Beynəlxalq forumun Bəyannaməsi qəbul olundu

Bu gün III Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul olunub.

Forum iştirakçıları tədbirin yekunları üzrə qəbul etdikləri Bəyannamədə qeyd ediblər:

"Biz, 2013-cü il 31 oktyabr - 1 noyabr tarixlərində III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrinin Bakıda toplaşmış siyasət, elm, mədəniyyət və təhsil xadimləri, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri, Birləşmiş Millətlər Təşkilatının "Minillik Bəyannaməsi"ni və 2015-ci ildən sonrakı dövr üçün gündəliyini, həmçinin müasir mərhələdə qazanılmış elmi biliklərin və humanitar əməkdaşlığın səviyyəsinin cəmiyyətdəki transformasiya proseslərinə mühüm təsirini rəhbər tutaraq; qüvvələrin və resursların inkişafın prioritet sahələrində cəmləşdirilməsi üçün Minilliyin İnkişaf Məqsədlərinin reallaşdırılması və bu istiqamətdə 2015-ci ildən sonrakı dövrün gündəminin müəyyənləşdirilməsi proseslərinə töhfələr verməyə çalışaraq; dövlətlərarası və regional əməkdaşlığın bütün səviyyələrində həmrəyliyin zəruriliyini, о cümlədən inkişaf proseslərinin davamlılığının təmin edilməsi naminə elmi, humanitar, mədəni inteqrasiyanın aktuallığını nəzərə alaraq; informasiya texnologiyalarının, dünya kommunikasiya və nəqliyyat sistemlərinin müasir inkişaf səviyyəsinin, qlobal səfərbərliyi sayəsində insan potensialının getdikcə artan imkanlarının mədəniyyətlər və sivilizasiyalararası dialoqun yeni yüksək dərəcəsi üçün şərait yaratdığını etiraf edərək; iqtisadiyyatın istehlakın fasiləsiz artımına əsaslanan stimullaşdırılmasının etik, humanitar və resurs məhdudiyyətlərinin labüdlüyünə diqqəti yönəldərək; istehlakın və istehsalın inkişafın mövcud disproporsiyasını daha da dərinləşdirən və ciddi narahatlıq doğuran qeyri-rasional strukturunun bütün dünyada ətraf mühitin vəziyyətinin davamlı pisləşməsinin başlıca səbəblərindən biri olduğunu düşünərək; siyasi, mədəni və elmi elitanı, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyəti nümayəndələrini qloballaşma dövründə yeni humanitar etikanın mövcud tələblərinə uyğun qaydada əməkdaşlığın gücləndirilməsinə çağıraraq; davamlı insan inkişafının əsas amillərinin qorunub saxlanılması üçün hələ görülməli çox işlərin olduğunu və biliyə əsaslanan iqtisadiyyatın dəstəklənməsi üçün, texnologiyaların konvergensiyası və XXI əsrin əsas çağırışları; iqtisadi inkişafın humanitar aspektləri; elmi innovasiyalar və onların təhsil sahəsinə tətbiqi; multikulturalizm və özünəməxsusluq; postmodern dövrdə milli özünüdərk; davamlı inkişaf və ekoloji sivilizasiya; molekulyar biologiyanın və biotexnologiyanın nailiyyətləri; informasiya məkanının qloballaşması şəraitində medianın aktual məsələləri kimi istiqamətlərdə qazanılmış nailiyyətlərə əsaslanmağın zəruriliyini dərk edərək; idarəçilik və istehsal texnologiyalarının konvergensiyası ilə bağlı müasir çağırış və təhlükələrin qlobal xarakter aldığını və cəmiyyətin inkişafında yeni dominantların aşkarlanması baxımından dünya birliyinin xüsusi diqqətini tələb etdiyini təsdiqləyirik".

