“Rusiyaya açıq nota verilməlidir” – Zahid Oruc

"Azərbaycan Silahlı Qüvvələrində aparılan dəyişikliklər, ölkənin müdafiə qabiliyyətinin artacağı ehtimalları Ermənistan hərbi təmsilçilərinin narahatçılığına səbəb olub. Onlar öz qorxularını boğmaq niyyəti ilə belə bir addım atıblar".


Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı, qurumun Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib.

O bildirib ki, buna qədərki dövrdə də Rusiyada nəinki hərbi rütbə daşıyan şəxslər, o cümlədən siyasi statuslu insanlar tərəfindən də belə bəyanatlarla çıxış ediblər:

"Daha əvvəl Nikolay Bardyuja da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının icra qurumunun rəhbəri olaraq da Ermənistanın mövqeyinə uyğun, regional təhlükəsizliyi zərbə altında qoyacaq təhdidedici mövqedən çıxış edib. Onda da bu Azərbaycanın siyasi dairələrində kəskin etirazla qarşılanıb. Hesab edirəm ki, Andrey Ruzinski bilavasitə Rusiya dövlətini beynəlxalq aləmdə rüsvay edən növbəti bəyanatla çıxış edib. Çünki şimal qonşumuzun Qafqazda sülh axtarışı ilə bağlı dayandığını, burada əsas təhlükəsizlik maraqları güddüyünü deməyinin növbəti dəfə iflasa uğradığının şahidiyik".

Z. Oruc qeyd edib ki, əslində, Rusiyanın bütün arqumentləri növbəti dəfə də təsdiq edir ki, guya onlar bu regionu tərk etsələr Qafqaz xalqları bir-birini qırar: "Həmin bəyanatla bu arqumentin puçluğunu görmüş olduq. İkinci tərəfdən isə KTMT birbaşa Rusiyanın işğalçılıq siyasətinə dayanan bir qurum olduğunu sübuta yetirir. Strateji planda çox böyük imperiya layihələrinə malik olan Rusiya, Avrasiya modelini dirçəltməyə və bununla Sovetin itkilərini bərpa etməyə çalışır. Yəni düşünün ki, 102-ci hərbi bazanın rəhbərliyi bu bəyanatlar və barmaq silkələmələrlə çıxış edib, hansısa ölkələri, iqtisadi əlaqələrin yüksəlməsi və daha başqa şərtlərlə hanısa çətir altına, formata, birliklərə dəvət edə bilərmi? Qətiyyən yox".

Z. Oruc bildirib ki, hazırkı dönəmdə Azərbaycan öz torpaqlarının bütövlüyünün təminatını qarşısına məqsəd qoyub: "Qarabağda aparıla biləcək əməliyyatları Ermənistanın ərazi bütövlüyünə təcavüz kimi sayıb KTMT silahlarının bura tuşlanmasının da heç bir adı yoxdur. Düşünürəm ki, bu bəyanatın verilməsinin aşkar səbəbi Ermənistan siyasi rəhbərliyinin son dövrlər keçirdiyi qorxu hissidir, bizim artan gücündən qorxmasıdır".

Millət vəkilinin sözlərinə görə, Ermənistan öz silahlı qüvvələrinə deyil, 102-ci hərbi bazanın dəmir zirehinə arxalanır: "Azərbaycanın buna kəskin etirazı olmalıdır. Rəsmi dairələrlə bildirilməlidir ki, söhbət KTMT üzvü olan ölkələrin ərazilərinə hücum etmək niyyətimiz yoxdur. Rusiyaya açıq nota verilməlidir".

O əlavə edib ki, Rusiya tərəfindən edilən təzyiqlərin qarşılığında Azərbaycanın alternativ hərbi təhlükəsizlik qərarları verməsi mümkünlüyü ortaya çıxır: "Bu proses ərzimizdə strateji müttəfiq saydığımız ölkələrin hərbi bazasının yerləşdirilməsinə qədər. Məsələn, qardaş Türkiyəni misal çəkmək oar".

Qeyd edək ki, Ermənistandakı Rusiyaya məxsus 102-ci hərbi bazanın komandiri polkovnik Andrey Ruzinski Rusiyanın "Krasnaya Zvezda" nəşrinə müsahibəsində bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ üzərində nəzarəti bərpa etmək üçün hərbi yola baş vurduğu halda Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hərbi əməliyyatlara müdaxilə edəcək.

Ramil Məmmədli
AzNews.az