- Köhnə - Cəmiyyət
- 4 Oktyabr 2013 14:50
- 2 620
Gənclər arasında könüllülər hazırlanacaq
Gənclər arasında könüllülük hərəkatının təbliği Azərbaycan Gənclər İttifaqı "Bakı şəhəri gəncləri arasında könüllülük hərəkatının təbliği" layihəsinə start verib.
AzNews.az xəbər verir ki, layihə bu ilin sentyabr ayından Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək. Məqsədi Bakı şəhərinin Xəzər, Sabunçu və Suraxanı rayonlarında yeniyetmə və gənclərdən ibarət könüllülər hazırlamaqdır. Bu layihə ilə gənclərə nəinki bilik və bacarıqlar aşılanacaq, həmçinin onlar arasında könüllük hərəkatı təbliğ olunacaq. Layihə çərçivəsində adıçəkilən rayonlarda təhsil alan yeniyetmə və gənclərdən ibarət könüllü qruplar təşkil ediləcək, yerli təşkilatlardakı fəaliyyətlə tanış olmaları təmin ediləcək. Könüllülərə "Könüllülük haqqında məlumat", "Könüllülük hərəkatının əsas üstünlükləri", "Könüllülüyün cəmiyyətə töhfəsi", "Ümumkönüllü bəyannaməsi", "Könüllülü olmağın yolları", "Könüllülüyün şəxsi karyera inkişafında rolu", "Könüllülərin seçim prinsipləri", "Könüllülərin vəzifəsi və statusu" kimi mövzular tədris ediləcək.
Təlimlərdən sonra könüllü fəalların iştirakı ilə seminarın təşkili planlaşdırılır. Qeyd edək ki, layihə "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına uyğun olaraq həyata keçirilir və 2013-cü ilin sonu başa çatacaq.
AzNews.az