İsmayıl Ömərova qarşı iddialara sərt reaksiya

Beynəlxalq daşımaçılıqla məşğul olan "Blue Water Shipping Caspian Ltd" şirkətinin İctimai Televiziya və Radio Yayımları şirkətini məhkəməyə verdiyi barədə xəbər vermişdik. Məlumatda qeyd olunurdu ki, daşımaçılıq şirkəti "İctimai Televiziya və Radio Yayımları" şirkətindən gördüyü iş müqabilində pul tələb edir. Bu tələbə qarşılıq olaraq İTV-dən bildirilib ki, məhkəmə prosesinin indiki rəhbərliklə heç bir əlaqəsi yoxdur: "Bu hadisə 2012-ci ildə Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsi ilə bağlıdır. O zaman İTV üzərinə bəzi öhdəliklər götürüb. Ancaq bunu yerinə yetirməyib. Hazırda işə məhkəmədə baxılır. Məhkəmənin verəcəyi qərara əsasən işimizi görəcəyik". Məsələ ilə bağlı İTV-nin sabiq baş direktoru İsmayıl Ömərovla əlaqə yaratmaq cəhdimiz baş tutmadı.

İTV baş direktorunun sabiq müavini Çingiz Aslanov isə AzNews.az-ın suallarının bir qismini cavablandırıb:



- Çingiz müəllim, "Blue Water Shipping Caspian Ltd" şirkətinin İctimai Televiziya və Radio Yayımları şirkətini məhkəməyə verməsi barədə məlumatdan yəqin ki, xəbəriniz var. İTV-dən verilən açıqlamada məhkəmə prosesinin indiki rəhbərliklə heç bir əlaqəsi olmadiği, hadisənin 2012- ci ildə, yəni İsmayıl Ömərov baş direktor olarkən Bakıda keçirilən "Eurovison" mahnı müsabiqəsi ilə bağlı olduğu bildirilib. Deyilənlər həqiqətdirmi? Bu barədə nə deyə bilərsiz?

- Bu açıqlamanı verən rəsmi adam ola bilməz. Məhkəmə icraatına götürülən iş haqqında elə başdansovdu, ad familiyası bəlli olmayan, kiminsə sözlərinə açıqlama demək olmaz. Rəsmi açıqlamadırsa, İTV-nin öz saytında niyə yoxdur? Qaldı məsələnin mahiyyətinə, bunun nə təzə, nə köhnə rəhbərliyə heç bir aidiyyəti yoxdur.

- Bəs kimə aidiyyəti var?

- 2012-ci ildə Bakıda "Avroviziya" müsabiqəsini yüksək səviyyədə keçirmək üçün bütün təşkilati və hüquqi məsələləri tənzimləyəcək, maliyyə məsələlərinə cavabdeh olacaq ayrıca xüsusi bir İşçi Qrupu yaradılmışdı. O qrupun üzvləri təkcə İTV-nin işçilərindən ibarət deyildi. Nüfuzlu və hörmətli təşkilatların əməkdaşları da orda təmsil olunurdu. İşçi Qrupun özünün rəhbərliyi, ayrıca möhürü və ofisi vardı. Hesab edirəm ki, onlar da işlərinin öhdəsindən yüksək səviyyədə, peşəkarlıqla gəldilər, müsabiqə bitəndən sonra həm xarici, həm də daxili rəylər də bunu sübut etdi. Həmin qrupun rəhbəri hörmətli Adil Kərimlidir. Adil müəllim indi Heydər Əliyev Mərkəzinin direktor müavinidir. O, bu işlərə daha dəqiq aydınlıq gətirə bilər. Müsabiqə vaxtı biz İTV olaraq yalnız yaradıcılıq və yayım məsələləri ilə məşğul olmuşuq.

- Bəs niyə bu məsələdə İsmayıl Ömərovun adı hallanır?

- İsmayıl Ömərovun adı birinci dəfə deyil ki, hallandırılır. Bir ildir onun haqqında şər-şəbədə yazılır. Bu yazıların verilməsində məqsəd İsmayıl Ömərovu qıcıqlandırıb danışdırmaqdı. Onu tanıyanlar isə yaxşı bilir ki, bunlar əbəs cəhdlərdi.

- Fərqindəsinizmi sizin dedikləriniz əlavə suallar doğurur...

- Gəlin, məsələləri bir-birinə qarışdırmayaq. Konkret bu mövzunu soruşdunuz, mən də cavab verdim, əlavə heç nəyə ehtiyac yoxdur. Qalan məsələlər barədə lazım olsa, sonra danışarıq. Təşəkkür edirəm.

Azər
AzNews.az