Prezident seçkilərilə bağlı bəyanat yayıldı

AzNews.az xəbər verir ki, Avropa Akademiyasının Seçkiləri Müşahidə Missiyası Azərbaycanda keçirilən prezident seçkilərilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, missiyaya Avropa İttifaqının 24 ölkəsi və Kanadanı təmsil edən 135 deputat və siyasi ekspertlər daxil olub. Missiya 125 seçki dairəsindən 45-də olub.

Bəyanatda qeyd olunur ki, 2013-cü il 9 oktyabrda Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq standartlara müvafiq və 2009-cu ilin referendumunda təsdiqlənmiş yeni Seçki Məcəlləsi əsasında keçirilib. Sənəddə bildirilir ki, ölkədə çoxsaylı məcburi köçkünün olmasına baxmayaraq, müşahidəçilər seçicilərin qeydiyyatı ilə bağlı mühüm problemlər müşahidə etməyiblər. Qeyd olunub ki, müşahidəçilər namizədlərə pulsuz və ödənişli efir vaxtının verilməsini və mətbuatda nəşr üçün yer ayrılmasını müsbət qiymətləndiriblər.

Bəyanatda deyilir ki, seçicilərin yüksək fəallığı müşahidə edilib və seçkilər dinc şəkildə keçirilib. Seçki komissiyası və digər aşağı səviyyəli komissiyalar seçkilərə texniki baxımından hazır idi və seçkilər yaxşı təşkil olunub. İştirak sərbəst və könüllü idi, seçki məntəqələrə getməklə bağlı məhdudiyyətlər yox idi. Səslərin hesablanması və nəticələrin açıqlanması sərbəst aparılıb.

Sözügedən təşkilat bildirib ki, bu il keçirilən seçkilər demokratiyanın nisbətən gənc olduğu Azərbaycanda demokratik seçkilərin möhkəmlənməsi, beynəlxalq standartlara müvafiqliyi baxımından növbəti irəliləyişin göstəricisidir.

AzNews.az