“Baş əy Rusiyaya, qoduq!”

İndi hamı Orxan Zeynalovdan danışır.

O kadrlara mən də baxdım. Təəccüblü nə var ki?! Etiraz edəsi də bir şey görmürəm.

Bu, Rusiyada yaşayan hər bir azərbaycanlının gündəlik həyatıdır: bu üzünə tüpürəndə sakitcə o birini çevirirsən, təki bir tikə çörək qazanasan...

"Ehtiyac qul edir qəhrəmanı da" – Səməd Vurğunu sözləridir. Amma yerinə düşürmü?

Orxan Zeynalov əlbəttə, yalnız anti-qəhrəmandır, yəni qəhrəmanlıq onun boyuna biçilməyib. Fəqət meşədə avtomatlı xüsusi təyinatlıların təpikləri altında onun necə qıvrıldığını gördükdə daşlaşacaq ürəyimiz muma necə çönməsin?! Hələ daxili işlər nazirinin hüzuruna gətirilməsini demirəm. Silahlıların müşayiətində, əli qandallı, adamın qəddini əyib sanki deyirdilər: "Baş əy Rusiyaya, qoduq!"

Bu, indiki naxələf Rusiyanın təkcə azərbaycanlılara olan münasibəti deyil (Sözarası qeyd edim, əksəriyyətin dəstəklədiyi münasibət) Bu, rusların bütün qeyri-ruslara, moskvalıların bütün qeyri-moskvalılara (hətta milliyyətcə rus olanlara) baxışıdır.

Hələ on il əvvəl bir siyahıya təəccüblənmişdim: Moskvada müvəqqəti qeydiyyatı olmayan qeyri-moskvalıların ödəyəcəyi cərimə – 8 rubl, Ukrayna, Belorus və Moldovadan gələnlər – 180 rubl, qafqazlılar – 250 rubl...

Rəqəmlərdə azca səhv edə bilərəm. Yaddaş o yaddaş deyil. Amma xatirəmdə qalan bir epizodu necə unudum...

Qış, şaxta ülgüc kimi kəsir. Dayanacaq. Donmamaq üçün yerində təpik döyüb avtobus gözləyən azərbaycanlı. Qəfildən ala-toranda ona yaxınlaşan üç sərxoş rus.

– Axşamın xeyir, oğlan.

– Axşamınız xeyir.

– İçmək istəyirsən?

– Yox, sağ ol.

– Niyə?

– Ümumiyyətlə içmirəm.

– Xəstəsən?

– Yox.

Azca sükut.

– Bilirsən də bu gün matəmdi.

– Hə, bilirəm, ümumi matəm günüdü...

– Onda niyə içmirsən? Bizə, ruslara hörmət eləmirsən? Yoxsa sən də çeçenlərin tərəfindəsən?

– Yox, mən çeçenlərin tərəfində deyiləm, günahsız öldürülmüş insanlara görə də acıyıram.

– Doğru deyirsən? Onda bizimlə içməlisən.

– Axı dedim, içən deyiləm.

– Başa düşmürəm. Deyirsən ki, xəstə deyilsən. Deyirsən ki, çeçenləri müdafiə eləmirsən. Bəs onda niyə içmirsən?

– ....

– Rusiyada yaşayırsan, işləyirsən, pul qazanırsan, amma ruslara hörmət eləmirsən, hə?

– Yox, elə deyil. Mən burda yad adamam, bir-iki il işləyib gedəcəyəm...

– Bilirsən, oğlan, biz hər gün sənə pul verib mal alırıq, sənsə onu kefin istəyən kimi xərcləyirsən... İçəcəksən?


Durum gərginləşir. Təhdid və qoxu şaxtadan da itidir. Kürkün cibindən çıxan bıçaq ala-toranda bərq vurur...

– Yaxşı, ver içim.

– Ala... İç, iç... Yox, bu olmadı. Dibinədək. Hə, əla, hə, indi gördüm ki, Rusiyanın düşməni deyilsən. Sən yaxşı oğlansan.... Di salamat qal. Biz getdik...


Bu hadisəni mənə nəql edən vətənində bir uğursuzluğunun ardınca digərinə uğramış, nəhayət, bəxtini qurmaq üçün Rusiyaya getmiş azərbaycanlı gəncdir. Üstəlik, kamil dini təhsil almış, yəni ruhani.

O, indi Azərbaycandadır. Hərdən bir görüşürük. Son olaylardan sonra deyir ki, Rusiyada qarnı tox olunca, Azərbaycanda yarıac qalmaq yaxşıdır...

AzNews.az