Azad Rəhimov ABŞ-a gedir

Martın 20-dən etibarən gənclər və idman naziri Azad Rəhimovun ABŞ-a rəsmi səfəri başlayır.

AzNews.az-ın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfərin əsas məqsədi bu ilin 28-30 oktyabr tarixlərində Bakıda Gənclər və İdman Nazirliyi, BMT Baş katibinin Gənclər üzrə Elçisi, UNESCO, Avropa Şurası, BMT-nin İctimaiyyətlə Əlaqələr şöbəsi ilə birlikdə keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Forumuna ikinci hazırlıq toplantısında iştirak etməkdir. Səfər çərçivəsində nazir A.Rəhimovun Qlobal Forumun Bakıda keçirilməsinə dəstək göstərən və özünün 5 illik prioritetlərində gənclərlə işi xüsusi vurğulayan BMT-nin Baş katibi Ban Ki-Muna rəsmi dəvət məktubunu təqdim etməsi də nəzərdə tutulub.

24-26 mart tarixlərində Azad Rəhimovun BMT Baş katibinin Gənclər üzrə Elçisinin ofisi tərəfindən ABŞ-ın aparıcı universitetlərindən biri olan Kolumbiya Universitetində "Gənclərin qeyri-bərabərliyi və marqinallaşmasının daha yaxşı anlamına doğru" mövzusunda təşkil edilmiş Konfransda çıxışı da nəzərdə tutulub.

Eyni zamanda səfər zamanı nazirin BMT-nin İnkişaf Proqramının Administrasiyası rəhbəri xanım Helen Klark, BMT Baş katibinin Məlumat və İctimai əlaqələr üzrə nümayəndəsi cənab Piter Launski-Tiffental və digər şəxslərlə rəsmi görüşlər keçirəcəyi planlaşdırılıb.

BMT Baş katibinin Gənclər üzrə Elçisi cənab Əhməd Əlhəndəvi ilə görüş zamanı Azərbaycan respublikası Gənclər və İdman nazirliyi və BMT-nin Azərbaycan Respublikasinin Gənclər və İdman Nazirliyi ilə BMT Baş katibinin Gənclər üzrə Elçisinin ofisi arasında Anlaşma Memorandumunun imzalanacağı nəzərdə tutulub.

AzNews.az