“Yox” deməklə deyil ki...

25 noyabr Ümümdünya Qadınlara qarşı Zorakılıqla mübarizə günüdür. Hər yerdə "Qadınlara qarşı zorakılığa "YOX"deyək" şüarları var. Səslənməsi belə bizim ölkədə olanların fonunda o qədər qeyri-səmimdir ki...

Təbii könül istərdi ki, bir gün yox, hər gün qadınlara qarşı zorakılığa yox deyəydik, onunla mübarziə aparaydıq. Amma yox deməklə deyil ki....

Bir çox saytlar sadəcə qadınlara qarşı zorakılığın təbliğatını aparırlar. Ölkədə erkən nikahların, qızların təhsildən yayınmasının, az yaşında məcburi hicab bağladılmasının, ailə içi şiddətə məruz qalan və ya ailə üzvlərinin cinayətinə qurban gedən qadınların sayı hər gün artır.

Statistik rəqəmləri bir-bir açıqlamaq istəmirəm. Bu bir araşdırma deyil, köşə yazısıdır. Əslində içimdəki yanğıdan, üzüntüdən gələn bir yazı...

Səhər Pan Qi Munun müraciətini oxudum. Ənənəvi 25 noyabr müraciətlərindən fərqlənirdi BMT-nin Baş Katibinin bu günkü sözləri...

"Dünyada hər 3 qadndan biri zorakılığa məruz qalır", "Mən bu sahədə qanun qəbul edən, onların tətbiqinə nail olan və mentaliteti dəyişən liderləri alqışlayıram", "Qadınlara və qızlara qarşı zorakılıq ayrı ayrı şəxslərə qarşı yox, bütün insanlığın təbiətinə zərbə vurur"...

Cümlənin hər biri ayrı bir köşə yazısı mövzusudur.

"Dünyada hər 3 qadndan biri zorakılığa məruz qalır".

Dünyada...Bəs Azərbaycanda? İddia edirəm, Azərbaycanda hər qadın həyatında bir dəfə də olsa zorakılığa məruz qalır ki, bunu bir dəfə ilə məhdudlaşdırmaq mümkün deyil... Biz ailədə, işdə, nəqliyyatda, hətta ictimai yerlərdə belə qarşılaşırıq bu zorakılıq halları ilə. Məgər hər gün televizyalarda qadın talelərini müzakirəyə çıxararaq bizim əsəblərimizə və mənəviyyatımıza təzyiq edən hər kəs zorakılıq etmirmi?!

Adi maşın sürən qadınlar sükan arxasında başqa maşından baxan kişinin eybəcər baxışları ilə taciz edilmirmi? Öz iş yerimizdə karyera pulləkənində kişilərlə işləmək asandır deyə eyni vəzifəyə 2- qadın və kişi namizəddən həmişə ikincisinə üstünlük verilmirmi? Ailələrimizdə qardaşlarımız qədər səs və söz hüququmuz varmı? Selektiv abortlara görə hər il doğulan qız uşaqlarının sayı azalmırmı? Saymaqla bitməz...

"Qadınlara və qızlara qarşı zorakılıq ayrı ayrı şəxslərə qarşı yox, bütün insanlığın təbiətinə zərbə vurur- deyir Pan Qi Mun...

Razılaşmamaq əldə deyil. Bu günlərdə bir xəbər öyrəndim. Əri qadını it damına zəncirləyərək hər gün döyürmüş. Hal-hazırda qadın sığınacağının himayəsində olan o, qadının psixikası heç vaxt düzəlməyəcək, əmin olun. Bu xəbərlər o qədərdir ki... Hər gün "əri tərəfindən baltalandı", "Əri arvadının qulağını, burnunu kəsdi" deyə xəbələr oxuyuruq.

Mən xatırladığım faktların hamısnı sadalamaq istəmirəm. Əminəm ki, sizdə mənim kimi bu xəbərlərdən rahatsızsınız. Amma dəqiq bilirəm ki, bu zorakılıq xəbələri çoxalacaq. Çünki bununla mübarizə yetərincə deyil.

"Mən zorakılıq sahəsində qanun qəbul edən, onların tətbiqinə nail olan və mentaliteti dəyişən liderləri alqışlayıram"

Pan Qi Mun üçün bunu demək asandır. Bu ölkədə Cənubi Azərbaycan məsələsi belə bütün siyasətçilərin çıxışlarında spekulyasiya mövzusu oldu. Amma bu ölkənin vətəndaşları olan qadınların hansı zorakılığa məruz qalması, bu zorakılıa son qoymaq üçün mübarizə aparılması həmin siyasətçilərin çxışlarına populyarlıq qazanmadı.

Çünki kişi mərkəzli düşünən o siyasətçilər özləri də, davamlı, ya da sadəcə birdəfəlik də olsa qadına zorakılığın iştirakçısı olublar. Bəlkə də axtarsan onların çoxunun həyat yoldaşları işləmək hüququndan məhrumdular, ailədə neçə uşağın olmasına belə kişilər qərar verir bu məmləkətdə. Elə ona görə də öz qalalarına müdaxilə olunmasın deyə, başqa ailələrin, başqa qadınların da problemlərini yetərincə qabartmırlar...

Bu gün ürəyimdə Qadın var... Vəsfinə doymadığım anam, bacım, dünyaya sadəcə gözəllik gətirən neçə-neçə rəfiqəm, cəmiyyətimizi, ömrümüzü gözəlləşdirən qadınlar...

P.S. Sonda bütün kişiləri qadınlara qarşı zorakılıq halları ilə mübarizəyə diqqətli olmalarına səsləmək üçün Nazim Hikmətdən bir şeir əlavə edirəm. Bəlkə bu onların vicdanına xitab edə, incitməyələr qadınları. Axı gələcyin beşiyi qadınların qucağındadır, döyülüb söyülmüş qadının qucağından necə bir gələcək yetişə bilər ki?!

Kadın

Kimi der ki

kadın uzun kış gecelerinde yatmak içindir.

Kimi der ki

kadın yeşil bir harman yerinde dokuz zilli köçek gibi oynatmak içindir.

Kimi der ki

ayâlimdir, boynumda taşıdığım vebâlimdir.

Kimi der ki hamur yoğuran.

Kimi der ki çocuk doğuran.

Ne o, ne bu, ne döşek, ne köçek, ne ayâl ne vebâl.

O benim kollarım, bacaklarım, başımdır.

Yavrum, annem, karım, kız kardeşim, hayat arkadaşımdır.

AzNews.az