“Prezidentə hər gün teleqram vuracam” - Hərbçi

AzNews.az 17 il cəbhədə xidmət edən hərbçinin mənzilinin əlindən alınması barədə məqalə yayımladıqdan sonra məqalədə adı çəkilən zabit Abdullayev Cavid Binyət oğlu daha bir fırıldaqla üzləşib.


Belə ki, 2010-cu ildə "Əzizbəy KM" MMC-dən Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, məhəllə 2347-48, mənzil 117 ünvanında aldığı mənzilin 3 il sonra başqa şəxsə satılması barədə xəbər mətbuatda yayıldıqdan sonra zabitə başqa mənzil təklif olunub.

Ancaq araşdırma zamanı yeni təklif edilən mənzilin də əslində daha əvvəl başqa şəxsə satıldığı aşkarlanıb. Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən Cavid Abdullayevin sözlərinə görə, "Əzizbəyov KM" MMC-nin rəhbəri Azad Həsənovla görüşüb:

"Bir görüşdə bir daha ona mənzilin bütün dəyərini ödədiyimi, ailəmin kirayədə yaşadığını və məsələ ilə bağlı Ali Baş Komandana müraciət edəcəyimi bildirdim. Mənə tikilməkdə olan başqa bir binada mənzil təklif olundu. Lakin dəqiqləşdirmə zamanı həmin mənzilin də başqa bir şəxsə satıldığı və bunun növbəti fırıldaq olduğu akarlandı".

Bütün bu baş verənlərdən sonra çıxış yolunu ancaq Ali Baş Komandan İlham Əliyevə müraciət etməkdə görən zabitin sözlərinə görə, müraciətinə baxılana qədər hər gün Ali Baş Komandana teleqram göndərəcək.

Qeyd edək ki, məsələ hazırda Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılır. İdarənin işi aparan müstəntiqi Elxan Əbdülrəhimov AzNews.az-a açıqlamasında mübahisəli mənzildə ikinci şəxs tərəfindən aparılan təmir işlərini dayandırılacağını bildirib:

"Mənzil mübahisəlidir və araşdırma aparılır. Buna görə də biz "Əzizbəy KM" MMC-nin rəhbərliyinə mənzildə təmir işlərini dayandırlması barədə tapşırıq vermişik".

Ancaq tapşırığa baxmayaraq mənzildə təmir işləri davam edir.

AzNews.az-a açıqlamasında "Əzizbəyov KM" MMC-nin direktoru Azad Həsənov Korrupsiyaya qarşı Mübarizə İdarəsinin göstərişinin yerinə yetirilməməsinin səbəblərinə aydınlıq gətirməyib. Mənzilin birinci sahibini məhkəməyə verdiklərini deyən A.Həsənov digər sualları cavablandırmaq üçün zaman istəsə də, daha sonra telefonlara cavab verməyib.

Mənzilin birinci sahibi Cavid Abdullayev isə bildirib ki, mənzildə hətta gecələr də təmir işləri aparılır: "Əzizbəy KM" MMC-nin direktoru Azad Həsənovun Azərbaycan Respublikasının Baş Prokurorluğunun göstərişlərinə məhəl qoymamasının səbəbləri maraqlıdır.

Ancaq mən zəhmət bahasına aldığım mənzilin məndən fırıldaqçılıq yolu ilə alınmasına imkan verməyəcəyəm. Ümid edirəm ki, Ali baş Komandana müraciətimdən sonra məsələ həllini tapacaq".

Elnarə Əlosmanqızı
AzNews.az