Beynəlxalq konfrans başa çatdı- Foto

Bakıda keçirilən "Dünyanın dağlıq regionlarında turizmin davamlı inkişafı üçün dağ idman növlərinin Qafqaz nümunəsində mühüm rolu" mövzusundakı Beynəlxalq Konfrans öz işini başa çatdırıb.

FAIREX-in metbuat xidmətindən verilən məlumata görə, konfransda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti Hüseyn Bağırovun, IDEA Kampaniyasının layihə direktoru Anara İsmayılovanın, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovun, Quba rayon icra başçısının birinci müavini Yusif Abidovun, Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının (UIAA) Dağların Mühafizəsi Komissiyasının Prezidenti xanım Linda Makmillanın, Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının Vitse Prezidenti Peter Farkasın, geoloji kəşfiyyat üzrə beynəlxalq ekspert Roni Qalaherin, həmçinin digər yerli və beynəlxalq alim və mütəxəssislərin çıxışları dinlənilib.

Eyni zamanda, dağ turizminin inkişaf etdirilməsi üçün səmərəli marketinq proqramlarının hazırlanması, dağ ərazilərinin davamlı inkişafının təmin olunmasında elmi dairələrin iştirakı, dağların mühafizəsi üzrə səmərəli təcrübənin və siyasətin nəzərdən keçirilməsi, həmçinin elmi proqramlar vasitəsilə dağçı turistlərin dağların mühafizəsi monitorinqində fəal iştirakının təmin edilməsi kimi məsələlər müzakirə olunub.

Konfrans proqramı çərçivəsində qonaqlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində Nazir Azad Rəhimovla da görüşüblər.

Görüşdə dağ turizminin inkişaf etdirilməsi, dağların mühafizəsi üzrə səmərəli təcrübə, bu sahədə Azərbaycanın fəaliyyəti qiymətləndirilmiş, perspektiv inkişaf məsələləri müzakirə olunmuş, Azərbaycanın dağçılıq idman növləri ilə məşğul olan bütün dağçılarının, o cümlədən ekstremal idman növləri sahəsində fəaliyyət göstərən federasiyaların vahid milli təşkilat ətrafında birləşməsi məsələsinə baxılıb.

Eyni zamanda xarici qonaqlar FAİREX-in ofisində Federasiyanın rəhbərliyi və aktiv idmançıları ilə də görüşərək Azərbaycanda dağçılıq idmanının gələcək perspektivlərindən danışmış və bu sahədə Federasiya tərəfindən görülən işlər qonaqların diqqətinə çatdırılıb.

Həmçinin qonaqlar, ClimBaku Dırmanma Mərkəzində və FAİREX-ə aid digər idman mərkəzlərində də olmuşlar.Daha sonra qonaqlar Böyük Qafqaz dağlarının Azərbaycanda yerləşən zirvələrinə yürüş etmək üçün yola düşüblər.

Qeyd edək ki, Konfrans Dağçılıq və Dırmanma üzrə Beynəlxalq Federasiyanın "Dağların Mühafizəsi Mükafatı" ("Mountain Protection Award") proqramı çərçivəsində təşkil olunub və bu mükafat dağ turizminin inkişafı üçün dağ ətraf mühitinin mühafizəsi üzrə konkret tədbirlərə görə verilir.

Bu proqram ictimai maarifləndirmə, dağçılıq idman növlərinin təbliği, ekoturizmin inkişaf etdirilməsi və dağ ətraf mühitinin birgə mühafizəsi kimi konkret məqsədlərin həyata keçirilməsini qarşıya qoyur. İlk olaraq bu beynəlxalq səviyyəli prosesə Azərbaycan tərəfindən Qərb Universiteti qoşularaq həmin proqram çərçivəsində UİAA-nın "Dağların Mühafizəsi Mükafatı" proqramına maliyyə dəstəyi göstərib.

Bu uğurlu əməkdaşlıq 4-5 oktyabr 2013-cü il tarixlərində İsveçrədə keçirilən UİAA-nın Baş Assambleyasının iclasında və illik hesabatında xüsusilə qeyd olunub.

Xatırladaq ki, Bakıda təşkil olunmuş Beynəlxalq Konfrans Dağçılıq və Dırmanma üzrə Beynəlxalq Federasiyanın (UIAA) təşəbbüsü, IDEA Kampaniyası, Qərb Universiteti, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) birgə təşkilatçılığı ilə keçirilib.

AzNews.az