- Köhnə - Cəmiyyət
- 5 Noyabr 2013 14:59
- 22 878
6 milyonluq tikinti qalmaqalında İbrahimbəyovun adı hallanır – Özəl
Tikinti şirkətlərində rast gəlinən bu faktlar adi hala çevrildikcə miqyası daha da böyüyür.
AzNews.az xəbər verir ki, qanunsuz əməlləri ilə özündən əvvəlki faktları kölgədə qoyan sahibkar Abbas Səfərovun fəaliyyəti saysız-hesabsız məhkəmə predmetinə və müxtəlif hüquq-mühafizə orqanlarında aparılan cinayət işlərinin araşdırma mövzusuna çevrilib.
"Kapitol" şirkətinin keçmiş təsisçisi barədə məhkəmə və cinayət işi materiallarında olan məsələlərdən biri də sənədlərin, möhürlərin və imzaların saxtalaşdırılmasıdır. Sahibkarın saxtakarlıqlarının üstünü isə onun ortağı, "Kapitol" şirkətinin keçmiş direktoru Elmar Hacıyev açmağa çalışır.
AzNews.az-a açıqlamasında E.Hacıyev bildirib ki, A.Səfərovun həyata keçirdiyi qanunsuz maliyyə əməliyyatları barədə məlumat alması ikinci ilə işgüzar münasibətlərini dayandırması ilə nəticələnib. Bu isə ona baha başa gəlib. Belə ki, ortağı və şirkətin təsisçisi olan A.Səfərov öz "əlaqələrindən" istifadə edərək, onu həbs etdirib.
İmzalar necə saxtalaşdırıldı?
Elmar Hacıyevin sözlərinə görə, onunla bağlı saxtakarlıq A.Səfərovun ortağına aid əmlakı öznünküləşdirmək və yaxın adamlarının adına rəsmiləşdirməklə başlayıb. Ortaqlıq dövründə şirkətin alğı-satqısını və borclarını şəxsi vəsaiti hesabına ödəyən E.Hacıyevin həbsindən sonra onun payına düşən bir neçə mənzil A.Səfərovla o dövrdə birgə nikahda olan arvadının əmlakı kimi qeydiyyata salınıb. Bütün sənədləşmələrin tarixi dəyişdirilərək E.Hacıyevin azadlıqda olduğu və direktor vəzifəsində çalışdığı dövrə aid edilib. Saxtakarlıqlar bununla bitməyib. Bu və digər saxtakarlıqların üstü yalnız məhkəmə prosesləri başlayandan sonra açılmağa başlayıb:
"Özümə məxsus əmlaka qarşı yönələn cinayət əməlləri ilə bağlı Bakı şəhəri Nizami rayon prokurorluğuna 2012-ci ildə, hələ mən həbsdəykən müraciət edilib. Həmin müraciət "Eleqant-M" MMC-nin iştirakçılığından (təsisçiliyindən) çıxmağımla əlaqədar adıçəkilən MMC-nin nizamnamə kapitalındakı payımın da, "Kapitol" MMC-nin adından banka ödədiyim 104.5923 ABŞ dollar məbləğində kredit ödənişini tələb etmək məqsədi ilə olub. Mənə ödəniləcək həmin vəsaitin qarşılığında isə MMC-nin mülkiyyətində olan daşınar və daşınmaz əmlakların siyahısının göstərilməsi, həmin əmlaklara iddiaçının mülkiyyət hüququnun qeydə alınması tələb edilib".
Məhkəmə baxışı zamanı "Kapitol" MMC də qarşılıqlı iddia ilə çıxış edib. Həmin iddiada firmaya verilmiş daşınmaz əmlakın "Eleqant-M" MMC və "Kapitol" MMC arasında bağlanmış barışıq sazişləri əsasında ikincinin balansına keçdiyi üçün məhkəmədən "Kapitol"un mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş edib.
Tələbini əsaslandırmaq üçün isə "Eleqant-M" MMC ilə "Kapitol" arasında 2006-cı ildə bağlanmış podrat müqaviləsi işlərin təhvil-təslimi barədə aktı təqdim edib. Lakin, məhkəmənin təyin etdiyi məhkəmə-xətşünaslıq ekspertizasının rəyləri nəticəsində müəyyən edilib ki, həmin sənədlərdə Elmar Hacıyevə məxsus imzalar saxtalaşdırılıb.
Saxtakarlıq izi Bundan başqa, bir sıra təhvil-təslim aktlarında da saxtakarlıq izi aşkar olunub. Elmar Hacıyevin "Kapitol" firmasının direktoru olduğu dövrə aid sənədlərdə müəssisənin rəhbəri kimi Abbas Səfərovun imzalarına rast gəlinib. Halbuki, bu, mülki qanunvericiliyə tam zidd və qanunsuzdur. İş üzrə keçirilmiş audit yoxlamasının aktına əsasən, qeyd edilən saxta müqavilələrdə və aktlarda əks olunmuş əməliyyatlar "Eleqant-M" MMC-nin müvafiq dövrünə aid maliyyə hesabatlarında əksini tapmayıb.
