“Bəzi namizədlər yaradılan şəraitdən istifadə edə bilmədilər“- Əli Əhmədov

"Bu gün əlamətdar gündür. Seçkilər artıq baş tutub. Azərbaycan xalqı öz iradəsini bildirib. "Exit-poll"un nəticələrinə görə, İlham Əliyev böyük üstünlüklə qabaqdadır".

Trend-in məlumatına görə, bunu bu gün seçkilərdən sonra keçirdiyi mətbuat konfransında Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, İlham Əliyevin növbəti 5 ildə də prezident seçildiyini söyləyə bilərik: "Seçicilərin fəal olması İlham Əliyevə böyük rəğbətin nəticəsidir".

Sədr müavini qeyd edib ki, son 10 ildə İlham Əliyev Azərbaycan vətəndaşlarının həyatını ciddi şəkildə müsbətə doğru dəyişib. Böyük iqtisadi inkişafa nail olunub.

Ə.Əhmədov bildirib ki, Azərbaycan xalqının İlham Əliyevə olan böyük inamının digər bir səbəbi isə Azərbaycanda olan sabitlikdir:

"Azərbaycanda hər bir insan sabit həyat yaşayır, sabaha inamla baxır".
YAP rəsmisinin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı növbəti 5 ildə daha da güclənəcək, ölkənin beynəlxalq nüfuzu daha da artacaq.

Ə.Əhmədov qeyd edib ki, seçki kampaniyası qanunauyğun şəkildə həyata keçirilib: "Hər bir namizəd üçün bərabər şərait yaradılıb. Lakin bəzi namizədlər bundan istifadə edə bilmədilər".

AzNews.az