Cəmil Həsənli Milli Şuranın sədri seçildi: fəxri sədr isə İbrahimbəyov oldu

Demokratik Qüvvələrin Milli Şurasının sessiyası yekunlaşıb.

AzNews.az-ın məlumatına görə, sessiyada Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun istefa ərizəsi müsbət dəyərləndirilərək qəbul olunub.

Sessiyada qurumun sədri vəzifəsinə Cəmil Həsənli seçilib. Bundan başqa Milli Şuranın fəxri sədr postu ilə bağlı müzakirələr keçirilib.
Səsvermədən əvvəl cixiş edən Müsavat Partiyasının başqanı İsa Qəmbər fəxri sədr postunun yaradılmasına və Rüstəm İbrahimbəyovun bu vəzifəyə seçilməsinə ciddi etiraz edib.

O bildirib ki, R.İbrahimbəyov fəxri sədr seçilərsə partiyanın Milli Şura ilə bağlı mövqeyinə yenidən baxıla bilər: "Başqa bir dövlətin vətəndaşının sədr olduğu təşkilatın üzvü olmaq Müsavat Partiyası üçün məqbul deyil. Əgər əksəriyyət Rüstəm İbrahimbəyovun fəxri sədrliyinə səs verəcəksə, biz Milli Şurada təmsil olunan dostlarla vəziyyəti bir daha ciddi qiymətləndirməli olacağıq".

"El" Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev isə deyib ki, ədalət hissi siyasi maraqlardan üstün olmalıdır: "Rüstəm İbrahimbəyova təzyiq olmasaydı, hazırda onun birinci müraciəti - həmsədrlik məsələsi müzakirə olunardı. Amma onu da başa düşürəm ki, artıq o məsələnin yeri deyil. Rüstəm Ibrahimbəyovun xidmətlərinə barmaqarası yanaşmaq olmaz".

Müzakirələrdən sonra keçirilən açıq səsvermədə fəxri sədr vəzifəsinin yaradılması məqabul sayılıb. Bu vəzifəyə isə Rüstəm İbrahimbəyovun namizədliyi dəstəklənib.

Səsvermədə Musavat Partiyasından olan Şura üzvləri iştirak etməyib.

AzNews.az