Bu cinayət əməlləri nəticəsində Abbas Səfərov Elmar Hacıyevə məxsus "Eleqant-M" MMC-nin əmlakını "Kapitol" firmasının adına keçirərək, dəyəri bir milyon beş yüz min manatdan artıq olan əmlakı mənimsəyib. Tarixi dəyişdirilən qərarlar E.Hacıyevin imzasını saxtalaşdırmaqla özünü 2006-cı ildən "Kapitol" firmasının kommersiya müdiri elan edib. Bu vəzifədə tarixlərinə də "əl gəzdirməklə" bir sıra satışlar həyata keçirib. Halbuki 2006-2007-ci illərdə Abbas Səfərovun bu vəzifədə çalışmadığı Dövlət Sosial Müdafiə Fondunun arayışından da görünür.
Bu məqsədlə Nəsimi rayon Polis İdarəsinin qərarı ilə məhkəmə-xətşünaslıq ekspertizası keçirilib və adıçəkilən əmrdə Elmar Hacıyevin imzasının saxtalaşdırıldığı sübuta yetirilib. Tarixlərin dəyişdirilməsi şirkətin Xəzinə kitabının tərtibində də aşkar olunub. Belə ki, geriyə tarixlə tərtib edilən xəzinə kitabında "rəhbərin imzası" qrafasındakı imzanın Abbas Səfərova məxsus olduğu aşkar edilib. Halbuki həmin dövrdə müəssisənin qanuni nümayəndəsi və rəhbəri Elmar Hacıyev olub.
Xəzinə kitabında qeyd edilən kassa mədaxil orderləri də əslində olduğundan əvvəlki tarixlərə, yəni 2007-ci il üçün tərtib edilib. Həmin qəbzlər ciddi hesabat blankları olaraq, Caspian Supplies şirkətində çap edilib: "Caspian Supplies şirkəti 09.02.2008-ci il tarixdə yaranıb. Ciddi hesabat blanklarının çapı üçün lisenziya 2008-ci ilin mayında alınıb. Beləliklə 2007-ci ildə Caspian Supplies şirkəti olmayıb, qəbzlər 2008-də alınıb. Səbəb isə aydındı: Yeyintini mənim boynuma qoyub vergidən yayınmaq. A.Səfərovun 230 000 manat vergi borcu var. Mənim məhkəmə hökmünə əsasən ödədiyim vəsaitdən də vergi ödənməlidir. Ancaq ödənilməyib".
3 möhürlü şirkət -Kapitol MTK
""Kapitol" MTK-da bütün satılan əmlaklara dair sənədləri Abbas Səfərovun yerinə başqa işçilər imzalayıb. Belə ki, şirkətin "qaranlıq işləri" Natalya Şum və Fuad adlı şəxslərin imzası ilə görülüb. Ekspertiza ilə bu hal sübuta yetirilib. imza mənə məxsus deyil. Kapitol MTK-nın 3 növ möhürü var. Hər dəfə bir növ möhürdən istifadə edilir. Hazırda Ali məhkəmədə və Bakı Apelyasiya Məhkəməsində müvafiq mülki və inzibati işlərə baxılır".
E.Hacıyev onu da qeyd edib ki, mənzillərin bir neçə nəfərə satılması ilə bağlı faktlar həm məhkəmə, həm də prokurorluqda araşdırılır. Bəzi evlərlə bağlı Nəsimi məhkəməsi xüsusi qərardad çıxarıb. Hazırda bir evin ikiqat satışı ilə bağlı Bakı şəhər Prokurorluğunda təhqiqat gedir. Daha bir araşdırma isə A.Səfərovun keçmiş qayınatasına məxsus evin 2 dəfə satışı ilə bağlı aparılır. Abbas Səfərov 5 saylı Dövlət Notariat Kontoru və 11 saylı Ərazi Vergi İdarəsi ilə də qanunsuz əlaqəyə girib. Bu əlaqə ona Elmar Hacıyevin xəbəri olmadan onun payı olduğu birgə mülkiyyətə dair payların alğı-satqısını həyata keçirməyə imkan yaradıb: "Nəticədə 6 mərtəbəli otel 400 manata satılıb. Necə satıldığı Baş Prokurorluqda aparılan araşdırmanın sonunda ortaya çıxacaq".
Dələduzluq yolu ilə əldə olunan pullar hara gedir?
E.Hacıyev iddia edir ki, A.Səfərovun Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun ailəsi ilə yaxın dostluq münasibəti var.
O fikrini belə əsaslandırır:
"Rüstəm İbrahimbəyovun gəlininə 2010-cu ildə təcili pul lazım olan zaman o, yardım üçün məhz Abbas Səfərova müraciət edib. Milli Şura sədri Rüstəm İbrahimbəyovun adıçəkilən ailə üzvünün "StandartBank" ASC-dən külli miqdarda götürdüyü kreditə də məhz Abbas Səfərov zamin durub. Bu ilin yay aylarında isə Abbas Səfərovla Rüstəm İbrahimbəyov Avropada olublar. A.Səfərovun yaxın qohumları da aktiv siyasi fəaliyyət göstərirlər. Belə ki, anası və dayısının vaxtilə Rəsul Quliyevin partiyasının fəal təəssübkeşləri olması barədə də məlumatlar var".
Elmar Hacıyev iddia edir ki, Abbas Səfərov ona 6 milyon manata yaxın ziyan vurub.
Qeyd edək ki, Elmar Hacıyevin ittiham etdiyi Abbas Səfərovun da fikirlərini öyrənmək üçün əlaqə yaratmaq cəhdimiz baş tutmadı.
Ruhiyyə
AzNews.az