Müstəqil “Exit-poll” tədqiqatının nəticələri

"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyi tərəfindən təşkil edilmiş "Exit-poll" tədqiqatının ilkin nəticələri açıqlanıb.


Qurumdan verilən xəbərə görə, İctimai Birlik 9 oktyabrda 306 seçki məntəqəsi olmaqla, 34 seçki dairəsində müstəqil "Exit-poll" tədqiqatı aparır. Regionlar üzrə "Exit-poll"un nəticələri saat 12.00 üçün aşağıdakı kimidir:

Exit-poll tədqiqatının nəticələrinə görə:

İqbal Ağazadə - 7 %

İlham Əliyev - 49 %

Araz Əlizadə - 0 %

Hafiz Hacıyev - 0 %

Qüdrət Həsənquliyev - 2 %

Cəmil Həsənli – 24 %

İlyas İsmayılov - 1 %

Fərəc Quliyev - 0 %

Sərdar Məmmədov - 1 %

Zahid Oruc - 2 %

Exit-poll tədqiqatından imtina edənlər isə 14 % olub. Respondentlərin ən kiçiyinin 19, ən böyüyünün isə 80 yaşı olmasını nəzərə alaraq orta yaş həddi 49 hesablanıb.

Sorğuda iştirak edənlərin 1,5% ibtidai təhsilli, 7% natamam orta, 43,5% orta, 12,5% orta ixtisas, 6,5% natamam ali və 29% ali təhsilli respondentlər təşkil edib.

Respondentlərin 81,5% 2008-ci il prezident seçkilərində iştirak etdiyini, 9,5% iştirak etmədiyini bildirib. 4,5% isə ötənilki seçkilərdə yaşının çatmadığını, 4,5% seçkidə iştirakı xatırlamadıqlarını bildirib.

Seçki günü verdikləri səslərin düzgün hesablanmasına respondentlərin 59% inandığını, 17,5% inanmadığını, 23% isə dəqiq deyə bilməyəcəyini qeyd edib.

"Seçdiyiniz namizədə səs vermək qərarına nə vaxt gəlmisiniz" sualına 53% onun namizədliyini irəli sürməsi barədə bilən kimi, 24,5% seçkiqabağı kampaniya zamanı, 10,5% son həftə ərzində, 5% dünən, 7,5% bu gun seçki məntəqəsində cavablarını veriblər.

Respondentlərin 10% namizədin həmyerlisi olduğuna görə, 33% siyasi platformasına görə, 11% həmişə eyni namizədə səs verdiyinə görə, 8,5% eyni partiyanın namizədi olduğu üçün, 31,5% namizədin işgüzar və təcrübəli olmasına görə, 6% başqa səbəblərə görə səs veriblər.

Respondentlər arasında dövlət işçisi 22%, özəl sektor işçisi 26%, tələbə 7%, hərbçi 0,5%, təqaüdçü 7%, işsiz 15%, evdar qadın 9%, fərdi təsərrüfatçı 3,5% təşkil edib.

"Exit-poll" tədqiqatlarının nəticələrinə görə seçici aktivliyi 18% təşkil edib və seçicilərin seçki məntəqələrinə gəlməsi üçün inzibati resurslardan geniş istifadə edilib.

"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyi "Exit-poll" keçirmək məqsədilə qeydiyyata alınmaq üçün sənədləri qanuna müvafiq olaraq Mərkəzi Seçki Komissiyasına təqdim etsə də, MSK təşkilatı qeydə almaqdan imtina edib. Təşkilat Apellyasiya və Ali Məhkəməyə şikayət etsə də MSK-nın qərarı qüvvədə qalıb. Buna baxmayaraq, nəzərdə tutulan məntəqələrdə "exit-poll" tədqiqatı aparılır. Sorğuların aparılmasında hər məntəqə üzrə 2 intervüer iştirak edir və "Exit-poll" sorğuları səsvermədə iştirak edən hər 5 nəfər seçicidən biri olmaqla keçirilir. "Exit-poll"un nəticələri hər 2 saatdan bir ictimaiyyətə açıqlanacaq.

AzNews.az