İTV-dən uzaqlaşdırılanlar Prezidentə müraciət edəcək – Özəl

Cəmil Quliyevin İTV-yə direktor seçilməsindən sonra işdən uzaqlaşdırılan telekanal əməkdaşları Prezident İlham Əliyevə müraciət edəcək.


AzNews.az xəbər verir ki, müraciətdə İTV-də son zaman baş verən proseslər, əməkdaşların kütləvi şəkildə işdən uzaqlaşdırılması barədə ölkə başçısına ətrtaflı məlumat vermək nəzərdə tutulur.

Ölkə başçısının reaksiyasına ümid edən köhnə İTV-çilərə hazırda telekanalda fəaliyyətini davam etdirən, ancaq müəyyən müddət sonra işdən çıxarılma təhlükəsi ilə üzləşəcəkləri ehtimalı olan bir neçə nəfər də qoşulacaq. Belə ki, hazırda telekanalda işləməyə davam edən həmin şəxslərlə 3 aylıq müqavilə imzalanıb.

Bu isə işdən azad edilmələrin 3 ay sonra yenidən davam etdircəyini istisna etmir. İsmayıl Ömərovun komandasından qalan az sayda əməkdaşla bərabər işə yeni qəbul edilənlərlə də 1 illik yox, 3 aylıq əmək müqaviləsinin imzalanması bu versiyanı daha da gücləndirir.

Buna görə də hazırda telekanalda çalışan əməkdaşlar 3 ay sonra onları gözləyən aqibətdən xilas olmaq üçün Prezidentə ünvanlanan müraciətə qoşulmaq niyyətlərini bəyan ediblər.

Qeyd edək ki, ölkə rəhbərinə müraciətin göndərilməsi dekabrın 3-də əməkdaşların kütləvi şəkildə işdən azad edilməsindən sonra qərara alınıb.

Belə ki,son zamanlar televiziyanın İTV sədrinin ictimai-siyasi məsələlər üzrə direktor müavini Oqtay Bayramov, ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tahir Məmmədov, ictimaiyyətlə əlaqələr departamentini müdir müavini Pərvanə Süleymanova, analitik proqramlar departamentinin direktoru Füzuli İsmayılov, həmçinin bu ilin sentyabrına kimi İTV-nin informasiya departamentinin direktoru olmuş və daha sonra vəzifəsi aşağı salınaraq şərhçi kimi fəaliyyət göstərən İlham Sərxanlı, "Carçı-film" Yaradıcılıq Birliyində müavin Qərənfil Xəlilova, İTV-nin Türkiyə müxbiri Rəhimə Mirzəyeva, operator Dilqəm Mirzəyev, "Carçı-film" Yaradıcılıq Birliyinin böyük redaktoru Anar Məmmədov, telekanalın Aran bölgəsi üzrə müxbiri Əminə Rəhimova, Gəncə müxbiri Vaqif Tanrıverdiyev işdən kənarlaşdırılıb.

Azər
AzNews.az