“Şəffaflıq Azərbaycan” İctimai Birliyi boykot edilsin- TƏKLİF

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Transparency İnternational" təşkilatının Azərbaycandakı milli bölməsi olan "Şəffaflıq Azərbaycan" İctimai Birliyinin boykot edilməsi təklif olunub.

APA-nın məlumatına görə, cari məsələlərin müzakirəsi zamanı çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan parlamenti dövlətin ictimai-siyasi, qanunvericilik həyatında mühüm rol oynayır, amma bir sıra beynəlxalq təşkilatlar məqsədli olaraq buna kölgə salmağa çalışır, parlamentin nüfuzuna xələl gətirən materiallar dərc edirlər: "Parlament açıq, şəffaf orqandır. İstənilən məsələləri müzakirə etməyə hazırıq".

Ə.Hüseynli bildirib ki, "Şəffaflıq Azərbaycan" təşkilatının dərc etdiyi hesabat layihəsində parlamentə adi olan hissədə yalan, əsassız və böhtan dolu materiallar əksini tapıb: "Korrupsiyaya qarşı mübarizə məsələsində, bu yöndə qanunvericiliyin təkmilləşməsində bir çox milli QHT-lər yanaşı olmalıyıq. "Şəffaflıq Azərbaycan" təşkilatı bu qurumlardandır. Onlar hesabat verərkən bizim də rəyimizi almalı idilər. Ancaq təəssüflər olsun ki, onun rəhbəri Rəna Səfərəliyeva Azərbaycan dövlətçiliyi əleyhinə yönələn fəaliyyətlər ortaya qoyur. Məsələn, bu günlərdə Leyla Yunusun 100 minlərlə manat vəsaiti nağdlaşdırmasında Rəna Səfərəliyevanın özü də iştirak edib. Hesab edirəm ki, təşkilatın baş ofisi Azərbaycanda fəaliyyətini dayandırmalı və Azərbaycan parlamentinin nümayəndələri də onların tədbirlərində iştirak etməməlidir".

AzNews.az