Pulu mənimsənilən hüquqşünas açıqlama verdi

“Bizim qabağımıza hamilə arvadını çıxardı”




İndiyə qədər insanların hüquqlarını qorumaqla məşğul olan şəxsin özü dələduzluğun qurbanı olub. Ona maşın gətirəcəyini söz verərək külli miqdarda pulunu alan şəxs hüquqşünas Zülfiyyə Bayramovanın özünə qarşı ittihamlar irəli sürür.

Ötən gün Zülfiyyə Bayramovanın dələduzluğun qurbanı olması barədə xəbəri yazmışdıq. Bundan sonra xanım hüquqşünasın pullarını mənimsəyən Amil Qurbanov mətbuata açıqlama verərək xanım vəkilin ünvanına sərt ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı Zülfiyyə Bayramova milli.az-ın redaksiyasına zəng vuraraq ittihamlara cavab verib.

"Amil Qurbanov deyib ki, guya mənim sürdüyüm maşın onundur və mən bunu ərimdən gizlədirəm. Mən bazardan bir kilo kartof almıram ki, gəlim ərimə deyim ki, 1 manata yox, 1 manat 50 qəpiyə almışam. Mənim hazırda sürdüyüm maşın "Toyota Camry"dir. Onu da həyat yoldaşım bəyənib, alıb. Kimdən almışamsa, o da ortadadır. Mənim adıma sənədlər də var. Mən heç kimin maşınını sürmürəm. Öz maşınımı sürürəm", - o əlavə edib.
Hüquqşünas xanım deyib ki, Amil onun yanında illərlə köməkçisi işləmiş, ailəvi tanıdıqları bir şəxsin bacanağıdır. O, Amerikadan maşın gətirdiyini, Zülfiyyə Bayramovanın "Hyundai Santa Fe" markalı maşınını sataraq elə həmin qiymətə "İnfiniti" gətirə biləcəyini deyib. Həmin vaxt hüquqşünas xanım da belə bir maşın almaq istəyində olduğundan bu təkliflə razılaşıb. Amil Qurbanov Zülfiyyə Bayramovanın maşınını 18500 manata sataraq pulu götürüb, sonra da ondan heç bir xəbər çıxmayıb.
"Aylarla ondan xəbər çıxmayanda biz ondan pulu qaytarmağı tələb etdik. Bizim qabağımıza hamilə arvadını çıxardı. "Arvadım hamilədir, pulu başqasına vermişəm, alıb gətirəcək. Baxdıq, hamilə arvadına yazığımız gəldi. Sonra körpə uşağını çıxardı qabağımıza, sonra anasını çıxardı qabağımıza ki, anam namaz qılandır. İmkan verin, pulu tapıb verəcəm" - kimi sözlər dedi. Axırda görəndə ki, bu pulu qaytaran deyil, biz də işi rəsmiləşdirdik. Rəsmiləşdirəndən sonra 10 min manatı gətirib verdi və dedi ki, qalanını da gətirib verəcəm. İndi də vermir pulu", - Z.Bayramova qeyd edib.

O həmçinin bildirib ki, A.Qurbanov və yaxınları ötən gündən bəri zəng edərək bağışlanmağı xahiş edirlər. Bu gün pulun qalan hissəsini gətirəcəyinə söz verir.

"Görüm, gətirsələr pulu, mənə dəymiş ziyan ödəniləndən sonra baxaram ki, onu bağışlayım, ya yox", - o vurğulayıb.

AzNews.az