qara camaatın qara gününə ağlamaq yadlarına düşmür.

Sözün qısası ay qardaş, bu Sultapənin yoluna bir körpüdən zaddan asın. Yoxsa mən və mənim kimi minlərlə binəvalar yolda yatmaqdan sarılıq xəstəliyinə tutulacaq.

AzNews.az