Fuad Muradov Pan Gi Munun xüsusi nümayəndəsi ilə görüşüb

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri, deputat Fuad Muradovla BMT-nin baş katib Pan Gi Munun gənclərlə iş üzrə xüsusi nümayəndəsi Ahmad Alhandai arasında görüş keçirilib. Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib.

AzNews.az-ın məlumatına görə, F.Muradov qonağa rəhbərlik etdiyi təşkilat haqqında ətraflı məlumat verib və "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının həyata keçirdiyi layihələrdən danışıb.

İlk dəfə Bakıya gəldiyini deyən BMT baş katibinin xüsusi nümayəndəsi Ahmad Alhandai Azərbaycanda belə bir beynəlxalq təşkilatın fəaliyyətindən məmnun olduğunu deyib.
BMT nümayəndəsi "Böyük İpək Yolu" BGT ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıb.

A. Alhandainin sözlərinə görə, "Böyük İpək Yolu" BGT-nin həyata keçirdiyi layihələr BMT-nin dünya üzrə gənclər təşkilatlarının işi ilə bağlı hazırladığı təqvim-kataloqa daxil ediləcək. O, təşkilatın BMT-nin Sivilizasiyalararası Alyans təşkilatı ilə birgə işlədiyi layihəni yüksək qiymətləndirib və dekabrda Nyu-Yorkda planlaşdırılan tədbirdə iştirak edəcəyini bildirib.

Görüş zamanı qarşılığı əməkdaşlıq imkanları müzakirə olunub.

Azər
AzNews.az