Daha sonra Bəyannamədə bildirilir ki, Forum iştirakçıları insan potensialının elmi innovasiyaların təhsil sisteminə transformasiyası vasitəsilə inkişafının davamlı inkişaf proseslərinin təmin olunmasına yönəlmiş səylərin mərkəzində dayandığını, bu sahədə iş birliyinin möhkəmləndirilməsinin inkişafın vacib humanitar tərkib hissəsi olduğunu qəbul edirlər:

"Multikulturalizm sahəsində bir çox ölkələrin, о cümlədən Azərbaycanın uğurlarını etiraf edir və müxtəlif ölkələrin cəmiyyətdə konsensus əldə olunmasına yönəldilən dövlət siyasətinin əsas tərkib hissəsi kimi qazanılmış təcrübənin öyrənilməsini zəruri sayırıq; ksenofobiya, irqçilik və dözümsüzlüyün qarşısının alınması, eyni zamanda, tolerantlıq mədəniyyətinin formalaşdırılması məqsədilə multikulturalizm problemlərinin kütləvi informasiya vasitələrində işıqlandırılmasının vacibliyini xüsusi qeyd edirik; postmodern dövrdə milli özünüdərkin hər hansı təzahürünə qayğı və ehtiramla yanaşmanın, qarşılıqlı anlaşma və inam şəraitində dözümlülüyün, əməkdaşlıq və dialoqun sülhün və təhlükəsizliyin ən yaxşı təminatçısı olduğuna əminlik ifadə edirik; davamlı inkişaf prinsiplərinin tətbiqinin zəruriliyini vurğulayır, bütün dövlətləri ekoloji sivilizasiyanın tələblərinə cavab verən fəaliyyət və həyat tərzinin formalaşdırılmasına və istehlakın şüurlu yetərlilik səviyyəsində təmin olunmasına dəvət edirik; həyat keyfiyyətinin yüksəldilməsi və uzunömürlülüyün təmin edilməsi məqsədilə, həmçinin hazırda dünya miqyasında bu göstəricilərdə müşahidə olunan fərqlərin aradan qaldınlması üçün molekulyar biologiyanın və biotexnologiyanın nailiyyətlərinə əsaslanan texnologiyaların inkişafının zəruriliyini dərk edirik; mədəniyyətlərin dialoqunun gerçəkləşdirilməsi və tolerantlıq mühitinin formalaşdırılması məqsədilə beynəlxalq strukturları və müxtəlif humanitar təşkilatları mütəmadi olaraq forum, konfrans, diskussiya və dəyirmi masalar keçirməyə çağırırıq; bu qəbildən forumların hər il keçirilməsinin vacibliyini təsdiq edir, Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Hökumətinə, Heydər Əliyev Fonduna, Bakı Humanitar Forumunun bütün təşkilatçılarına Bakını cari ilin 31 oktyabr - 1 noyabr tarixlərində humanitar problemlər üzrə diskussiya mərkəzinə çevirən belə möhtəşəm aksiyanı təşkil etdiklərinə görə dərin təşəkkürümüzü bildiririk; beynəlxalq humanitar əməkdaşlığın təşkili və bu istiqamətdə effektli koordinasiyanın təmin edilməsi məqsədilə Bəyannamənin qəbul olunmasını və istifadəsini vacib hesab edirik".

Qeyd edək ki, oktyabrın 31-dən noyabrən 1-dək Heydər Əliyev Mərkəzində III Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. III Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 70-dən çox ölkəsindən rəsmi şəxslər, sabiq prezidentlər, tanınmış elm, mədəniyyət xadimləri, Nobel mükafatı laureatları iştirak ediblər.

İki gün davam edən Forumda səkkiz sahə üzrə "dəyirmi masa"lar təşkil edilib: "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları", "İqtisadi inkişafın humanitar aspektləri", "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi", "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında", "Postmodern dövrdə milli özünüdərk", "Davamlı inkişaf və ekoloji sivilizasiya", "Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə", "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri".

AzNews.az