Yaqub Mahmudovla Fəridə Məmmədovanın davası - VİDEO

Əslində tərəflər arasında insident hələ 2005-ci ilin sentyabrından başlayıb. O vaxtdan ki, Fəridə Məmmədovanın mübahisəli kitabı işıq üzü görüb və kitabdakı tezislər Tarix institutunun direktoru Yaqub Mahmudovu razı salmayıb.

Söhbət Qafqaz Albaniyası və albanlar kitabından gedir ki, orada müəlilf böyük Ermənistan və onun xəritəsini cızmaqla əslində bir çox məsələləri böyük bir sual altına alıb. Üstəgəl, mübahisəli kitabın harda nəşr olunması da onun tərəf müqabillərini maraqlandıran məsələlərdən olub. Sonradan kitabın müzakirəsi başlayıb, bildirilib ki, Fəridə Məmmədovanın məqsədi ermənilərin mənşəyini qədim şərq tarixinə bağlamaq cəhdindən başqa bir şey deyil. Bundan sonra Fəridə Məmmədovanın ayağı Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun binasından kəsilib.

Bu boş stula verilən 255 manat Fəridə xanımın yarımştat maaşıdır. İnstitutun direktoru Yaqub Mahmudov deyir ki, 8 ildə Fəridə Məmmədova nə əmək müqaviləsinə imza atır, nə də ki, ililk hesabatları verir. Amma institut rəhbərini bundan da çox yandıran kolleqasının mətbuata verdiyi müsahibədir. O müsahibə ki, Fəridə Məmmədova Yaqub Mahmudovu intriqaların başında duran şəxs adlandırıb və köhnə söhbətləri təzələyib. Yaqub Mahmudov isə düşünür ki, bu təsadüfi deyil. Onun 75 ililyinə hazırlanan sürprizdir. Hansı ki, daha yuxarı səviyyədə təşkil olunduğundan əmindir. O, həmçinin əmindir ki, Fəridə Məmmədovanın yazdığı kitab məhz ermənilərin dəyirmanına su tökmək mahiyyəti daşıyır.

Eyni sualı biz də Fəridə Məmmədovaya, "Qafqaz Albaniyası və albanlar" kitabının müəllifinə veridk. Tarixçi alimin sözlərinə görə, ermənilərin Qafqazda hansısa dövlətə sahib olması ilə bağlı onun hər hansı mülahizəsi olmayıb. Sadəcə, bu kitab ona təkcə populyarlıq yox, həm də akademik adı qazandıracaqdı ki, bu Yaqub Mahmudova və onun himayədarlarına sərf etmədi. Ona görə də, belə bir məzhəkə düzəltdilər.

Müsahibim deyir ki, xəritədə bənövşəyi rənglə cızdığı detal əslində ermənilərin Qafqazda kökünün olmadığına işarədir. Onun fikrincə, bunu Yaqub Mahmudov da bilməmiş deyil. Fəridə Məmmədova 8 ildə tarix İnstitutuna ayaq basmamasını da Yaqub Mahmudovdan görür. Hesab edir ki, ona təzyiqlər olmasa, iş yerinə gedər.

Tarixçilərin tarixdə qalmaq şansı başqalarından daha çox olur deyirlər. Arzu edək ki, bizim tarixçilərimiz də yazdıqları ilə tarixdə qalsınlar. İntriqaları ilə deyil.




AzNews.az