Paytaxt sakinlərindən “surroqat ana” SORĞUSU


Bir neçə illik müzakirələrdən sonra Milli Məclis Azərbaycanda surroqat analığa qadağa qoyub.

Millət vəkilləri hesab edirlər ki, bu prosedur mentalitetə, dini-mənəvi dəyərlərə ziddir və hələlik cəmiyyət uşaqların bu yolla dünyaya gəlməsinə hazır deyil.

"Rəy" Monitorinq Mərkəzi payataxt sakinlərinin surroqat analıqla bağlı rəyini öyrənmək üçün "omnibus" tipli ictimai rəy sorğusu keçirib.

AzNews.az xəbər verir ki, sorğu zamanı paytaxt sakinlərinə iki sualla müraciət olunub:

"Surroqat anaların xidmətindən istifadə yolveriləndirmi?" və "Bu prosedur insan təbiəti və mənəviyyatına zidd deyil ki?"

Məlum olub ki, ictimai şüur surroqat analığı tam rədd etmir. Baxışlar təxminən yarıbayarı bölünür. Sorğu iştirakçılarının yalnız üçdə biri (35,4%) surroqat analığa birmənalı olaraq "yox" deyir. Bir o qədər respondent isə bunu bəzi şərtlərlə mümkün sayır. Onlardan 14%-i bu prosedurun təkcə dindarlar üçün yolverilməz olduğunu deyir.

20,9%-i isə bunu yalnız müstəsna hallarda mümkün sayır. Bu zaman hər 10 nəfərdən birinin surroqat analığa heç bir etirazı yoxdur, 6 nəfərdən biri isə sualı cavablandırmaqda çətinlik çəkib.

Gözlənildiyi kimi, dindarlar və yaşı 50-ni ötmüş insanların çoxu bu yolla dünyaya övlad gətirilməsinə mənfi yanaşırlar. Dindarların 67%-i, yaşlı insanların isə 62%-I bunun əleyhinə çıxıblar.

Maraqlı bir məqam:

surroqat analığa nisbətən müsbət yanaşanlar əsasən bir neçə (üçdən çox) uşaq dünyaya gətirmək istəyən qadınlardır. Ümumi yanaşmaya gəldikdə isə, heç də bütün cəmiyyət surroqat analığı anormal bir hal kimi qəbul etmir.

İlk dəfə 1980-ci ildə sınaqdan çıxarılmış surroqat analıq üsuluna Azərbaycanda hələ nadir hallardan rast gəlinir və bu başadüşüləndir.

"İnsanlar bu üsula ən son zərurət kimi, bütün imkanlardan istifadə etdikdən sonra müraciət edirlər. Və bu bahalı prosedurun həyata keçirilməsinə heç də ehtiyacı olan hər kəsin imkanı çatmır. Onu da unutmaq olmaz ki, Azərbaycanda hələ də insanlar yanlış olaraq doğum səviyyəsinin qaydasında olduğunu düşünür. Bu səbəbdən, dünyaya övlad gətirməyin bu yolunun real və geniş yayılmış bir üsul kimi qiymətləndiriləcəyinə ümid etmək çətindir.

Buna baxmayaraq, bizim cəmiyyətin surroqat analığı ümumiyyətlə qəbul etmədiyini demək də doğru olmazdı. Çətin ki, qanunvericilikdəki qadağa surroqat analığı dünyaya övlad gətirmək üçün yeganə şans sayan və buna yetərincə maliyyə imkanı olan insanların qarşısını alsın" deyə təşkilatın sorğusunda bildirilir.

Elnarə
AzNews.az