“Mən ali təhsil almamışam və bunun acısını çox çəkmisəm” “Mən ali təhsil almamışam və bunun acısını çox çəkmisəm”

700 bal toplayan Nərgizin anası AzNews.az-a danışdı

“Mən ali təhsil almamışam və bunun acısını çox çəkmisəm”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-2013-cü illər üçün ali məktəblərdə təhsil alacaq abituriyentləri imtahandan keçirdi. Hazırda ixtisas seçimi prosesi gedir. İmtahan prosesinə qədərki həyacanı sevinclə əvəzlənənlər indi arzuladıqları ixtisasa düşmələri narahatçılığını yaşayırlar. Yüksək bal toplayanların isə belə bir əndişəsi yoxdur.

İmtahana qədərki mərhələdə abituriyentlərlə bərabər az həyacan keçirməyən valideyinlərə gəlincə, yüksək nəticə göstərənlərin valideyinlərinin sevincinin başqa yeri var. 700 bal toplayan Nərgiz Məzahirqızının anası Kəmalə Sərkərova da bu gün ən çox sevinənlərdəndir:


-Maddi, mənəvi dəstəklə yanaşı, həm də bir valideyin kimi əməyiniz az olmayıb. Nərgizin qələbəsi bilavasitə sizin uğurunuzdur…

-Hesab etmirəm ki, mənim əməyim o qədər də yüksək olub. Əsasən müəllimlərinin və özünün rolu böyükdür. Nərgiz çox oxuyurdu. Ona sərf etdiyim vəsaiti də əlavə xərc saymıram. Əgər yaxşı nəticə göstərməsəydi, o zaman əlavə vaxt və vəsait itkisi sayardım. İndi heç düşünmürəm də ki, mən ona vəsait xərcləmişəm.

-Övladınızın təhsilli olmasına maddi, yoxsa ki, cəmiyyətə layiqli olması baxımdan zərurət duymusunuz?

-Savadlı, təhsilli insanlara həmişə ehtiyac duyulub. Düzdür, əvvəlcə uşağın özünü düşünmüşəm, istəmişəm ki, oxuyub savadlı olsun. Savadlı, təhsilli insanlar cəmiyyətimizə daha çox yararlı olurlar.

-Cəmiyyətə layiqli vətəndaş yetişdirdiyinizə əminsiniz?

-Bu mənada özümdən o qədər də razı deyiləm. Amma bacardığım qədər nəsə aşılaya bilmişəm. Nərgizin özündən böyük və özündən kiçik iki qardaşı da var. Onlar da savadlıdır. Artıq hiss edirəm ki, Nərgizin qələbəsi onlara təsir göstərib. Qardaşları Nərgizin nəticəsindən fəxarət keçirirlər. Mənim kimi hər bir valideynin zəhmətinin hədər getməməsini istəyirəm. Son illər daha çox valideynin övladlarının oxumasına çalışması hiss olunur. Görünür, zəmanə valideyinlərdən övladlarinin təhsil almasına diqqətli olmağı tələb edir. Mən ali təhsil almamışam. Təhsilsizliyin acısını da az çəkməmişəm. Ona görə də uşaqların çox oxumalarını, təhsilli olmalarını çox istəmişəm.


Gültən

AzNews.az